Bu bazarda qiymətlər münasib, alıcılıq zəifdir - Satıcılar danışdı
Həftə sonları səhərin erkən saatlarından etibarən kənd bazarlarında canlanma başlayır. Burada satılan məhsulların əksəriyyəti kəndlilərin öz təsərrüfatlarından birbaşa gətirilir. Təzə meyvə-tərəvəz, süd məhsulları, bal, qoz-fındıq, göyərti və digər ərzaqlar alıcılara təqdim olunur. Seçim imkanları kifayət qədər genişdir.
Day.Az xəbər verir ki, Zaqatalanın Əliyabad kəndində bazarda fəaliyyət göstərən satıcıların sözlərinə görə, bazarda əsasən kəndlilərin öz yetişdirdikləri məhsullar, eləcə də baxıb-bəslədikləri toyuq və cücələr satışa çıxarılır. Onlar bildirirlər ki, satdıqları mallar tamamilə öz həyətlərinin məhsuludur.
Qiymətlərə gəlincə, bazar günü cücələr 8 manata, toyuqlar isə 6-7 manat aralığında təklif olunur. Satıcılar deyirlər ki, hazırda alıcılıq zəifdir:
"Qiymətlər baha deyil, hətta bəzi məhsulları ucuz veririk. Amma yenə də alıcı azdır. Məhsulu nə qədər ucuz qoysaq da, satış çətin gedir. Yanvar-fevral aylarında demək olar ki, qazanc olmur, ziyana işləyirik. Sadəcə alver dayanmasın deyə bazara çıxırıq."
Bazarda pomidorun qiyməti mövsümə görə dəyişir. Xiyar, badımcan, bibər kimi tərəvəzlər də alıcıların maraq göstərdiyi məhsullar sırasındadır. Süd və qatıq kənd istehsalı olduğu üçün daha tez satılır. Bal və qoz-fındıq isə xüsusilə payız-qış mövsümündə daha çox tələbat görür.
Satıcılar bildirirlər ki, yumurta, soğan, kartof, alma və digər məhsulların qiyməti münasibdir. Məsələn, süd və kartof 1 manata, alma da təxminən 1 manata təklif olunur. Buna baxmayaraq, alıcılıq qabiliyyətinin aşağı olması satışlara təsir edir.
Alıcılar isə qeyd edirlər ki, kənd bazarlarında qiymətlər marketlərlə müqayisədə daha münasibdir. Onların fikrincə, əsas üstünlük məhsulların təbii və qatqısız olmasıdır:
"Yaxşı tərəfi odur ki, camaat öz əkdiyi, öz zəhməti ilə yetişdirdiyi məhsulu satır. Qiymətlər də normaldır. Sadəcə alıcılıq qabiliyyəti bir az zəifdir. Ucuzunu axtarırıq, münasibini alırıq."
Şəkinin Dəhnəkənd bazarında da kəndlilər bildirirlər ki, məhsulu birbaşa satmaq onların qazancına müsbət təsir edir və vasitəçi xərclərini aradan qaldırır. Lakin hava şəraiti və nəqliyyat xərcləri bəzən qiymətlərə təsirsiz ötüşmür.
Məsələn, bəzi kəndlilər özlərinin istehsal etdikləri kələmi 25 qəpiyə satdıqlarını deyirlər.
Alıcılar isə əsasən məhsulların təbii olmasına üstünlük verdiklərini bildirirlər. Onların sözlərinə görə, kənd bazarlarında həm qiymətlər münasibdir, həm də məhsulun haradan gəldiyi bəllidir.
Ümumilikdə, bu cür bazarlar yerli istehsalın təşviqi və kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Elcan Turan
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре