Erməni şousu kədərli bitdi

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Avrasiya İqtisadi Birliyinin Moskva sammitində Nikol Paşinyanın davranışı və açıqlamaları Moskvanın səbir kasasını daşırdı

"Azərbaycanla Ermənistan arasında danışıqlar ABŞ üçün prioritet olaraq qalır", - bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

Mayın 25-də Moskvada baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli zirvə görüşünə münasibət bildirən M. Miller Azərbaycanla Ermənistan arasında razılıq əldə olunana qədər ABŞ-ın danışıqları dəstəkləməkdə davam edəcəyini deyib: "ABŞ Dövlət katibi bir neçə həftə əvvəl Vaşinqtonda iki tərəfi də salamlayıb. Daha sonra Brüsseldə danışıqlar davam edib və davam edən danışıqları dəstəkləyirik. Daha öncə dediyimiz kimi, razılığın əldə olunduğuna inanırıq və həll edilməmiş olan bəzi məsələlərdə ortaq razılığa gəlmək üçün iki tərəfi birgə işləməyə davam etməyə çağırırıq".

Yəni Ağ Ev Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesi diqqətlə və fasiləsiz izlədiyini bir daha vurğulayıb, müzakirə edilən məsələlər arasında hələ çözülməmiş məqamların ən yaxın müddətdə həllini tapmasını istədiyini bəyan edib.

Rəsmi Vaşinqton eyni zamanda, M.Millinin vasitəsilə açıq şəkildə bəyan edir ki, Azərbaycanla Ermənistan arasındakı mövcud problemlərin tənzimlənməsi ABŞ-ın bölgədəki geosiyasi maraqları üçün prioritet məsələdir.

Bundan savayı, Moskvada keçirilən danışıqları "aralıq mərhələ" hesab edən Birləşmiş Ştatlar sülh anlaşmasının əldə olunmasında təşəbbüsü Moskvaya vermək niyyətində deyil.

Amerikalılar müzakirələrlə danışıqların Brüssel mərhələsinə hazırlaşır, eyni zamanda Moskvaya aydın messic verərək deyirlər: "Yekun sülh müqaviləsi faktiki olaraq hazırdır, imzalanmasına da çox qalmayıb. Moskva proseslərə əsas nəzarətçi, baş vasitəçi və əvəzolunmaz moderator olmaq istəyindən əl çəkməli, danışıqlara mane olmamalıdır".

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın Bakıya səfərinin əsas məqsədlərindən biri də bu idi.

Yaşanan proseslərin məzmununu və mahiyyətini anlayan Kreml sürətli, amma ehtiyatlı davranmaq qərarına gəlib.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesini şərh edərkən deyib: "Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür".

O bildirib ki, buna baxmayaraq kimsə tələsmir: "Necə deyərlər, qaçan yerimiz yoxdur".

Mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli zirvə görüşünün nəticələri artıq məlumdur. Hələlik açıqlanmayan məqamlar isə bilavasitə texniki nüanslarla bağlıdır.

20 dəqiqəlik üçtərəfli görüş Ermənistanın baş naziri Nikol Paşinyanın tutduğu isterik mövqe və ifrat radikal, amma tamamilə əsassız iddialarına görə planlaşdırılan sonuc olmadan başa çatdı.

Rusiya Federasiyasının hakimiyyət dairələri üçün də "Paşinyan şou"su gözlənilməz oldu. Ən azı ona görə ki, Rusiyanın XİN başçısı Sergey Lavrovun görüşdən sonra brifinqi nəzərdə tutulsa da, nazir jurnalistlərin qarşısında bir müddət susqun durdu, sonra zalı tərk etdi.

Əslində, Sergey Lavrov nə deyə bilərdi ki... Nikol Paşinyanın isterik şousu danışıqlar və müzakirələrin axarını pozmuş, əsəbləri tarıma çəkmişdi.

Moskvada Avrasiya İqtisadi Birliyinin (AİB) zirvə toplantısında geniş heyətdə aparılan müzakirələrdəki diplomatiya və siyasi etikadan çox kənar, elementar bilik səviyyəsinin nəzərə çarpmadığı demaqogik açıqlamaları ilə Nikol Paşinyan qeyri-adekvat hökumət başçısı olduğunu növbəti dəfə nümayiş etdirdi.

AİB üzvü olan ölkələrin dövlət başçıları, habelə müzakirələrə onlayn qatılmış Kuba Prezidenti belə, N.Paşinyanın danışıqlar aparılsa da, verdiyi vədlərə və üzərinə götürdüyü öhdəliklərə görə cavabdehliklə məsuliyyət daşımaq iqtidarında olmayan fiqur olduğunu gördülər.

Paşinyanın bu demaqoji şousunun Rusiya Prezidenti Vladimir Putini də ifrat dərəcədə qıcıqlandırdığı sezilirdi. Çünki o, AİB sammitindəki danışıqlarla bağlı Moskvaya yollanmazdan əvvəl Kremlə verdiyi vədlərin heç birinə əməl etməyərək yenə də "Laçın dəhlizi, "qarabağlı ermənilərin hüquqlarının və təhlüksizliklərinin təminatı" və s. kimi mücərrəd məsələlərdən bəhs etdi. Onun populizmi isə Moskvanın sammitlə, xüsusilə də Bakı və İrəvan arasında əldə edilə biləcək ilkin razılaşma ilə bağlı planlarını alt-üst etdi.

Məhz Paşinyanın marazmatik davranışı Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin əldə edilməsi istiqamətində Moskva sammitinin həlledici platformaya çevrilməsinə mane oldu. Halbuki Rusiya AİB-in zirvə toplantısında ciddi irəliləyişin əldə ediləcəyini güman edirdi.

Moskvadakı görüş vasitəsilə ABŞ və Avropa İttifaqının sülh sazişi məcrasındakı situasiyada üstünlüyünü dezaviuasiya etməyə, Qərbi qabaqlayaraq lider mövqelərə yiyələnmək istəyən Rusiya məhz Nikol Paşinyanın adekvatlıqdan çox uzaq davranışı, açıqlamaları və ifadədələri nəticəsində ilkin niyyətlərini reallaşdıra bilmədi.

Belə davranışı və açıqlamaları Rusiya heç bir halda Paşinyana bağışlayan deyil.