Zavallı Ermənistan: casus katolikos, fırıldaqçı "aksiya lideri" və aldanan ermənilər

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistandakı etiraz aksiyalarının lideri, "Vətən uğrunda Tavuş" hərəkatının rəhbəri keşiş Baqrat, yəni Vazgen Qalstanyan tərəfdarlarını bu gün səhər saatlarından etibarən İrəvanın mərkəzindəki Respublika meydanına maşınlarla gəlməyə çağırıb. O, dünənki müraciətində bildirib ki, səhər saatlarında Ermənistan hökumətinin iclası başlanacaq.

"Kim maşınla, kim piyada - fərq etməz. Gəlin, hamımız ora toplaşaq və xəyanətkara hökumətin iclasına qatılmağa imkan verməyək. Sadəcə, küçələri bağlamaq olmaz - belə aksiyalar keçirməliyik. Xəyanətkarlara iş yerlərinə yolu bağlamalıyıq", - V. Qalstanyan deyib.

Erməni Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuh yeparxiyasının arxiyepiskopu, dini ierarxiyada adı "keşiş Baqrat" olan Vazgen Qalstanyanın bu çağırışı tərəfdarlarının ruh yüksəkliyi ilə "Bəli, edərik! " cavabı ilə sonuclanmayıb. Ermənistanın baş naziri Nikol Paşinyanı "xəyanətkar" adlandıran Vazgenin sayı günbəgün azalan tərəfdarları arasında ötən etiraz aksiyalarında İrəvandakı yolları şəxsi avtomobilləri ilə bağlamağa çalışanlar vardı.

Polis bu avtomobillərin hamısını cərimə meydançasına apardığından xuliqan sürücülər indi ən yaxşı halda xuliqan piyadalar ola bilərlər. Onlar isə deyəsən, belə "reinkarnasiya" variantını bəyənməyiblər.

Qalstanyanın tərəfdarları bu gün də ictimai asayişi öz avtomobilləri vasitəsilə yenidən prozmağa çalışsalar, yenə də cəzalanacaqlar.

Xatırladaq ki, arxiyepiskop Baqratın, yəni Vazgen Qalstanyanın "Toyota Lexus" markalı lüks offrouderi hələ də cərimə meydançasındadır.

"Maşınlarla blokada" çağırışı Baqratın intellektual potensialının primitivliyini, siyasi mübarizənin təməl qaydalarından xəbərsiz olduğunu göstərməklə yanaşı, onun "lider"lik etdiyi etiraz aksiyasının real təşkilatçılaının, maliyyəçilərinin və potensial mənfəət güdənlərinin yanlış strategiyasını aşkarlayır.

Bütün bunlarla yanaşı, arxiyepiskop Baqratın diletantlığı onu meydana sürükləmiş erməni kilsəsinin rəhbərliyinin, Eçmiədzindəki "düşüncə mərkəzi"nin və xüsusilə də kilsənin siyasətə aktiv müdaxiləsinin müəllifi olan katolikos 2-ci Qareginin ermənilar arasındakı nüfuzunu sürətlə aşağı salır.

Ermənistanın baş naziri, primitivliyi və marazmatik hərəkətləri ilə ad çıxarmış Nikol Paşinyan belə, "Vətən uğrunda Tavuş" hərəkatının aşkar və kölgədə olan liderləri ilə müqayisədə peşəkar siyasətçi təsiri bağışlayır. Ümumiyyətlə, Ermənistanda baş verənlərə sırf psixoloji baxımdan yetərincə maraqlı proseslərdir. Həmin proseslərin bəzi məqamlarına nəzər salaq. 1. Nə baş verir? 44 günlük İkinci Qarabağ Müharibəsində kapitulyasiyaya uğrayan, ötən ilin sentyabrın 19-da Azərbaycan Ordusunun lokal antiterror tədbirləri nəticəsində Xankəndindəki terrorçu-separatçı xuntanı itirən Ermənistanda indi depressiya dövrüdür. Klassik psixologiyada isə depressiyanın 5 mərhələsi var ki, onların hamısı Ermənistanda olub və yaşanır. İlkin mərhələ inkar idi. Həmin mərhələdə ermənilər Cənubi Qafqazda Azərbaycanın dəyişdiyi yeni geosiyasi reallıqları və məğlubiyyətlərini etiraf etmək istəmirdilər. Bu minvalla ermənilərin psixikası süni şəkildə özünü qapadır və reallıqla barışmaq istəmirdi.

İkinci mərhələ qəzəb idi. Həmin mərhələdə ermənilər qəzəbli halda günahkar axtarırdılar. Onlar özlərindən başqa hamını suçlayır, "əks təqdirdə heç bir halda məğlub olmayacaqlarını" deyirdilər. Əslində onlar gerçəkləri danır, başlarına gətirdikləri faciəni ədalətsizlik, kiminsə qərəzi kimi qələmə verirdilər.

3-cü mərhələdə Ermənistan üzləşdiyi situasiyadan çıxış yolları arayırdı və bu prosesdə faktki rəhbər Ermənistanın baş naziri Nikol Paşinyan idi. 4-cü mərhələ Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesinin başlanması ilə start götürdü. Ermənilər tək qaldıqlarını, bu səbəbdən də "xəyanətkar" Rusiyanın yeni hami, havadarla əvəzlənməsini mütləq saydılar. Həmin mərhələ indi də davam edir.

Son, 5-ci mərhələ hələ başlanmayıb. Ermənistanda həmin mərhələ yaşanmağa başlayanda ermənilər situasiyanı real dəyərləndirəcək, yeni vəziyyətdə mümkün perspektiv axtarışlarına başlayacaqlar.

Ermənistan cəmiyyəti ağrılarla, əzablarla irəliləməyə çalışır. Amma əsrlərdən bəri erməniləri idarə edən kilsə və "havadar"lar, xüsusilə də son iki əsrdə ermənilər faktiki manipulyasiya alətinə çevirmiş Fransa buna əsla imkan vermək istəmir.

2. Keşiş Baqrat və katolikos 2-ci Qaregin kimlərdir? Erməni Həvariyun (Apostol) Kilsəsinin (EAK) rəhbəri, katolikos 2-ci Qaregin də yetərincə "maraqlı" şəxsdir. Əsl ad və soyadı Ktriç Qriqori Nersisyan olan bu şəxs 1975-ci ildə Almaniyanın o dönəmdəki paytaxtı Bonnda yerləşən universitetin teologiya (dinşünaslıq) fakultəsində oxuyanda SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin agenti olduğu aşkarlanmışdı.

Almaniyanın Federal Təhlükəsizlik Xidməti (Bundesnachrichtendienst, BND) Ktriç Nersisyanı ölkədən deportasiya etmiş, o da Vyanaya yollanmışdı.

Sovetlər Birliyi dağılanadək K.Nersisyan sovet DTX-nın əməkdaşı olub.

Ermənistan müstəqillik əldə edəndən sonra isə gələcək katolikosun məxfi fəaliyyəti ilə bağlı hər hansı məlumat qapadılıb.

"Vətən uğrunda Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrata və ya Vazgen Qalstanyana gəldikdə isə, o, 2003-2013-cü ildə EAK-ın Kanada yeparxiyasına başçılıq edərkən Kanada vətəndaşlığı alıb.

Kanadadakı erməni icmasının "Armenian Mirror-Spectator" qəzetinin 20 iyul 2013-cü il tarixli sayında keşiş Baqratın fırıldaqları barədə geniş araşdırma dərc olunmuşdu.

Qəzetin yazdığına görə, keşiş Baqrat EAK-ın Kanada yeparxiyasına rəhbərlik etdiyi dönəmdə erməni kilsəsini çox şübhəli maliyyə fırıldaqlarına "tərəfdaş" edib və nəticədə yeparxiya on milyonlarla dollarlıq borca düşüb.

Borclardan qurtulmağa çalışan keşiş Baqrat Kanadanın Kvebek vilayətindəki Monreal şəhərində yerləşən "Surb Qriqor Lusavoriç" ("Müqəddəs Maarifçi Qriqor") kilsəsini girov qoymuşdu. Daha sonra isə o, Kvebek vilayətindəki Laval şəhərində yerləşən "Surb Xaç" ("Müqəddəs xaç") erməni kilsəsinin 1 milyon dollarını mənimsəmişdi.

Baş verənlərlə bağlı Eçmiədzinin rəqibi - Həvariyun Erməni Kilsəsi (və ya Kilikiya Kilsəsi) dəfələrlə bəyanatlar yaymışdı. Monrealdakı "Surb Hakop" və Torontodakı "Surb Mariya" kilsələri Eçmiədzinə müraciət edərək arxiyepiskop Baqratın, yəni Vazgen Qalstanyanın "dərhal və ən sərt şəkildə cəzalandırılmasını, oğurladığı vəsaitin geri qaytarmasının təminatının" tələb etmişdilər.

Bu müraciətlər hələ də cavabsız qalıb.

3. Etiraz aksiyalarının nəticəsi nə olacaq? Erməni kilsəsi, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın başçılıq etdikləri, əslən Qarabağdan olan ermənilərdən ibarət "qarabağlılar klanı", Fransadakı erməni icması, habelə bəzi subregional dövlətlərin maliyyələşdirərək idarə etdikləri kiçik müxalif qruplaşmaların yaratdıqları "Vətən uğrunda Tavuş" hərəkatının heç bir uğur perspektivi yoxdur.

Arxiyepiskop Baqrat və ya Vazgen Qalstanyan sadəcə, siyasi fəallığı yüksək həddə olan marionetdir.

Etiraz aksiyalarının məhz Tavuşda, Baqratın arxiyepiskop olduğu vilayətdə başlaması da təsadüf deyil, ermənilər də artıq bunu anlayırlar.

Erməni cəmiyyətinin əvvəllər də sərhəd müəyyənləşdirməsi ilə bağlı müxtəlif vilayətlərdə narazılıqları vardır. Lakin Baqrat və erməni kilsəsi susdular.

Qarabağlı ermənilər könüllü olaraq Azərbaycanı tərk edərək Ermənistana köç edəndə Laçın postunun qarşısında nə keşiş Baqrat vardı, nə də katolikos 2-ci Qaregin.

Amma onların ikisi də indi aktivləşiblər. Səbəb bəsitdir: erməni kilsəsində arxiyepiskop Baqrat qədər fırıldaqçı, ambisioz, siyasətə meyilli, kütləyə hesablanmış demaqogik çıxışlar edən ikinci keşiş yoxdur.

Məhz bu səbəbdən Robert Köçəryan və Serj Sarqsyan, erməni diasporu, "qarabağlılar klanı" və s. ünsürlərdən ibarət alyans keşiş Baqratı məqsədlərinin reallaşması üçün vasitə seçiblər. Di gəl, bu müvəqqəti alyansın uğurlu fəaliyyət strategiyası, düşünülmüş planı olmadığından Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması qeyri-mümkündür.