Qırğızıstan konteyner terminallarını genişləndirməyi və modernləşdirməyi planlaşdırır

Qırğızıstan konteyner terminallarını genişləndirməyi və modernləşdirməyi planlaşdırır.

Day.Az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Qırğızıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Bekjan Rısmendeyev deyib.

"Qırğızıstan Çin Xalq Respublikası və Özbəkistan Respublikası ilə birlikdə yaxın vaxtlarda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlamağı planlaşdırır. Bu, transkontinental dəmir yolu tranzit dəhlizidir. Layihə əslində çox irimiqyaslıdır, investisiyalar çox böyükdür, təxminən 4-7 milyard ABŞ dolları təşkil edir.

Bu layihə Orta Dəhlizlə yüklərin daşınmasına və yük axınının ildə təxminən 7-10 milyon ton artırılmasına imkan verəcək. Yəni, bu, Orta Dəhlizin tranzit potensialının reallaşdırılması üçün böyük layihədir", - o bildirib.

Nazir müavini qeyd edib ki, quru limanların tikintisi ilə yanaşı, Qırğızıstan artıq Çin və Qırğızıstan arasında yol keçidinin tikintisinə başlayıb.

"Bu gün iki sərhəd keçid məntəqəsi var və biz artıq üçüncü keçidi açmışıq. Bu marşrut Çin şəhərləri ilə Bişkek arasındakı məsafəni təxminən 170 kilometr azaldacaq, sərhədyanı ticarət imkanlarını artıracaq. Gələcəkdə bu keçid məntəqəsindən gündə minə qədər nəqliyyat vasitəsini keçirməyi planlaşdırırıq. Bu gün artıq Qırğızıstanın iki şəhərində konteyner terminalları fəaliyyət göstərir. Onların daha da genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı planlarımız var", - nazir bildirib.

O vurğulayıb ki, Qırğızıstan dənizlərdən ən uzaq ölkədir və Avrasiya qitəsinin mərkəzində yerləşir.

"Biz mütləq beynəlxalq dəhlizlər üzərində işləməli və onların fəal iştirakçısı olmalıyıq. Bu gün biz Şərq-Qərb istiqamətində dəhliz üzərində işləyirik. Biz Azərbaycandan da keçən Şimal-Cənub layihəsinin icrasını çox diqqətlə izləyirik", - əlavə edib.