ADA Universitetində VIII Respublika İngilis Dili Olimpiadasının Qalibləri Mükafatlandırılıb

ADA Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Baku Information Education Center (BEIC) və "Ultra Technologies" şirkətinin tərəfdaşlığı ilə Respiblika üzrə 8 və 9-cu sinif şagirdləri arasında keçirilən Akademik Məqsədlər üçün VIII İngilis Dili Olimpiadası uğurla yekunlaşıb.

Day.Az xəbər verir ki, olimpiadanın əsas məqsədi məktəblilərin akademik ingilis dili biliklərini qiymətləndirmək, həmçinin onların bu istiqamətdəki potensialını daha da inkişaf etdirməyə təşviq etməkdən ibarətdir.

Mayın 15-də baş tutan mükafatlandırma mərasimində rəsmi tərəfdaşlarla yanaşı, olimpiadada yüksək nəticə göstərmiş 126 məktəbli, təhsil müəssisələrinin rəhbər şəxsləri və final mərhələsində ən yüksək göstərici əldə etmiş 15 şagirdin ailə üzvləri iştirak ediblər.

Böyük maraqla gözlənilən ilk üç yerin qalibləri məhz tədbir zamanı elan olunub və ADA Universiteti, eləcə də tərəfdaş qurumlar tərəfindən xüsusi hədiyyələrlə təltif ediliblər. Olimpiadanın birincisi ADA Universiteti və Baku Information Education Center-in dəstəyi ilə Böyük Britaniyada təşkil olunacaq Qlobal Gənc Liderlər proqramında iştirak etmək imkanı qazanıb.

İkinci və üçüncü yerlərin sahiblərinə isə "Ultra Technologies" şirkəti tərəfindən müasir noutbuklar təqdim edilib. Bundan əlavə, müsabiqədə yüksək nailiyyət qazanan ilk 300 şagird sertifikatla təltif olunub.

Miqyasına görə fərqlənən bu layihəyə maraq olduqca böyük olub. ADA Universitetinin yaratdığı xüsusi onlayn portal vasitəsilə Bakı şəhəri üzrə 291, Naxçıvan Muxtar Respublikası üzrə 40 və ölkənin digər regionları üzrə 343 məktəbdən ümumilikdə 1982 şagird qeydiyyatdan keçib. Olimpiadanın ilk mərhələsi coğrafi əlçatanlığı təmin etmək məqsədilə fərqli regionlarda təşkil olunub. Belə ki, qeydiyyatdan keçən şagirdlərdən 1316 nəfəri ADA Universitetinin Bakı kampusunda, 322 nəfəri Gəncə şəhərindəki 24 nömrəli tam orta məktəbdə, 77 nəfəri Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbdə, 122 nəfəri isə Lənkəran rayonunun S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində biliklərini sınayıb.

İştirakçılar arasında ən yüksək nəticə göstərən 126 şagird aprelin 25-də təşkil olunan II mərhələyə vəsiqə qazanıb və yekunda mayın 15-də keçirilən yekun mükafatlandırma mərasiminə dəvət alıb.