BƏƏ iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini bir daha təsdiqləyir

BƏƏ iqlim dəyişikliyi ilə mübarizəni davam etdirməyə və bu sahədə qlobal səyləri inkişaf etdirməyə sadiqdir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əlşəmsi COP29 çərçivəsində çıxışı zamanı bildirib.

O, BƏƏ-nin əvvəlki sammitlərdəki aparıcı rolunu qeyd edib və ölkənin davamlı gələcək qurmaq üçün ardıcıl səylərini vurğulayıb.

Nazir sammitdə səmərəli və məhsuldar müzakirələrin aparıldığını qeyd edib.

"COP-a sədrliyi Azərbaycana təhvil verməkdən böyük qürur hissi keçirdik, burada çox isti qarşılandıq", - deyə nazir bildirib.

O, sammitdə səmərəli və məhsuldar müzakirələrin aparıldığını qeyd edib. BƏƏ-nin keçmiş nailiyyətlərindən danışan nazir ölkənin iqlim məqsədlərinə nail olmaq üçün atdığı mühüm addımları, o cümlədən, COP28-ə ev sahibliyini və Paris Sazişində irəliləyişi qiymətləndirmək üçün ilk Qlobal İcmalın (GST) keçirilməsini vurğulayıb.

Amna bint Abdulla Əl Dahak Əlşəmsi keçənilki təşəbbüslərin uğurla həyata keçirilməsindən sonra 2024-cü ili daha bir "davamlı inkişaf ili" elan edən Şeyx Məhəmməd bin Zayedin rəhbərliyi altında BƏƏ-nin iddialı hədəflərini diqqətə çatdırıb.

O, həmçinin, BƏƏ-nin iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə əhəmiyyətli maliyyə töhfəsini qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.