Vüqar Rəhimzadə: "Avropa Oyunları çox yüksək səviyyədə başa çatacaq"
Day.Az представляет новость на азербайджанском языке.

"Anti-Azərbaycan, erməni və ermənipərəst qüvvələr maksimum çalışırlar ki, Azərbaycanın nüfuzlu bir tədbirə ev sahibliyi etməsinə kölgə salsınlar".

Bu sözləri Milli.Az-a "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. Onun sözlərinə görə, Azərbaycana qarşı düşmən mövqe seçən qüvvələr ölkəmizə qarşı qara piar kampaniyasına start veriblər. Müxtəlif saytlar, QHT-lər vasitəsi ilə çalışırlar ki, Azərbaycanda keçiriləcək möhtəşəm yarışla bağlı mənfi rəy yaratsınlar.

V.Rəhimzadə hesab edir ki, bütün bunlar əbəs deyil. "Azərbaycan öz gücü və nüfuzu ilə istənilən beynəlxalq layihələri reallaşdırmağa qadir olan ölkədir. Qarşıdan gələn Avropa Oyunları da çox yüksək səviyyədə başa çatacaq. Azərbaycan bununla bağlı kifayət qədər hazırlıq işləri həyata keçirib", - o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan dünya birliyində çox yüksək nüfuza sahib olan ölkələrdən biridir. Ölkəmiz həm iqtisadi gücünə, həm də siyasi çəkisinə görə dünyada nüfuz sahibi olan ölkələrdən birinə çevrilib.

"Lakin qısqanc və bizə bəd gözlə baxan anti-Azərbaycan ünsürlər, ermənipərəst qruplar maksimum çalışırlar ki, Azərbaycanın dünyadakı nüfuzuna kölgə salsınlar. Ancaq düşünürəm ki, onların bu cür əməlləri qarşıdan gələn Avropa Oyunlarının reallaşdırılmasına heç cür təsir göstərə bilməz", - deyə o vurğulayıb.

Azərbaycanın yüksək hazırlıq şəraitində bu işləri həyata keçirməyə qadir olduğunu deyən V.Rəhimzadə, həmçinin onu da qeyd edib ki, dünya birliyi Azərbaycanın gücünü, qüdrətini, o cümlədən belə möhtəşəm tədbirlərə ev sahibliyi etməyə qadir olmasını bir daha görəcək.

"Möhtərəm cənab prezidentimiz İlham Əliyevin rəhərliyi ilə və yaradılmış təşkilat komitəsinin rəhbərliyi ilə Avropa Oyunları çox yüksək səviyyədə reallaşacaq", - o qeyd edib.