Səhvən başqa karta pul köçürmüsünüz?

Səhvən başqa şəxsin kartına pul göndərmək bir çoxunun başına gələn xoşagəlməz hallardandır.

Day.Az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə görə, bu hal Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən "əsassız varlanma" hesab olunur.

Yəni hüquqi əsas olmadan başqa şəxsin hesabına daxil olan vəsait geri qaytarılmalıdır.

Belə vəziyyətdə ilk olaraq öz bankınıza müraciət etməlisiniz. Bankınız köçürmənin hansı banka edildiyini müəyyən edib qarşı tərəfin bankına rəsmi bildiriş göndərir. Daha sonra həmin bank öz müştərisinə məlumat verir ki, hesabına səhvən vəsait daxil olub. Əksər hallarda vəsaiti alan şəxs pulu könüllü şəkildə geri qaytarır. Əgər bu baş verməzsə, siz məhkəmə qaydasında hüquqlarınızı bərpa edə bilərsiniz.

Nə etmək lazımdır?

Dərhal reaksiya verin: Səhvi fərq edən kimi bankın qaynar xətti ilə əlaqə saxlayın. Əməliyyat "pending" statusundadırsa, dayandırmaq mümkün ola bilər.

- Bankınıza rəsmi müraciət edin: Yazılı və ya onlayn qaydada şikayət yaradın ki, proses rəsmi şəkildə başladılıb.

- Sübutları toplayın: Ödəniş qəbzini saxlayın, əməliyyat tarixçəsinin ekran görüntüsünü götürün, kart nömrəsi və köçürmə vaxtını qeyd edin.

- Qarşı tərəfin geri qaytarmasını gözləyin: Bank vasitəsilə məlumat verildikdən sonra çox vaxt vəsait könüllü qaytarılır.

- İmtina olarsa məhkəməyə müraciət edin: Bankdan rəsmi cavab aldıqdan sonra iddia qaldıraraq pulu və mümkün zərəri geri tələb edə bilərsiniz.

Unutmayın ki, qarşı tərəfin pulu qaytarmaması bəzi hallarda hüquqi məsuliyyət yarada bilər. Buna görə də prosesi vaxtında və düzgün aparmaq çox vacibdir.

Belə hallardan qorunmaq üçün isə köçürmə zamanı kart sahibinin adını yoxlayın, tez-tez istifadə etdiyiniz hesabları "sevimlilər"ə əlavə edin və imkan olduqda QR kodla ödəniş edin.

Nəsimi Ələsgərli