Nyu-Yorkdakı Türk Evinə hücumun görüntüləri yayılıb

Türkiyənin Nyu-York Konsulluğunun yerləşdiyi və Türkiyə vətəndaşlarının prezident seçkiləri üçün səs verdiyi Türk Evinə hücumun görüntüləri yayılıb.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, Nyu-Yorkda Türkiyə Evinə edilən hücum anbaan təhlükəsizlik kameralarında əks olunub.

Videoda qara paltarlı və qara papaqlı naməlum şəxsin dəmir alətlə pəncərələri qırdığı aydın görünür. Hadisə səhərə yaxın saat 03:14-də baş verib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.