Zəngilanda iki növ yeni Xarıbülbül tapılıb

Zəngilandan iki növ yeni Xarıbülbül cinsi tapılaraq "Qırmızı kitab"ın lll nəşrinə əlavə edilib.

Day.Az xəbər verir ki, bunu "Qırmızı Kitab"ın üçüncü nəşrinin təqdimatında jurnalistlərə açıqlamasında Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva deyib.

O bildirib ki, "Qırmızı kitab"ın lll nəşri üçün Qarabağda da təftiş aparılıb.

"Topxana meşəsini də ANAMA-nın iştirakı ilə təftiş etdik. Oranın vəziyyəti, oranın müasir florasını qismən də olsa "Qırmızı kitab"ın lll nəşrinə əlavə etdik. Zəngilandan iki yeni növ aşkar etmişik ki, onlar indiyəcən Azərbaycan florası üçün göstərilməyib. Əməkdaşlarımız Azərbaycan florasında olan, 86 ildir toplanılmayan bitkiləri toplayıblar; onların şəkilləri çəkilib, yerləri müəyyən edilib.

"Qırmızı kitab"ın yazılması həm Botanika İnstitutunun Herbari fondunu zənginləşdirdi, həm də çox yeniliklərə nail olundu. Zəngilandan iki yeni növ Xarıbülbül cinsi tapsaq da, ən çox itməkdə olan da Xarıbülbül növləridir", - deyə o bildirib.

Qeyd edək ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə"yə uyğun olaraq "Qırmızı Kitab"ın hər 10 ildən bir nəşri nəzərdə tutulub.