WUF13 təcrübəsi Nigeriyada tətbiq olunacaq - Şəhərsalma mütəxəssisi
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı (WUF13) təcrübələrin Nigeriyada tətbiqi planlaşdırılır.
Day.Az xəbər verir ki, bunu nigeriyalı şəhərsalma üzrə mütəxəssis Faiz Ezi WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.
O hesab edir ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) mənzil problemlərinin həlli baxımından ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Mütəxəssis bildirib ki, dünyada mənzil problemi qlobal xarakter daşıyır və forum bu istiqamətdə təcrübə mübadiləsi üçün mühüm platformadır.
"Nigeriyadan WUF13-də iştirak etmək üçün gəlmişik. Forumun əsas mövzusu dünyada mənzil təminatıdır. Azərbaycana bir neçə gün əvvəl gəlmişik və artıq müşahidə etmişik ki, burada yaşayış binalarının tikintisinə böyük diqqət ayrılır. Memarlıq dizaynları olduqca maraqlıdır və öyrənilməyə dəyər təcrübələr var", - deyə o vurğulayıb.
Faiz Ezi qeyd edib ki, forum çərçivəsində əldə olunan bilik və təcrübələri Nigeriyada tətbiq etməyi planlaşdırırlar.
"Biz də Nigeriyada mənzil problemi ilə üzləşirik. Burada öyrəndiklərimizi ölkəmizə qayıtdıqdan sonra yerli şəraitə uyğunlaşdırmağa çalışacağıq. Forumun növbəti günlərində daha faydalı nəticələr gözləyirik", - deyə o əlavə edib.
O həmçinin Nigeriya rəhbərliyinin forumda yüksək səviyyədə təmsil olunmasının əhəmiyyətinə toxunaraq bildirib ki, bu, yeni əməkdaşlıqlar və mümkün memorandumların imzalanması üçün imkan yarada bilər.
"Buna ehtiyacımız var. Düşünürəm ki, aparılan danışıqlar həm Nigeriyanın, həm də dünyanın inkişafına töhfə verəcək", - deyə Faiz Ezi yekunlaşdırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре