Demensiyadan qorunmaq üçün nə qədər yatmaq lazımdır?

Yuxu üzrə mütəxəssis, somnoloq Coşua Rolanın sözlərinə görə, yuxu beynin sağlamlığı üçün əsas rol oynayır.

Day.Az-ın məlumatına görə, yuxu zamanı beyin gün ərzində toplanan məlumatları emal edir, yaddaşı möhkəmləndirir, əhval-ruhiyyəni tənzimləyir və toksinləri orqanizmdən çıxarır.

Kifayət qədər yatmamaq bu prosesləri pozur və beynin funksiyalarına mənfi təsir göstərir.

Həkim qeyd edir ki, xroniki yuxusuzluq depressiya, yüksək təzyiq və demensiya riskini artırır. Araşdırmalar göstərir ki, az yuxu beyin hüceyrələrinin Alzheimer xəstəliyi ilə əlaqəli beta-amiloid və tau zülallarından təmizlənməsini zəiflədir. Bu isə uzunmüddətli dövrdə yaddaşın və koqnitiv qabiliyyətlərin zəifləməsinə gətirib çıxara bilər.

Mütəxəssis ideal yuxu norması kimi gündə ən az 7 saat yuxunu tövsiyə edir. 9 saatdan çox yatmaq da bəzi hallarda risklərlə əlaqələndirilir. Əsas məsələ təkcə yuxunun miqdarı deyil, keyfiyyətidir - tez-tez oyanmalar, yuxu apnesi kimi pozuntular beynin bərpa prosesini zəiflədir.