Azərbaycanlı aktrisa həyat yoldaşından danışdı: "Evə gec gəlməyimi qəbul etmir"

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Zemfira Əbdülsəmədovanın Milli.Az-a müsahibəsi.

- Zemfira xanım, 36 ildir ki, sənətdə və səhnədəsiniz. Bir çox bölgə və Bakıdakı teatrlarda çalışmısınız, film və seriallara çəkilmisiniz. Sizə bu sənətlərdən hansı daha doğmadır?

- Mənim 36 yaşım var, sənətdəki fəaliyyətim haradan 36 il oldu? (gülür).

- 36 il səhnədə olub, bu cür performans göstərib, gözəl qalan aktrisalarımız çox azdır. Bu baxımdan söylədim.

- Teatra və incəsənətə sevgim böyükdür. Yəqin ki, bu məni fərəhləndirir və cavan saxlayır.

- İndiki gənclər teatra o qədər də bağlı deyillər. Niyə?

- Çünki teatr insandan fədakarlıq tələb edir. O fədakarlığa gedən yol çox uzundur. Bu da yəqin ki, gənclərdə azdır.

- Zemfira xanımın sənət həyatının uğur nöqtəsi hansıdır?

- Yenə də teatr deyərdim. Son vaxtlar filmlərə və seriallara daha çox çəkilirəm. Bunu tamaşaçılar da bəyənir. Çünki mənə qarşı olan münasibətdən bütün bunları görürəm.

- "Ögey ana" serialındakı Gülzar obrazı tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Sizi günahkar bilən də var, haqq qazandıran da.

- Aydın məsələdir, mən onları anlayıram. Bəzən heç mən özüm də Gülzara haqq qazandırmıram. Amma bu obrazdır, ssenaristlər tərəfindən belə yazılır, rejissor yozumu belədir. Mən obrazı başqa xarakterdə oynaya bilmərəm. Amma obrazıma haqq qazandıraraq oynayıram.

- Həyatda Gülzar obrazının tam əksisiniz. Bu cür sakit insan Gülzar obrazında necə özündən çıxıb, səsini qaldıra bilər? Bunun formulu nədir?

- Biz bu sənətin məktəbini keçmişik. Çox peşəkar və gözəl rejissorlardan dərs almışam. Bu dərs və müşahidə qabiliyyətidir. Bu yaşa kimi nələrsə gördüm, susdum və qazandım. Hamısını içimdə saxladım. İndi bu etmədiklərimi filmlərdə və seriallarda istifadə edirəm.

- Deyirsiniz ki, gördüm, susdum və qazandım. Bu 3 sözün arxasında qəribə bir küskünlük var. Yanılmıram ki?

- İdeal yaşam, ideal şərait əlbəttə ki, yoxdur. İstər-istəməz hər hansısa problemlərlə qarşılaşırsan. İstər sənətdə, istərsə də ailədə. Mənim yolumu kəsmək istəyənlər olub, mən o insanları hələ də bağışlamıram.

- Bəs onları görəndə necə reaksiya verirsiniz?

- Əlbəttə ki, görməzdən gəlirəm. Mən özümü onlardan güclü hesab edirəm, yaşamaq üçün bu mənə daha böyük güc verir.

- Həyat yoldaşınız da aktyordur. Bir aktyorun həyat yoldaşı olmağın hansı çətinlikləri var?

- Əlbəttə ki, çətinlikləri də var, üstün cəhətləri də. Biz bir-birimizi başa düşürük, eyni sənətdəyik. Elə olur ki, mənim işim çox olur, çəkilişdən gec gəlirəm. Bəzən o bunu qəbul etmir. Daha sonra qəbul edir.

- Harada tanış olmusunuz?

- Gənclər Teatrında tanış olmuşuq. Bizi teatr qovuşdurub. Sevdiyim yerdə sevdiyim insanlarla çox xoşbəxtəm.

- Komediya janrında olan seriallara da çəkilmisiniz. Amma drama daha meyllisiniz. Niyə komediyada çəkilirsiniz?

- Deyilənə görə bunu da bacarıram. Əgər bacarıramsa, öhdəsindən gəlirəmsə, qəbul edirlərsə, niyə də olmasın?

- Bugünkü yerinizdən razısınızmı?

- Bura qədər daha çox şeylər edə bilərdim. Amma mənim bir-iki işim var ki, onları daha yaxşı etmişəm. Sağlamlığım imkan versə, bundan sonra yenə də edərəm.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.