Aktauda qəzaya uğrayan təyyarənin son tam texniki yoxlanışı bu ilin oktyabrında aparılıb

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli "Embraer 190" təyyarəsi 2013-cü ildə istehsal edilib.

Bu barədə Day.Az-а AZAL-dan məlumat verilib.

Bildirilir ki, istehsalçının seriya nömrəsi: 19000630. Hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir.

"Hava gəmisinin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.

 

Təyyarəni idarə edən və böyük təcrübəyə malik olan hava gəmisinin kapitanı İqor Kşnyakin 15 min saatdan çox uçuş həyata keçirib ki, onlardan təxminən 11 200 saatını kapitan qismində olub", - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.