Azərbaycanda investisiya üçün ciddi imkanlar var, Qarabağa səfərdən sonra bu fikrim daha da gücləndi

Almaniya şirkətlərinin Azərbaycana birbaşa investisiyaları baxımından hələ də inkişaf üçün kifayət qədər potensial mövcuddur. İnfrastruktur və tikinti layihələrinə maraq göstərən xarici investorlar baxımından müəyyən maraq artıq var.

Day.Az xəbər verir ki, bunu Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Nərgiz Uiek WUF13 çərçivəsində baş tutan "Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq" mövzusunda Biznes Assambleyası sessiyasında deyib.

O bildirib ki, xarici şirkətlərin öz ölkələrində üzləşdiyi uyğunluq tələbləri və risklərin bölüşdürülməsi məsələləri də ciddi faktor olaraq qalır:

"Mən Azərbaycanda investisiya üçün ciddi imkanlar görürəm. Xüsusilə son vaxtlar Qarabağ bölgəsinə etdiyim səfərdən sonra bu fikrim daha da gücləndi. Qarabağda dövlət tərəfindən böyük bərpa və yenidənqurma işləri aparıldığını müşahidə edirik. Hazırda ərazilərin təxminən 30 faizi minalardan təmizlənib və urbanizasiya məhz bu ərazilərdə həyata keçirilir. Burada diqqətçəkən məqam odur ki, əgər planlama "ağıllı kəndlər" və ya sıfırdan şəhər quruculuğu formasında aparılırsa, bu model işləyir. Yəni dövlətin, kommunal xidmətlərin, investorların və inkişaf etdiricilərin güclü marağı olduqda sistem effektiv şəkildə fəaliyyət göstərir".

O əlavə edib ki, çətinlik mövcud infrastrukturun yenilənməsi, yəni dekarbonizasiya proseslərində ortaya çıxır:

"Texnologiyalar baxımından investorlar bərpa olunan enerji həllərinə, batareya saxlama sistemlərinə və ümumilikdə mərkəzləşdirilməmiş enerji modellərinə böyük maraq göstərirlər. Artıq problem texnologiyanın olub-olmaması deyil - texnologiya mövcuddur. Əsas sual budur: bu texnologiyalar layihənin ümumi sisteminə necə inteqrasiya olunur? Yəni məsələ ayrı-ayrı həlllərin gətirilməsi deyil, onların vahid layihə planlamasına daxil edilməsidir".

O vurğulayıb ki, şəhərlərin sənaye potensialı da mühüm faktordur:

"İnvestorlar üçün şəhərin sənaye infrastrukturu olub-olmaması, dekarbonizasiya olunmuş sənaye zonalarının yaradılmasının mümkünlüyü vacib meyarlardandır. Bununla yanaşı, rəqəmsal infrastruktur və şəhər xidmətlərinin bir-biri ilə əlaqələndirilməsi də əsas istiqamətlərdən biridir. Ümumilikdə investorlar üçün bir neçə kritik faktor mövcuddur. İlk növbədə banklaşdırıla bilən layihələr - yəni investisiyanın geri dönüşü, gəlirlik və risk profili aydın olmalıdır. Risklərin bölüşdürülməsi isə xüsusi əhəmiyyət daşıyır. Şəhər inkişafı üçün dövlət-özəl tərəfdaşlığı (PPP) modelinə ehtiyac var. Digər vacib məsələ icazə proseslərinin sürətidir - layihəyə başlamaq üçün lazım olan təsdiqlərin nə qədər tez əldə olunması. Son olaraq isə regional bağlantı məsələsi önə çıxır. Layihələrin görünürlüyü və enerji kimi resursların region daxilində və ya xaricdən təmin olunması imkanları daha çevik olmalıdır. Bu səbəbdən Qafqaz və Mərkəzi Asiya regionunda regional əməkdaşlıq olduqca əhəmiyyət daşıyır".