COP29 çərçivəsində "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilir

COP29 çərçivəsində "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə çıxış edərək bildirib ki, davamlı ekosistem yaratmaq məqsədilə Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmaq öhdəliyi götürüb.

"Bu öhdəlik çərçivəsində Azərbaycan hökuməti mobilliyin transformasiyası üçün plan hazırlayıb. İlk növbədə, biz Bakı şəhərində avtomobillə fərdi səfərlərin sayını 40 faiz azaltmağa çalışırıq.

Eyni zamanda, əhalinin 90 faizinin ictimai nəqliyyatdan istifadə imkanını təmin etməyi planlaşdırırıq. Bundan əlavə, mikromobillik üçün infrastruktur yaratmaq niyyətindəyik ki, bu da 100 kilometrdən çox velosiped və skuterlər üçün yolları əhatə edəcək. Məqsədimiz, Bakıda hər hansı bir nöqtəyə çatmaq üçün vaxtın 20 dəqiqədən çox olmamasıdır. Bu proqram metro, dəmir yolu və avtobus sistemlərinin təkmilləşdirilməsi, mikromobilliyin inkişafı, parklanma zonalarının yaradılması, ictimai nəqliyyat üçün xüsusi zolaqların təşkil edilməsi və avtobus şəbəkəsinin optimallaşdırılması da daxil olmaqla 60-dan çox təşəbbüsü əhatə edir", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

 

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.