Yol polisindən sürücülərə

Day.Az представляет новость на азербайджанском языке

Bakıda keçiriləcək beynəlxalq idman tədbiri ilə əlaqədar paytaxtın Azadlıq meydanı istiqamətində kəsişən bütün prospekt və küçələrdən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, bu məqsədlə avtomobillər üçün alternativ olaraq bəzi yollarda əksinə hərəkət etmək imkanı yaradılıb: "Alternativ yol olaraq sürücülər üçün Neftçilər prospekti ilə Azadlıq meydanına daxil olmadan Rəşid Behbudov küçəsi ilə kəsişmədən sağa dönərək Zərifə Əliyeva küçəsi ilə əks istiqamətdə Azadlıq prospekti ilə kəsişməyədək, eləcə də Azadlıq prospekti ilə əksinə gedərək Üzeyir Hacıbəyov küçəsi kəsişməsindən sağa dönməklə Cavanşir körpüsü istiqamətində hərəkət edə biləcəklər. Eyni zamanda, Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən dönərək Bakı Dəniz Limanı istiqamətində hərəkət etmək mümkündür. Bu məqsədlə yollarda müvafiq nişanlar və ayırıcı sədlər də qoyulub".

V.Əsədov bununla əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara xəbərdarlığını da çatdırıb: "Əhalidən xahiş edilir ki, həmin ərazidə və yollar istiqamətində sıxlığın, tıxacın yaranmaması üçün Neftçilər prospektindən ümumiyyətlə az istifadə etsinlər. Eyni zamanda, Dənizkənarı Bulvara və ya ərazidəki digər istirahət mərkəzlərinə şəxsi minik avtomobilləri ilə deyil, ictimai nəqliyyatdan istifadə etməklə getmələri tövsiyə olunur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.