Çin ağıllı və ekoloji təmiz mənzil təminatını təşviq edir — nazirlik rəsmisi
Çin yeni nəsil təhlükəsiz, ekoloji təmiz və "ağıllı" mənzillərin tikintisinə diqqət yetirmək niyyətindədir.
Day.Az-ın məlumatına görə, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) "Şəhər rifahı və hamı üçün imkanlar naminə mənzil təminatı" mövzusunda keçirilən panel sessiyası zamanı Çin Xalq Respublikasının Mənzil Tikintisi, Şəhər və Kənd İnkişafı Nazirliyinin baş iqtisadçısı Van Şentszyun bildirib.
Onun sözlərinə görə, Çin əhalisinin mənzil ehtiyacları dəyişir - vətəndaşlar getdikcə təkcə ev sahibi olmağa deyil, həm də onun keyfiyyətinə üstünlük verirlər.
"İndi insanlar daha yaxşı evlərdə yaşamaq istəyirlər. Ona görə də biz təhlükəsiz, rahat, yaşıl və intellektual mənzil konsepsiyasını təşviq edirik", - deyə o qeyd edib.
Van Şentszyun vurğulayıb ki, bu konsepsiya təkcə yeni tikintilərə deyil, həm də köhnə mənzil fondunun modernləşdirilməsinə də şamil olunur.
"Biz köhnə evləri keyfiyyətli, müasir mənzillərə çevirməyə çalışırıq. Bu, təkcə kommersiya təyinatlı mənzillərə deyil, həm də sosial mənzillərə aiddir", - deyə o əlavə edib.
Baş iqtisadçı qeyd edib ki, Çin rəhbərliyi ucuz torpaq resurslarının ayrılması, vergi və maliyyə güzəştləri, habelə aşağı faiz dərəcələri ilə uzunmüddətli maliyyələşdirmə vasitəsilə sosial mənzil tikintisinə mühüm dəstək göstərir.
Nazirlik rəsmisinin sözlərinə görə, ölkədə sosial mənzillərin ədalət və növbəlilik prinsiplərinə əsaslanan şəffaf bölgü sistemi fəaliyyət göstərir.
"Bir çox şəhərlərdə növbə sistemi yaradılıb. Bunun sayəsində vətəndaşlar müraciət edərək öz mənzil ehtiyaclarını və ödəniş qabiliyyətlərini qeyd edə bilirlər, bundan sonra isə mənzillər şəffaf şəkildə bölüşdürülür", - deyə Van Şentszyun qeyd edib.
Van Şentszyun əlavə edib ki, bu cür tədbirlər təkcə əhalinin mənzil problemlərinin həllinə kömək etmir, həm də dayanıqlı sosial-iqtisadi inkişafa və Çin şəhərlərinin rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре