Dünyada ilk 8K formatlı televizorun satış tarixi açıqlandı

Day.Az представляет новость на азербайджанском языке.


"Sharp" korporasiyası dünyada 8K formatlı ilk televizorun satış tarixini və qiymətini açıqlayıb. İKT.lent.az-ın "cnews.ru" saytına istinadən verdiyi məlumata görə, "Sharp LV-85001" televizoru 2015-ci il oktyabrın 30-da Yaponiyada satışa çıxarılacaq.

Televizorun qiyməti 16 milyon ien (133 min ABŞ dolları) təşkil edəcək. Televizor 85 düym diaqonala və 7680x4320 həllə malik panellə təchiz olunub. Hər düym 104 piksel, nisbət 16:9, bucaq 176 dərəcə, kontrast 100000:1, tezlik yenilənməsi 120 Hersdir. Müqayisə üçün deyək ki, "Full HD" formatında televizorlar 1920x1080 piksel həllə malikdir ki, bu da 8K formatındakından 16 dəfə azdır.

4K (və ya Ultra HD) isə 8K formatı ilə müqayisədə 4 dəfə daha az pikselə malikdir. 8K formatında siqnal ötürmək üçün dörd HDMİ 2.0 interfeysi lazımdır. Televizor lazımi miqdarda portla, eyni zamanda yeni nəsil dördrəngli sistem və təsvirin işlənməsi üzrə X8-MEP prosessoru ilə təchiz olunub.

Dördrəngli sistem qırmızı, göy və yaşıl rənglərə əlavə olaraq sarı rəngin də istifadəsini ehtiva edir. Bu, rəng qammasını genişləndirməyə və təsvirin dəqiqliyinə imkan yaradır. Rəng dərinliyi 12 bit təşkil edir. Televizorun qabarit ölçüləri 1809x1049x75 мм-dir. "Sharp LV-85001" hələlik yalnız texnoloji imkanların nümayişidir. Çünki 8K formatında kontent tapmaq demək olar ki, mümkün deyil.

Yaponiya milli teleradio şirkəti NHK 8K formatında yayına 2016-cı ildə başlamağı planlaşdırıb. Genişmiqyaslı yayın isə Yaponiyada Yay Olimpiya Oyunlarının keçiriləcəyi 2020-ci ildə nəzərdə tutulur.