Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib
İyunun 11-də Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının Baş nazirinin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov 2026-cı il 5-10 iyul tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasına hazırlıq işlərinin mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. Bildirilmişdir ki, tədbirin yüksək səviyyədə təşkili ilə bağlı təsdiq edilmiş İş planının icra vəziyyəti Koordinasiya Şurasının və aidiyyəti dövlət orqanlarının diqqət mərkəzindədir.
İclasda Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti tərəfindən 2023-cü və 2024-cü illər üzrə aparılmış effektivlik üzrə özünüqiymətləndirmə hesabatından irəli gələn məsələlər üzrə aidiyyəti dövlət orqanlarının gördüyü işlər barədə Koordinasiya Şurası üzvlərinin təqdim etdiyi məlumatlar dinlənilmiş və müzakirə edilmişdir.
Eyni zamanda, "Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə risk qiymətləndirilməsi" hesabatı Koordinasiya Şurası tərəfindən təsdiq edilmişdir və Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər nəzərdən keçirilmişdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре