Təyyarə qəzasında yaralanmış Azərbaycan vətəndaşlarının zərurət yarandıqca evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlər görülür

Bu gün "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlər görülür.

Day.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının bu gün keçirilən iclasında deyilib.

Bildirilib ki, xəsarət almış şəxslərə zəruri yardım göstərilməsi və bundan irəli gələn digər məsələlərin həlli ilə bağlı qazaxıstanlı həmkarlarla hökumət üzvləri səviyyəsində daimi sıx təmasların və birgə səylərin həyata keçirildiyi vurğulandı. Komissiya üzvlərinə səlahiyyətləri üzrə müvafiq işlərin aparılması ilə bağlı tapşırıqlar verildi.