Ağalı kəndində sakinlərin rifah içərisində yaşaması üçün bütün zəruri şərait yaradılıb

Zəngilana qayıdışın ikinci mərhələsində ümumilikdə 25 ailənin məcburi köçkünlük həyatına son qoyulub. Sentyabrın 7-si 12 ailə olmaqla 63 sakinin doğma dədə-baba yurdlarına, Ağalı kəndinə köçü baş tutub. Sentyabrın 9-da isə daha 13 ailənin köçü baş tutacaq.

Day.Az Trend-ə istinadən bildirir ki, sakinləri kənd mərkəzində qarşılayan Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev doğma yurduna qayıtmaları münasibəti ilə onları təbrik edərək gözaydınlığı verib.

Sakinlərə kənd haqqında məlumat verilib və bildirilib ki, sakinlərin rifah içərisində yaşaması üçün kənddə bütün zəruri şərait yaradılıb.

"Hər birinizi salamlayıram. Bu gün biz Ağalı kəndinə köçün 2-ci mərhələsini həyata keçiririk. Artıq növbəti 12 ailənin 63 üzvü kənddədir və bir neçə dəqiqədən sonra evləri ilə tanış olacaqlar, mənzillərin açarları onlara təhvil veriləcək. Bildiyiniz kimi, iyulda 41 ailədən ibarət 201 nəfər artıq Ağalı kəndinə köçürülüb. Demək olar ki, bütün infrastruktur xidmətlər Ağalı kəndində mövcuddur - ASAN xidmət, poçt, bank, supermarket şəbəkələri və s. Yəqin, kəndin girişində də gördünüz, artıq yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir və əlbəttə ki, bütün bu fəaliyyət sahələrində bizim Ağalı kəndinin camaatı, sakinləri çalışırlar. Bu gün köçürülən sakinlərin arasında müəllimlərimiz də var və biz burada inşa edilən 360 nəfərlik məktəbdə son hazırlıq işləri aparırıq ki, şagirdlər yeni dərs ilində məktəbə gedə bilsinlər", - V.Hacıyev qeyd edib.