Yol polisindən sürücüyə kobud cavab:

Day.Az представляет новость на азербайджанском языке

Dairədə başqasının yoluna çıxıb qəza şəraiti yaradan yol polisi əməkdaşı cəzalandırıldı.

Bu hadisə sentyabrın 19-da Bakıda baş verib. Avtosfer.az-a məlumat verən sürücü bildirib ki, həmin gün Mikayıl Müşviq küçəsində - Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairədə hərəkətdə olarkən dairəyə daxil olan 99-YP-436 qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin sürücüsü dairədə ona yol verməyib: "Mən qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalı verdim, lakin bu siqnaldan xoşu gəlməyən inspektor avtomobilini qarşıda saxladı və mənim gəlməyimi gözlədi. Mən avtomobilimi saxlayaraq inspektora dedim ki, dairədə mənə niyə yol vermirsiniz? O isə mənə cavab verdi ki, niyə yol verməliyəm? Mən onun yolunda 4.3 nişanı olduğunu və pozduğu qaydanın maddəsini yəni, "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin 15-ci hissəsinin tələbini pozduğunu bildirdikdə isə mənə xoşagəlməz sözlər işlətdi və tərbiyəsiz olduğumu bildirdi. Mən isə ona öz tərbiyəmi yüksək səviyyədə nümayiş etdirmək məqsədi ilə həmin ərazini tərk elədim. Belə intizamsız polislərin daxili işlər orqanlarında xidmət aparması düzgün deyil. İnspektorun bu hərəkəti ümumi polis adına xələl gətirir".

Qeyd edək ki, yol polisi əməkdaşının vətəndaşa kobud cavab verərək "deyəsən qaşınırsan" deməsindən sonra həmin sürücü məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə şikayət edib. Şikayətə baxılıb və idarə rəisi, polis polkovniki Nüşrəvan Səfərovun imzası ilə vətəndaşa cavab verilib. Cavabında idarə rəisi bildirib ki, YPX əməkdaşının idarə etdiyi 99 YP 436 dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə sayrışan işıqlardan istifadə etmədən "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin tələbinə riayət etməyərək dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olarkən dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozması təsdiqini tapıb.

Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti qaydalarını pozduğu halda bu barədə digər hərəkət iştirakçılarını məlumatlandırmaq üçün patrul avtomobilində quraşdırılmış sayrışan işıq siqnallarından istifadə etməməklə "Yol putrul xidməti haqqında" Təlimatın 7.43-cü bəndinin tələblərini pozduğuna görə YPX əməkdaşı barəsində intizam tədbiri görülüb.

Belə əməkdaşların cəzalandırılması yaxşı haldır. DYP rəhbərliyinin vətəndaşın müraciətinə obyektiv yanaşmasını yüksək dəyərləndirmək lazımdır. Hər bir YPX inspektoru xidmət zamanı vətəndaşla ünsiyyətdə yüksək mədəniyyət nümayiş etdirməlidir və bu, onun xidməti borcudur. Əlbəttə, bu gün vətəndaşa "qaşınırsan" deyən inspektoru cəzalandırmasalar, sabah həmin instektor vətəndaşı ya döyər, ya da daha pis formada təhqir edər. DYP rəisinin həmin inspektoru cəzalandırması digərlərinə dərs olmalıdır...

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.