“Bu, sözlə ifadəsi mümkün olmayan rəzil bir hərəkətdir” – Qabil Hüseynli

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında nüfuzu çox yüksəkdir və yüksəlməkdə də davam edir. Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını ölkəmizdə keçirmək qərarı və 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi İslam ölkələrində çox böyük rəğbətlə qarşılanıb. İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində də Azərbaycanın bu təşəbbüsləri, yəni İslam Həmrəyliyi Oyunları keçirməsi və 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan etməsi xüsusi vurğulanıb".

Day.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Qabil Hüseynli deyib.

Qeyd edək ki, martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XIII sammiti keçirilib. Prezident İlham Əliyev sammitdə iştirak edib. Tədbirin sonunda İslamabad Bəyannaməsi qəbul edilib. Bəyannamə siyasi, iqtisadi, ticarət, nəqliyyat, informasiya və kommunikasiya, enerji və digər sahələrdə üzv ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi baxımdan yeni vəzifə və tapşırıqlar müəyyən edir. Siyasi sahədə üzv ölkələr dövlət başçıları səviyyəsində BMT Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərə, xüsusilə dövlətlərin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə öhdəliklərini bir daha vurğulayırlar. Həmçinin, bəyannamədə ECO regionunda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə icrasına, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə olunaraq, bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunur. Sənəddə xarici işğal amili də öz təsbitini tapıb.

Q.Hüseynli bildirib ki, ECO Dağlıq Qarabağ məsələsində demək olar, həm BMT-yə, həm də digər beynəlxalq təşkilatlara öz təzyiqini artırır, məsələnin obyektiv, beynəlxalq hüquq çərçivəsində həll edilməsi istiqamətində səylərini gücləndirir: "Biz ECO-nun timsalında özümüzə çox böyük müttəfiq qazanmışıq. Azərbaycanın bu təşkilatla münasibətlərinin yüksək səviyyədə olması ölkəmizə çox böyük dividentlər gətirir. Azərbaycan hal-hazırda İslam ölkələri arasında nümunəvilik, ölkənin potensialı və dünya siyasətində oynadığı çevik rol baxımından barmaqla sayıla biləcək qədər İslam ölkələrindən biridir. Bu da ECO tərəfindən xüsusi dəyərləndirilir. Qarabağ məsələsinin hər dəfə ECO-nun sammitində vurğulanması çox əhəmiyyətlidir. Çünki bu, problemin həllinə yeni-yeni stimullar verir və bir növ həm ATƏT-in Minsk qrupunu, həm də BMT-nin həmişə ayaqda saxlanılmasına kömək edir. Digər tərəfdən, Azərbaycan diplomatiyasının uğurlu siyasətinə təkan verir. ECO sözün həqiqi mənasında Azərbaycan üçün çox böyük dayaqdır. Eyni zamanda Azərbaycan ECO-nun dəyərlərinin və imkanlarının yayılmasında, təbliğ edilməsində əhəmiyyətli rol oynayır".

Qeyd edək ki, Qırğızıstan ECO sammiti çərçivəsində nazirlər toplantısında İslamabad bəyannaməsinin siyasi müddəalarına qoşulmadığını bildirib. Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qırğızıstanın mövqeyinin tamamilə başa düşülməz olduğunu bildirib. O qeyd edib ki, bu mövqe ilə Qırğızıstanın kimin dəyirmanına su tökməsi də ciddi sual doğurur.

Q.Hüseynli bununla bağlı olaraq deyib ki, rəsmi Bişkek hər zaman Rusiyanın təsiri ilə hərəkət edib: "Qırğızıstanın bu mövqeyi nəinki anlaşılmazdır, nəinki qəribədir, bu, əcaib bir mövqedir. Qırğızıstan prezidenti Almazbek Atambayev istefa vermək niyyətinə düşəndə gedib Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşmiş və Putinin bir növ razılığını almağa çalışmışdı. O, Putinin hələ işini davam etdirməyi məsləhət görməsini qürurla mətbuata bəyan etmişdi. Yəni, Qırğızıstan mən deyərdim, suverenliyinin böyük bir hissəsini Rusiyaya güzəştə getmiş türkdilli respublikalardan biridir. Bu həmin Qırğızıstandır ki, onun başqa bir prezidenti - hazırda Moskvada yaşayan Əskər Akayev vaxtilə İrəvana gedib qondarma soyqırımı abidəsinə gül çələngi qoymuş və qondarma soyqırımı abidəsi qarşısında baş əymişdi. Bu ölkə türkçülük şüuruna kifayət qədər yiyələnməyib, eyni zamanda Moskvadan çox asılıdır. Moskva ona 1milyard dollar həcmində kredit verib və bu kreditin müqabilində Moskvanın ətrafında kölə kimi sürünür. Qırğızıstanın ECO-da belə bir mövqe sərgiləməsi də bilavasitə Moskvaya xoş gəlmək üçün atılmış addımdır. Onlar yaxşı bilirlər ki, Ermənistan Moskvanın forpostu, oyuncağıdır. Bilirlər ki, burada ECO sammitinin yekun bəyannaməsinin siyasi müddəalarının böyük hissəsi Ermənistanın təcavüzünə yönəlib. Bu nöqteyi-nəzərdən həmin müddəalara qoşulmamaqla Moskvanın, eləcə də Ermənistanın xoşuna gəlmək istəyir. Bu, çox yaramaz, cılız bir mövqedir. Beş-üç qəpik üçün Moskvanın qarşısında qul kimi əyilib həqiqəti deməmək, özü də türkdilli respublikalarından birinə qarşı olan təcavüzü pisləməmək rəzalətdir. Çox yaxşıdır ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu rəzalətə cavab verib. Düzdür, Xarici İşlər Nazirliyi buna diplomatik formada cavab verib. Amma əslində bu hərəkət sözlə ifadə edilməsi mümkün olmayan rəzil bir hərəkətdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.