Azərbaycanın haqlı mövqeyi MDB çərçivəsində də dəstəklənir - Könül Nurullayeva
Ermənistan-Azərbaycan müharibəsinin həlli, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi regionda sağlam əməkdaşlıq platformasını daha da dərinləşdirmək üçün yeni imkanlar açır.
Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
MDB Dövlət başçıları Şurasının onlayn formatda keçirilən toplantısında səslənən fikirlərdən də aydın oldu ki, Ermənistanın uzun illərdən bəri davam edən işğal siyasəti MDB məkanında siyasi əməkdaşlıq mühitinə mənfi təsir edib. Təşkilata üzv dövlətlər bu mühiti sağlamlaşdırmağı vacib hesab edirlər. Bu mənada Azərbaycanın öz suveren hüququndan istifadə edərək, tarixi torpaqlarını azad etməsi və işğala son qoyması MDB dövlətləri tərəfindən də müsbət qarşılanır. Zirvə toplantısında Azərbaycan Prezidenti qalib dövlətin rəhbəri qismində proqram xarakterli çıxış edərək, vacib məqamlara diqqət çəkdi. Ən önəmli məsələlərdən biri də Vətən müharibəsi zamanı hadisələrin gedişinin dünya mediasında qeyri-obyektiv işıqlandırılması ilə bağlıdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu müddətdə əksər hallarda münaqişənin tarixi, mahiyyəti ilə bağlı təhrif olunmuş, qeyri-dəqiq və qərəzli məlumatlar verilib. Məhz Azərbaycanın səyləri nəticəsində, həmçinin informasiya təminatı ilə bağlı göstərilmiş səylər sayəsində Azərbaycana münasibətdə illərlə formalaşmış neqativ fonu dəyişmək və dünya birliyinə həqiqəti çatdırma mümkün oldu. Yəni, Azərbaycan 44 gün ərzində həm də informasiya cəbhəsində uğurlu nəticə əldə etdi. Dünya nəhayət, qəbul etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tarixi ərazisidir və regionda status-kvo heç bir halda sonsuza qədər davam edə bilməzdi. Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyi münaqişənin həllinə mane olsa da, sonda yenə də Azərbaycan öz gücü hesabına status-kvonu dəyişdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi.
Müharibənin nəticələri isə məlumdur - Azərbaycan işğalçı dövlət üzərində qələbə qazanıb. Müharibə nəticəsində Ermənistanın hərbi potensialının 80 faizi məhv edilib. Ali baş komandanın da söylədiyi kimi, Azərbaycan üçün bu Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçı müharibə idi.
MDB Dövlət Başçıları Şurasının toplantısında bir daha aydın oldu ki, üzv dövlətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Ermənistan isə bu təşkilat çərçivəsində də faktiki təklənib. Təşkilata üzv dövlətlərin də yanaşması bundan ibarətdir - post konflikt dövründə Ermənistan müharibənin nəticələrindən dərs alaraq, destruktiv mövqeyindən əl çəkməli, regionda sülh və sabitliyin möhkəmlənməsinə çalışmalıdır. Çünki sülh və sabitlik fonunda əməkdaşlıq həm də Ermənistanın özü üçün yeganə çıxış yoludur. İşğal siyasəti, qonşulara qarşı əsassız ərazi iddiaları birmənalı şəkildə yolverilməzdir. Ermənistan bu pozucu mövqeyindən əl çəkməsə, heç bir əməkdaşlıq platformasında yer ala bilməyəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре