Ermənistan Qərbə əyilir

Müəllif: Elçin Alıoğlu,
Trend

İrəvan Rusiyadan mümkün qədər sürətlə kənarlaşmağa çalışsa da, qazancı və faydaları itirmək istəmir.

ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (International Republican Institute, İRİ) Ermənistanda genişmiqyaslı rəy sorğusu keçirib. Sorğunun nəticələrinə görə, ermənilərin ən çox rəğbət bəslədikləri ölkə Fransa, ən az rəğbət bəslədikləri dövlət isə Rusiyadır.

2018-ci ildə İRİ-nin keçirdiyi analoji sorğuda respondentlərin 87 faizi Ermənistanla Rusiya Federasiyası arasındakı münasibətləri yaxşı, 11 faizi isə pis hesab edirdilər. Son sorğuda isə rəyi soruşulanların yalnız 50 faizi Ermənistan-Rusiya münasibətlərinin yaxşı olduğunu deyib. Respondentlərin 49 faizi əmindir ki, Ermənistanla Rusiya arasındakı münasibətlər çox pis vəziyyətdədir.

Ermiənilərin Avropa İttifaqına olan münasibətləri praktiki olaraq dəyişməyib: əgər 2018-ci ildə respondentoərin 81 faizi Ermənistanla Aİ arasındakı münasibətlərin yaxşı vəziyyətdə olduğunu deyirdilərsə, indi həmin göstərici 86 faiz təşkil edir.

Ermənilərin ABŞ-a olan münasibətlərində də dəyişiklik cüzidir: 2018-ci ildə 84 faiz olan göstərici indi 88 faiz təşkil edib.

İRİ-nin keçirdiyi sorğunun ən maraqlı məqamı budur ki, rəyi soruşulan ermənilərin 24 faizi Rusiyanın Ermənistan üçün siyasi, 28 faizi isə iqtisadi baxımdan real təhlükə kəsb etdiyinə əmindir.

Təbii ki, ermənilərin ən çox qorxduqları ölkə Azərbaycanla Türkiyədir.

Ermənistanın əsas ticari-iqtisadi tərəfdaşlarının hansı ölkələr olduğuna gəldikdə, ermənilər hesab edirlər ki, ilk yerdə Rusiya Federasiyasıdırsa (respondentlərin 61 faizi), sonrakı yerlərdə İran, Çin və Fransa var.

Sorğunun sonuclarından bəlli olur ki, Ermənistan vətəndaşları Rusiyanın hesabına qazanmaq və təhlükəsizliklərini təmin etməık istəsələr də, ABŞ, Fransa və Avropa İttifaqı ilə əlaqələrin inkişafını daha perspektivli hesab edirlər.

Paradoksal mənzərə deyil: erməni sosiumunda koqnitiv dissonans və şüurun ikiləşməsi adi haldır.

Kollektiv psixoza nail olmaq istəyinin müəllifi də Ermənistanın baş naziri Nikol Paşinyan və onun göstərişləri ilə hərəkət edən komandasıdır.

Ssenari indi reallaşdırılmaa başlanmayıb: 44 günlük İkinci Qarabağ Müharibəsi başlayan kimi Nikol Paşinyan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) İrəvanın tərəfində müharibəyə qatılmağa, hərbi əməliyyatların iştirakçısına çevrilməyə və "zavallı erməniləri qorumağa" çağırmışdı.

Müharibə əsnasında bu çağırışlar səngimədi, İrəvan kapitulyasiya sənədini imzalayandan dərhal sonra isə Paşinyan administrasiyası KTMT-ni hədələməyə və xəyanətdə ittiham etməyə başladı.

Ermənistanın hakimiyyət dairələri çoxdan itirdikləri reallıq hissini hələ də bərpa edə bilmədiklərindən xarici siyasətdə vurnuxmalar və heyrətamiz, ani mövqe dəyişiklikləri davam edir.

Prosesin səbəblərindən biri də Ermənistandakı müxalifət düşərgəsindəki parçalanmadır.

Belə ki, sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqyanın idarə etdikləri "Ermənistan" və "Şərəfim var" parlament fraksiyaları arasındakı "müttəfiqlik" münasibətləri artıq yoxdur. 2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərindən indiyədək bu iki müxalif qüvvə parlamentdə az qala istənilən məsələni öz aralarında müzakirə edərək Nikol Paşinyan iqtidarına qarşı vahid cəbhə formatında çıxış etməyə çalışırdılarsa, indi bir-birlərindən uzaqlaşaraq qarşılıqlı mübarizəyə başlayıblar.

"Ermənistan"la "Şərəfim var" arasındakı fikir ayrılıqları hökumətin təqdim etdiyi qanun layihələri üzrə səsvermələrdən tutmuş kiçik taktiki qərarlara qədər ən geniş arealda müşahidə olunur.

İrəvandakı "Hrapark" qəzetinin yazdığına görə, məsələn, ötən həftə parlamentdə hökumətin fəaliyyətinin nəticələrinin müzakirə olunduğu iclasda hər iki fraksiya iştirak etsə də, "Ermənistan"dakı deputatlardan fərqli olaraq "Şərəfim var" fraksiyasının üzvləri Nikol Paşinyana sual verməkdən boyun qaçırdılar.

Əvvəlki iclasda isə tam əksinə, "Şərəfim var"ın qatılmaqdan imtina etdiyi müzakirələrdə "Ermənistan"dan olan deputatlar iştirak etdilər və bununla da parlamentin iclaslaranı tətbiq edilən "razılaşdırılmış" boykota son qoydular.

Parçalanmanın səbəbkarı Serj Sarqsyandır. O, hakimiyyət uğrunda mübarizədə və seçkilərdə Robert Köçəryanın tam fiaskoya uğradığını deyir, sələfindən aktiv siyasi fəaliyyətdən kənara çəkilməyi istəyir.

Situasiyanı daha da maraqlı edən budur ki, Robert Köçəryan da Serj Sarqsyana qarşı tam eyni tələbləri irəli sürür, onu "biabırçı məğlubiyyət"lərdə suçlayır.

Proseslərə Nikol Paşinyan da təkan verir. O, Ermənistan parlamentindəki çıxışında bildirib ki, Cənubi Qafqazda stabilliklə təhlükəsizliyi əvvəlcədən təmin etməli olan sistem indi fəaliyyət göstərmir: "Yaranmış situasiyanın fəsadlarının aradan qaldırılmasını strateji məqsədim hesab edirəm".

Daha sonra o, bəyan edib ki, İrəvanla Bakı arasında sülh mümkündür, sadəcə, hər şey Vaşinqtonda Ermənistan və Azərbaycanın XİN başçıları Ararat Mirzoyanla Ceyhun Bayramov arasında ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə gedən danışıqların nəticələrindən asılıdır: "Sülhün əldə edilməsinə yönəlmiş saziş layihəsindəki şərtlər Ermənistan dövləti və ermənilər üçün prinsipial olaraq qəbuledilməz təsir bağışlaya bilər. Ölkələrimiz arasında yekun sülh sazişinin layihəsi artıq Vaşinqtondadır".

Beləliklə, Nikol Paşinyan az qala açıq şəkildə bəyan edir ki, məhz Rusiyanın illərdən bəri bəyan etdiyi "təhlükəsizlik sistemi"nin çökməsi bölgədəki vəziyyəti yaradıb. Onun fikrincə, problemin həlli Ermənistanın Qərbə meyllənməsidir.

Paşinyanın son bəyanatları və açıqlamaları bütünlüklə daxili auditoriya üçün nəzərdə tutulub. Ölkənin indiki bərbad vəziyyətində, səngiməyən iqtisadi böhranda və s. Rusiyanı suçlayan Paşinyan administrasiyası İrəvanın üzləşdiyi iqtisadi və siyasi çətinliklərdə "xəyanətkar Rusiya"nın əli olduğuneu vurğulayır.

Rəsmi statistikaya görə, iqtisadi artımın 12 faiz təşkil etməsi də fiksiyadır, çünki bu "artım" Qərbin sərt sanksiyalar tətbiq etdiyi Rusiya Federasiyasının Ermənistandan paralel ixrac məkanı qismində istifadə etməsi ilə bağlıdır. Rusiyanın dövlət və özəl şirkətləriin kontrolunda olan yerli firmaların Rusiyaya "təkrar ixracı" hesabına Rusiyadan Ermənistana pullar axır, Ermənistanda "ixrac artımı" müşahidə edilir.

Paşinyan və komandası hesab edir ki, Qərb ilə, ələlxüsus da ABŞ və Fransa ilə əlaqələrin aktivləşdirilməsi İrəvan üçün mövcud vəziyyətdə yeganə çıxış yoludur.

Ermənistanın baş naziri anlayır ki, ölkə müxalifəti, revanşizm və qisas duyğuları ilə yaşayan ermənilər Azərbaycanla sülh sazişini qəbul etməyəcək, kütləvi etirazlara başlayacaqlar.

Paşinyanın parlamentdəki çıxışında "mənə sürəkli olaraq "xəyanətkar" deyirlər, yenə bir dəfə də desələr, problem deyil - alışmışam" söyləməsi, daha sonra "sülh sazişinin layihəsində Ermənistan üçün potensial olaraq qəbuledilməz, lakin sülh üçün etməli olduğumuz hərtlər ola bilər" deməsi təsadüfi deyil.

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa İttifaqı ölkələrinin zirvə toplantısı keçiriləcək ki, sammitdə Azərbaycan və Ermənistanın da iştirakı gözlənilir.

Nikol Paşinyan məhz həmin gün yekun sülh sazişinin imzalana biləcəyinə işarə vurur və eyni zamanda, Qərbə meylləndiyini də gizlətmir.