Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın regionda etimad mühitinin bərpasında fəal rol oynadığını təsdiq edir - Soltan Məmmədov
5-ci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsindən sonra Azərbaycan regionda "post-münaqişə dövrü diplomatiyası" həyata keçirir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xətt sülhü yalnız imzalanmış sazişlərlə deyil, mədəniyyətlərarası dialoq, dini dözümlülük və qarşılıqlı hörmət prinsipləri ilə möhkəmləndirir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana bir neçə gün öncə həyata keçirilmiş rəsmi səfəri də Azərbaycanın yalnız siyasi yox, həm də mədəni-dini platformalar üzərindən sülh diplomatiyası qurduğunu göstərir:
"Bu səfəri mühüm tarixi hadisə kimi qiymətləndirməyə əsas verən amillərdən biri mədəniyyətlərarası dialoq və multikulturalizm ideyalarının praktiki təbliği baxımından əhəmiyyətidir. Səfər çərçivəsində görüşlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilmiş bərpa işlərinin yüksək qiymətləndirildiyi xüsusi olaraq vurğulandı.
Roma Papası XIV Leo Birinci vitse-prezident Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini xüsusi olaraq vurğuladı. Bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd etdi".
Deputat xatırladıb ki, Roma Papası XIV Leo eyni zamanda Bakı şəhərində ikinci Katolik Kilsəsinin tikintisi ilə bağlı qərara görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib:
"Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində böyük əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq yekunlaşdırılıb".
S.Məmmədovun sözlərinə görə, səfər bir daha təsdiq edib ki, Azərbaycan dünyada tolerantlıq və dinlərarası əməkdaşlıq mərkəzi kimi öz imicini möhkəmləndirir.
"Bizim ölkəmiz ziddiyyətlərin artdığı, dövlətlər və xalqlar arasında anlaşılmazlıqların çoxaldığı, beynəlxalq münasibətlərin mürəkkəbləşdiyi bir dövrdə gərginliklərin azaldılmasına yönəlmiş nümunəvi model yaratmağa və təqdim etməyə nail olub.
Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfəri Azərbaycanın müasir, humanist və tolerant cəmiyyət obrazının möhkəmləndirilməsinə böyük töhfədir. Eyni zamanda Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüslərinin müəllifi olan bir ölkə kimi Cənubi Qafqazda sülh, əməkdaşlıq, qarşılıqlı etimad mühitinin bərpasında fəal rol oynadığını təsdiq edir.
Azərbaycan postmüharibə dövründə irəli sürdüyü ardıcıl təşəbbüslər, həyata keçirdiyi siyasətlə göstərir ki, sülh təkcə iqtisadi deyil, həm də mədəni və mənəvi dəyərlər üzərində qurulmalıdır. İnanırıq ki, region ölkələrinə və bütün dünyaya verilən bu pozitiv mesajlar Cənubi Qafqazın tarixində çoxdan gözlənilən yeni səhifəni açmağa imkan yaradacaq", - deyə o fikrini tamamlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре