Londonda Gülnarə Cəfərin “Yeddi gözəl” sərgisi baş tutub

İngiltərədə yaşayan azərbaycanlı rəssam Gülnarə Cəfərin Londondakı Müqəddəs Endryu Kilsəsində (St. Andrew`s Church) "Yeddi gözəl" ("Seven Beauties") adlı sərgisi sənətsevərlərin ixtiyarına təqdim olunub.

Bu barədə Day.Az-а Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından ilhamlanaraq hazırlanan sərgi rəssamın mövzuya özünəməxsus müasir baxışını və yaradıcılığının mühüm mərhələlərindən birini əks etdirir.

Gülnarə Cəfərin yaratdığı unikal əsərlərdə XII əsr klassik irsi rəng, forma və duyğuların harmoniyasında yenidən canlandırılıb. Rəssamın hər bir kompozisiyası "Yeddi gözəl"in simvolik qatlarını - gözəlliyi, müdrikliyi və insanın mənəvi zənginliyini - fərdi sənət dili ilə ifadə edir.

 

Gülnarə Cəfərin bu mövzuya xüsusi bağlılığı onun şəxsi həyat hekayəsi ilə də sıx əlaqəlidir. Rəssamın 17 yaşında yaratdığı "Yeddi Gözəl" tablosu ötən əsrin 80-ci illərində Gəncədə mozaik pannoya çevrilib və bu günə qədər şəhərin simvolik sənət nümunələrindən biri kimi qalıb. Təxminən səkkiz il əvvəl Azərbaycanı yenidən ziyarət edərkən həmin mozaikanı təkrar görən rəssam bundan ilhamlanaraq hər bir gözəlin ayrıca rəsmini çəkib.

Sərgi səmimi və ruhlandırıcı atmosferi ilə yadda qalıb. Sənətsevərlər, yaradıcı şəxslər və qonaqlar eksponatlarla yaxından tanış olub, fikir mübadiləsi aparıblar. Tədbir həm yeni əlaqələrin qurulması, həm də Azərbaycan incəsənətinin Londonda geniş auditoriyaya çatdırılması baxımından mühüm platforma rolu oynayıb.

Rəssam sərgiyə qatılan bütün qonaqlara təşəkkür edib, Azərbaycanın mədəni irsinin Londonda yüksək səviyyədə təqdim olunmasından qürur duyduğunu bildirib.

"Seven Beauties" sərgisi Azərbaycan incəsənətinin zənginliyinin, Nizami Gəncəvi irsinin dərinliyinin və çağdaş azərbaycanlı rəssamların beynəlxalq arenadakı uğurlarının növbəti parlaq nümunəsi kimi dəyərləndirilib.