Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
Sevil Mikayılova
Milli Məclisin deputatı, IPU vitse-prezidenti
Dil təkcə ünsiyyət vasitəsi deyil. O, xalqın tarixi yaddaşı, milli kimliyi, mənəvi irsi və dövlətçiliyinin əsas sütunlarından biridir. Azərbaycan dili əsrlər boyu xalqımızın mədəniyyətini, ədəbiyyatını, adət-ənənələrini və milli dəyərlərini yaşadaraq bu günümüzə qədər gətirib çıxarıb. Məhz buna görə də hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təkcə təqvimdə əlamətdar tarix deyil, həm də milli özünüdərkin, dövlətçilik şüurunun və mənəvi birliyin təntənəsidir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan bu əlamətdar gün Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, latın qrafikalı əlifbanın tam tətbiqi və ana dilinin gələcək nəsillərə saf şəkildə ötürülməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi idi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: "Dil hər bir millətin milliliyinin əsasıdır. Biz dilimizlə fəxr etməliyik." Bu fikir əslində Azərbaycan dövlətinin dil siyasətinin fəlsəfəsini ifadə edir. Çünki dilini qoruyan xalq öz milli kimliyini, tarixini və dövlətçiliyini də qorumuş olur.
Azərbaycan dilinin dövlət dili statusu qazanması heç də asan başa gəlməyib. Xüsusilə ötən əsrin 70-ci illərində SSRİ-də milli dillərin sıxışdırılması siyasəti daha da gücləndirilmişdi. O dövrdə milli respublikalarda ana dili məsələsini açıq şəkildə gündəmə gətirmək böyük siyasi cəsarət tələb edirdi. Keçmişdə bu mövzuda çıxış edən ziyalıların repressiyalara məruz qalması həmin dövrün reallığını aydın şəkildə göstərirdi.
Belə mürəkkəb şəraitdə Heydər Əliyev Azərbaycan dilinin hüquqlarının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirdi. O, Konstitusiya müzakirələri zamanı ana dilində təhsil hüququnun vacibliyini xüsusi vurğulayır, Azərbaycan dilinin dövlət idarəçiliyində və ictimai həyatda layiqli yer tutmasının zəruriliyini ardıcıl şəkildə müdafiə edirdi.
Bu mübarizənin ən mühüm nəticələrindən biri 1978-ci il aprelin 2-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının daxil edilməsi oldu. SSRİ dövrünün sərt ideoloji şəraitində qəbul olunan bu qərar Azərbaycanın milli-mənəvi tarixində dönüş nöqtəsi hesab edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət dili məsələsi yeni məzmun qazandı. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bununla da dilimiz ilk dəfə müstəqil Azərbaycan Respublikasının əsas qanununda öz hüquqi statusunu aldı.
Sonrakı illərdə Heydər Əliyev tərəfindən qəbul edilən mühüm qərarlar Azərbaycan dilinin inkişafında yeni mərhələ yaratdı. 2001-ci il 18 iyun tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman dövlət dilinin tətbiqinə dair kompleks hüquqi mexanizmlər formalaşdırdı və Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.
Həmin ilin 9 avqust tarixli Fərmanı ilə isə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi. Bu qərar latın qrafikalı Azərbaycan əlifbasına keçidin başa çatdırılması və ana dilinə dövlət səviyyəsində göstərilən diqqətin rəmzi ifadəsinə çevrildi.
2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun isə dövlət dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin müstəqil dövlətçiliyin başlıca atributlarından biri olduğu xüsusi vurğulanır.
Bu gün Ümummilli Liderin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və müasir çağırışlara uyğun şəkildə davam etdirilir.
Latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində çapı, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı", elektron məkanda Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi və dövlət dilinin saflığının qorunmasına dair fərmanlar bu siyasətin mühüm istiqamətlərini təşkil edir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan dili kifayət qədər zəngin olduğundan xarici sözlərə ehtiyac yoxdur. Dövlət başçısı hesab edir ki, ana dilinin saflığının qorunması yalnız dilçilərin deyil, bütövlükdə cəmiyyətin, xüsusilə media nümayəndələrinin, yazıçıların, müəllimlərin və ziyalıların ümumi məsuliyyətidir.
Bu baxımdan, 2025-ci il 31 iyul tarixində imzalanan Fərmanla Azərbaycan dilinin tətbiqinə və dil normalarına əməl olunmasına nəzarət səlahiyyətinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilməsi dövlət dilinin qorunması istiqamətində həyata keçirilən islahatların yeni mərhələsini təşkil edir.
Rəqəmsallaşma, sosial media və qlobal informasiya axını dillərin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, müəyyən risklər də formalaşdırır. Xarici sözlərin həddindən artıq işlədilməsi, sosial şəbəkələrdə dil normalarının pozulması və orfoqrafiya qaydalarına laqeyd münasibət ana dilinin saflığı baxımından ciddi çağırışlar yaradır.
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində söylədiyi fikirlər bu gün də xüsusi aktuallıq daşıyır: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır."
Bu çağırış xüsusilə jurnalistlər, televiziya aparıcıları, müəllimlər, alimlər və ictimai rəyə təsir göstərən şəxslər üçün böyük məsuliyyət müəyyən edir. Çünki media cəmiyyətdə dil mədəniyyətinin formalaşmasına birbaşa təsir göstərən əsas vasitələrdən biridir.
Heydər Əliyevin "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" fikri Azərbaycan dilinin dövlətçilik tarixində tutduğu yeri ən dolğun şəkildə ifadə edir. Ana dili xalqın milli yaddaşıdır. Tariximiz, ədəbiyyatımız, folklorumuz, musiqimiz və milli-mənəvi irsimiz məhz bu dil vasitəsilə gələcək nəsillərə ötürülür.
Azərbaycan dili bu gün təkcə ölkəmizin dövlət dili deyil. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız üçün milli mənsubiyyətin, vətənə bağlılığın və mənəvi birliyin əsas rəmzidir.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü də məhz bu həqiqəti bir daha xatırladır: müstəqil dövlətin gücü yalnız iqtisadi və hərbi qüdrəti ilə deyil, həm də milli-mənəvi dəyərlərinə, dilinə və mədəniyyətinə göstərdiyi qayğı ilə ölçülür.
Bu gün Azərbaycan dili dövlət idarəçiliyində, elmdə, təhsildə, mediada, rəqəmsal texnologiyalarda və beynəlxalq müstəvidə öz mövqeyini davamlı şəkildə möhkəmləndirir. Onun saflığını qorumaq, zənginliyini inkişaf etdirmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq isə hər bir vətəndaşın mənəvi borcu olaraq qalır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре