Bu xəstəlik uşağa öpüşlə yoluxur

16 сентября 2018 07:54

Day.Az представляет новость на азербайджанском языке

Pediatr Günay Rəsulovanın uşaqlarda öpücük xəstəliyi haqda məqaləsini təqdim edirik.

Uşaqları öpməklə keçən bu xəstəlik Epşteyn-Barr adlı bir virus tərəfindən törədilir. Yoluxma yolu tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz. Sıx görülən bir xəstəlikdir. Böyük yaşa gələn insanların 95%-i bu xəstəliyi keçirmiş olur. Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçə bilir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır. Uşağı yoluxduran şəxs adətən sağlam olur. Çünki bu xəstəliyi keçirən şəxsin tüpürcəyində virus 6 ay, bəzən də 1 ilə qədər qala bilir və bu "sağlam" şəxs uşağı öpməklə onu çox ciddi bir təhlükə ilə qarşı qarşıya qoyur.

Xəstəliyin əlamətləri

Virus orqanizmə daxil olduqdan sonra boğazda artıb çoxalır, ordan qan və limfa vasitəsilə bütün orqanizmə yayılır və digər daxili orqanlarda da (qaraciyər, dalaq) infeksiya törədir. Beləliklə, uşaqda

- Boğaz ağrısı
- Qızdırma (5-10 günə qədər davam edə bilən)

- Boyun limfa düyünlərinin, qaraciyərin, dalağın böyüməsi

- Halsızlıq, qarın ağrısı, baş ağrısı

Bu sadalanan əlamətlər bütün yuxarı tənəffüs yolu xəstəliklərində görülə bilir, lakin öpücük xəstəliyində əlamətlər daha abartılı olur, boğaz ağrısı çox şiddətli, qızdırma adətən 38-38,5 olur, amma uzun müddət - 5-10 günə qədər davam edə bilir və yanaşı olaraq limfa düyünləri, qaraciyər və dalaq da böyüyür.
Bu xəstəlikdə yersiz antibiotik istifadəsi nəticəsində bədəndə səpgilər əmələ gəlir. Xüsusilə də təbii penisillin qrup antibiotiklərin qəbulundan sonra ilk 24 saatda uşaq səpir.
Xəstəlik klinik gedişatinda öz-özünə sağalır, lakin bəzən ağırlaşmalarla da üzə çıxa bilir.

Ağırlaşmaları:

- Ensefalit
- Meningit
- Ürək əzələsinin zədələnməsi, miokardit, perikardit

Bu uşaqlarda dalaq böyüdüyü üçün uşaq idman edərkən və ya oyun oynayarkən qarın nahiyəsindən alınan travmadan dalaq yırtılması ola bilər.
DİAQNOSTİKASI: Tipik müayinədən əlavə, qanın ümumi analizi (limfositar leykositoz, trombositopeniya), periferik yaxmada atipik limfositlər, seroloji testlərdən - monotest tez nəticə verir və virusun spesifik antitellərinin qanda aşkarlanmasi ilə diaqnoz qoyulur.

MÜALİCƏSİ: Spesifik bir müalicəsi yoxdur. Antibiotiklərdən və ya virusəleyhinə preparatlardan istifadə yersizdir. Müalicə simptomlara yönəlik (qızdırma varsa, qızdırmasalıcı vermək), dəstək müalicə və yataq istirahəti ilə aparılır.
Xəstəlikdən qorunmaq üçün

Uşaqları öpmək olmaz!

Xüsusilə bağçaya gedən uşaqlar oyuncağı ağıza götürməklə xəstəliyə yoluxa bilər.

Bundan başqa ağızdan su axan uşaqlar tüpürcəklə asanlıqla digər uşaqları yoluxdura bilər. Ona görə bu tip toplumlarda gigiyenaya mütləq riayət edilməlidir (oyuncaqlar tez-tez yuyulmalı, uşaqların əli tez-tez yuyulmalı, oyuncaq ağıza alınmamalı) Diqqətlə riayət olunan təmizlik xəstəliyin yayılmasını əngəlləyər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!