Tələbələr yataqxanaya müsabiqə ilə buraxılır... - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Yarıuçuq binaların əksəriyyətində "tələbə gördüm deyən olmadı".

Dağıntılar, tərk edilmiş, sökülmüş binaların qalıqları arasında beş mərtəbəli üç bina gözə dəyir. Onlardan yalnız birində yaşayanlar var. Onları "sonuncu mogikanlar" da adlandırmaq olar. Küçədən görüntü çox acınacaqlıdır. Tərk edilmiş binalarda əvvəllər məcburi köçkünlər məskunlaşmışdılar. Binaya daxil olduğumuzda gördüyümüz mənzərə küçədəkindən elə də fərqli deyil: elektrik lampası yansa da dəhliz yarı qaranlıq və çox dağınıq vəziyyətdədir, mətbəxdə uçuq-tökük bir stol və plitələr, dəhlizdə sovet dövründən qalmış qırıq divan, divanın üzərində də şirin-şirin mürgüləyən bir pişik. Tələbələrin otağında da mənzərə eynidir. Sovet dönəmindən sonra burada heç bir dəyişiklik edilmədiyini divarlar uçub tökülür. Bura Bakı Dövlət Universitetinin yataqxanasıdır...

Yataqxanada söhbətləşdiyimiz qızlardan biri burada artıq dördüncü ilini keçirdiyini bildirdi. Onun otaq yoldaşı isə indi yaşamağı planlaşdırdığını deyir. Dördüncü kurs tələbəsi ilk dəfə yataqxanaya gələrkən elə birbaşa 4 illik ödənişi etdiyini, 400 manat verdiyini bildirdi. "Bəs əgər 4 il yox, müəyyən müddətdən sonra qalmaq istəməsəniz necə, pulu geri qaytarırlar" sualımıza, tələbə "belə bir şey olmadığına görə bilmirəm" deyə cavab verdi.

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Politexnik İnstitutunun yataqxanalarına üz tutduq. Ora gedən yol isə hay-hayı gedib, vay-vayı qalan binaların yanından, zir-zibilli küçələrdən keçir. Yataqxananın yaxınlığında yerləşən zibil qutularından gələn tullantıların ürəkbulandıran qoxusu ətrafdakı küçələrə yayılıb. Memarlıq və İnşaat Universiteti yataqxanasının komendantı ilə görüşdük. Komendant İlham Cəfərov ötən illərdən fərqli olaraq, bu il ilk növbədə yalnız sözügedən universitetin tələbələrini yerləşdirəcəklərini bildirdi. Sentyabrın 14-ü olmasına baxmayaraq, komendant tələbələrin yalnız ayın 15-dən yataqxanaya yerləşdiriləcəyini bildirərək, binadakı şəraitlə bizi əyani olaraq tanış edə bilməyəcəyini dedi: "Yataqxanada qapıların hamısı bağlıdır. Açarlar da bizdə deyil". Komendant onu da dedi ki, otaqlar 2-3 nəfər arasında bölüşdürülür. Burada aylıq ödəniş isə 20 AZN təşkil edir.

- "Köçürsünüz?"

- "Hə, köçürük" - qucağına alıb apardığı döşəklərin arxasından bir qadın səsi eşidildi.

- "Xeyirli olsun! Bura bir gələn sevinir, bir də çıxan" - deyərək köçənlərə qonşu xeyir-duasını verdi.

Yataqxana hesab edib daxil olduğumuz bina bir vaxtlar Politexnik Universitetinin yataqxanası olub. Buna sübut da var. Binanın kandarında "1 saylı tələbə yataqxanasının tibb məntəqəsi" tablosuna rast gəlsək də, "əşşi o yazı çoxdan qalmadır. Burda məcburi köçkünlər qalır, tələbələr o biri binada qalırlar. Ancaq ora oğlanların yataqxanasıdır" - köçənlərə xeyir-dua verən yataqxana sakini dedi.

Göstərilən bina tərəfə gedirik. Eyvandan uşaq paltarları sərilib, digər bir pəncərədən bir xanım qucağında uşaqla bizə baxır... Amma "tələbə gördüm" deyən olmadı.

Yataqxanaların bir-birinə yaxın yerləşməsi, sanki, bir anlıq "tələbə şəhərciyi" görüntüsünü bizə xatırladır. Lakin durum heç də ürək açan deyil. Daha sonra Azərbaycan Dillər Universitetinin yataqxanasına baş çəkdik. Burada da binanın bir hissəsində məcburi köçkünlər məskunlaşıblar. Digər tərəfi isə yenicə təmirdən çıxıb. Komendant İsmayıl Yolçuyev ilk öncə bizi qəbul etməsə də, daha sonra özü gəlib yataqxananı göstərmək qərarına gəldi. Burada gördüyümüz mənzərə həqiqətən də bizi çox sevindirdi - işıqlı dəhlizlər, tələbələr üçün yataqxana mətbəxi, hamam hər şey qaydasında idi. Komendant otaqlarda 2-3 nəfərin qaldığını bildirdi. "Əvvəllər başqa universitetlərin də tələbələri qalırdı, bizim tələbələrsə digər yataqxanalara getməli olurdular. Təmirdən sonra öz tələbələrimiz ilk növbədə yerləşdiriləcək, daha sonra yer qalarsa, başqa universitetlərin də tələbələrinə yer veriləcək" - deyə komendant bildirdi. Bu yataqxanada isə aylıq ödəniş 10 AZN-dir.

Gedib gördüyümüz yataqxanalar arasında daha gözəl şəraiti olan "Damla" yataqxanası oldu. Bu yataqxana isə SABAH Groupa daxildir.

Trend xəbər agentliyinin verdiyi məlumata görə, bu yataqxana Təhsil Nazirliyinin nəzdindədir. Yataqxananın şəraitinə görə digərlərindən başqa bir fərqi də odur ki, burada hər kəs qala bilməz. Bura yalnız savadlı tələbələr üçün nəzərdə tutulub. Yataqxanada dərs ili müddətində qalmaq üçün tələbələr ilk öncə qeydiyyatdan, daha sonra müsabiqə və müsahibədən keçməlidirlər.

Qeydiyyat may ayının 31-dən etibarən bitsə də, yataqxanada bizə hələ də qeydiyyatdan keçib, yataqxanaya yerləşməyin mümkün olduğunu bildirdilər. Müsahibə və müsabiqə haqqında heç bir məlumat verilmədi.

"Bizim Yol" qəzeti

Böyütmək üçün şəkillərə klikləyin: