"Urban Expo"da yüksək səviyyəli iştirakdan təsirləndim - İsrail səfiri
"Urban Expo"da həm dünyanın müxtəlif ölkələrinin milli stendlərinin, həm də Azərbaycan şirkətlərinin müxtəlif biznes təqdimatlarının yüksək səviyyədə iştirakından təsirləndim.
Day.Az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Trend-ə müsahibəsində deyib.
O, həmçinin Azərbaycana həsr olunmuş ayrı-ayrı ekspozisiyaları, o cümlədən "Sea Breeze" və "White City" (Ağ Şəhər) pavilyonlarını xüsusi vurğulayaraq onları ən təsirli ekspozisiyalar adlandırıb.
"Azərbaycanın gözəlliyini nümayiş etdirən bəzi ekspozisiyalar məni son dərəcə heyran etdi. Ələlxüsus milli pavilyon, həmçinin "Sea Breeze" və "White City" layihələri seçilirdi. Bunlar indiyədək gördüyüm ən təsirli pavilyonlardan idi", - deyə diplomat əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirəcək.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре