Gürcüstandakı qərar Azərbaycanın maşın bazarını çalxalayacaq - Bahalaşma olacaq?
Məlumdur ki, azərbaycanlılar avtomobil almaq üçün əsasən Gürcüstana gedirlər. Çünki həm ölkəmizlə həmsərhəddir, həm də avtomobil qiymətləri nisbətən ucuzdur.
Amma bu tendensiya yaxın gələcəkdə dəyişə bilər.
Çünki Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib ki, parlamentə 6 ildən artıq yaşı olan avtomobillərin ölkəyə idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Onun sözlərinə görə, 2012-ci ildə Gürcüstanda 864 min avtomobil qeydiyyatda olduğu halda, hazırda bu rəqəm 2 milyonu keçib. Avtomobillərin sayındakı artım yol hərəkətinin yüklənməsinə və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur.
Maraqlıdır, Gürcüstanın tətbiq edəcəyi qadağa Azərbaycanın avtomobil bazarına necə təsir edəcək?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Day.Az-a açıqlamasında deyib ki, bu qərar Azərbaycanın avtomobil bazarına tam olmasa da, qismən təsir göstərəcək.
"Belə ki, ölkəmizdə istehsal tarixi 10 ildən çox olan avtomobillərin idxalına məhdudiyyət tətbiq edilir, lakin istehsal tarixi 6 ildən çox olan avtomobillərin idxalına icazə verilir. İdxal olunan avtomobillərin bir hissəsi isə Gürcüstan ərazisindən gətirilir. Buna görə də belə bir qərarın Azərbaycanın avtomobil bazarına müəyyən təsirləri qaçılmazdır. Nəticədə istehsal tarixi 6 ildən çox, lakin 10 ildən az olan avtomobillərin qiymətində müəyyən artım müşahidə oluna bilər."

Ekspert bildirib ki, bu qərardan sonra Azərbaycanda avtomobil alqı-satqısı ilə məşğul olan şirkətlər, yəqin ki, alternativ marşrutlar axtarmalı olacaqlar.
"Əgər Gürcüstanda yaşı 6 ildən çox olan avtomobillərə məhdudiyyət tətbiq edilərsə və gələcəkdə təkrar ixracla bağlı müəyyən problemlər yaranarsa, bu halda digər ölkələrin avtomobil bazarlarının araşdırılması zəruri olacaq."
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре