Azərbaycan "2030 Gündəliyi"nə mühüm töhfə verə bilər

Yerli icmaların və QHT-lərin qlobal proseslərdə iştirakının genişləndirilməsi Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyinin və BMT-nin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə Azərbaycanın verə biləcəyi əsas töhfələrdən biri ola bilər.

Bunu Trend-ə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası(WUF13) çərçivəsində UN-Habitat təşkilatının tərəfdaşlıqlar şöbəsinin nümayəndəsi Uiklif Tonqva bildirib.

Onun sözlərinə görə, Azərbaycan forum çərçivəsində ölkədə formalaşan tərəfdaşlıqlar, eləcə də yerli və beynəlxalq təşkilatlar arasında əlaqələrin inkişafı vasitəsilə 2030 Gündəliyinin təşviqinə mühüm töhfə verə bilər.

"Mənim ölkələrə çağırışım ondan ibarətdir ki, yerli icmaların və QHT-lərin imkanlarını genişləndirsinlər, həmçinin onları fəal əməkdaşlığa və qlobal proseslərdə iştiraka təşviq etsinlər", -deyə o vurğulayıb.

Tonqva həmçinin Yeni Şəhər Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) icrası proseslərinə yerli icmaların cəlb edilməsinin vacibliyini qeyd edib.

Onun fikrincə, bu istiqamətlər üzrə məlumatların və hesabatlılıq mexanizmlərinin əhaliyə çatdırılması yaxşı və düzgün başlanğıc olacaq.