Sarkisyanın "İskəndər" hədəsinə cavab: ""Metsamor"a bir raket atsaq, Ermənistanda 150 il həyat olmaz"

Day.Az представляет новость на азербайджанском языке

"Ermənistanın Azərbaycanı "İskəndər" raketləri ilə vurmaq qərarı onun özünün yer üzündən silinməsinə səbəb olacaq".

Bunu "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı "İskəndər" raketləri ilə vuracağı ilə bağlı hədələrini Milli.Az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, "İskəndər"lərlə Azərbaycanın strateji obyektlərini vurmaq mümkün deyil: "Əgər söhbət "İskəndər" raketlərindən gedirsə, bunun üçün əvvəla, onun texniki parametrlərini nəzərdən keçirmək lazımdır. İrəvanda hərbi paradda nümayiş etdirilən "İskəndər"lər bu raketlərin "E" modifikasiyasıdır. Onların hədəfi maksimal vurma məsafəsi 280 km-dir. Ona görə də Sarkisyan dediyi bu hədələri həyata keçirmək və Azərbaycandakı strateji obyektləri vurmaq üçün ilk növbədə "İskəndər" operativ-taktiki raket komplekslərini (OTRK) Ermənistandan Dağlıq Qarabağa gətirməlidir. Özü də "İskəndər" sistemləri təkcə özündən və onu buraxan qurğudan deyil, onu təmin edən başqa böyük texniki avadanlıq və zirehli texnikaların kompleksindən də ibarətdir. Ona görə də, əgər Ermənistan Azərbaycanı "İskəndər"lərlə vurmaq barədə qərar versə, bütün bunları işğal etdikləri ərazilərə yerləşdirməlidir. Bu qurğuları həmin ərazilərə daşımaq üçün vaxt tələb olunacaq. Təbii ki, hətta oradan da bu raketlərlə Bakını vurmaq mümkün deyil".

Başqa ərazilərə və obyektlərə gəlincə, məsələn, istər Gəncə şəhəri, istər Mingəçevir su anbarı, istərsə də yaxınlıqdakı böyük yaşayış obyekti olsun, ekspertin fikrincə, bir "İskəndər" divizionunun buraxdığı raketlərin qarşısını almaq üçün Azərbaycanın kifayət qədər gücü və imkanı var: "Təkcə İsraildən alınmış "Dəmir qübbə" sistemi onlara yetər. Qısası, Sarkisyanın bəyanatı hədə-qorxu ilə dolu olsa da, onun həyata keçirilməsi faktiki mümkün deyil. Əvvəla, həmin raketlər Dağlıq Qarabağa və ya işğal edilmiş digər ərazilərə daşınarkən Azərbaycan Ordusu tərəfindən məhv ediləcək. Çünki həmin ərazilər ordumuzun hava kəşfiyyatı vasitələri hesabına ciddi nəzarət altındadır. İkincisi, onlar "İskəndər"ləri işğal olunmuş ərazilərə yerləşdirə bilsələr belə, bizim hava hücümundan müdafiə və artilleriya qüvvələrimiz tərəfindən məhv ediləcək. Üçüncüsü, hətta ermənilər raketləri bizim obyektlərin üzərinə buraxsalar da, onlar raket əleyhinə müdafiə sistemlərimiz vasitəsilə havadaca dəf ediləcək. Ona görə də, Sarkisyanın dediklərini həyata keçirmək üçün imkanları çox azdır. Fikrimcə, bu bəyanat aprelin 2-də keçiriləcək parlament seçkilərində əlavə xal toplamaq üçün daxili auditoriya üçün hesablanıb".

E.Ələsgərov əlavə edib ki, digər tərəfdən və ən əsası, Ermənistanın Azərbaycana qarşı "İskəndər"lərdən istifadə etmək qərarı ona əsas verəcək ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi Ermənistanı bir göz qırpımında vurmaq barədə qərar qəbul etsin: "Azərbaycan isə ilk növbədə "Metsamor" Atom Elektrik Stansiyasını vuracaq. Bunu Naxçıvan MR ərazisindən və ya təmas xəttindəki digər bölgələrdən də həyata keçirmək olar. Həmin AES-ə bircə raketin düşməsi isə Ermənistanın varlığına son qoyacaq.

Orada qalxmış radioaktiv toz və bulud ona gətirib çıxaracaq ki, burada yaxın 100-150 ildə yaşayış mümkün olmayacaq. Bütün bunları Sarkisyan da bilir. Lakin onun Azərbaycanı təhdid etməsi əvvəla, Ermənistanın növbəti dəfə işğalçı olduğunu sübut edir, ikincisi, əgər bunu həyata keçirməyə cəhd etsə, Ermənistanın özünün yer üzündən silinməsinə  gətirib çıxaracaq.  Ona görə də bu "İskəndər" şousu populizmdən, yaxud ağılsız siyasətçilərin cəfəng bəyanatlarından başqa bir şey deyil".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları  http://bakunetwork.com,  Facebook,  Twitter  və  Youtube  resurslarından da əldə etmək mümkündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.