Dəm qazı zəhərlənmələri “mövsumu” yaxınlaşır

Day.Az представляет новость на азербайджанском языке.

Havaların soyuması ilə dəm qazı zəhərlənməsi mövzusu yenidən aktuallaşır

Noyabrın 2-də Astarada ailə faciəsi baş verib. Hadisə rayonun Şiyəkəran kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Leyli Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şəmkar, 2008-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Rzanın evdə meyiti tapılıb. Araşdırmalardan sonra onların dəm qazından zəhərlənərək öldükləri məlum olub.

Təəssüflər olsun ki, belə bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlər bu ailə ilə kifayətlənmir. 2013-cü ilin təkcə yanvar ayında 311 nəfər dəm qazından zəhərlənmişdi. Payızın girməsi ilə bərabər, hələ soyuq qış ayları gəlməmiş, ölkəmizdə artıq 10-a yaxın insan dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Bəs insanı boğan və zəhərləyən dəm qazı probleminin kökü haradan gəlir? Bu qədər insanın həyatını məhv edən dəm qazı probleminin səbəbi nədir, kimdir günahkar?

Dəm qazından zəhərlənmə necə baş verir?

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov qəzetimizə açıqlamasında dəm qazından zəhərlənmələrin səbəbləri haqqında məlumat verdi. Ekspertin sözlərinə görə, qazdan zəhərlənmələr və boğulmaların böyük əksəriyyəti əhalinin etinasızlığı səbəbindən baş verir: "İnsanın həyat fəaliyyəti üçün havada 21 faiz oksigen olmalıdır. Dəm qazı yığılaraq oksigeni sıxışdırır və bunun nəticəsində boğulma əmələ gəlir, bundan sonra insan tələf olur. Dəm qazı karbon 2 oksiddir, zəhərli qazdır. 7 dəqiqədən 30 dəqiqəyədək müddətdə insanı zəhərləyir. Tənəffüs zamanı qaz udulduqda, qan bədən üzvlərinə və hüceyrələrə oksigen daşımaq qabiliyyətini itirməyə başlayır. Evlərdə karbon monoksidin yaranma səbəbləri müxtəlifdir. Əsas səbəb odur ki, evin tüstü bacaları vaxtlı-vaxtında təmizlənmir və nəzarətdə saxlanılmır. İkincisi, əhali etinasızlıq edərək gecə qazı açıq qoyub yatır. Havatəmizləyici bacalar və borularda qazın çıxmasına əngəl törədən nasazlıqlar yarandıqda, insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu isə nəticədə qazdan boğulmaya və zəhərlənməyə gətirib çıxarır".

Qorunma yolları

Dəm qazından qorunma yollarından danışan ekspert vurğuladı ki, ilk növbədə insan özü diqqətli olmalıdır: "Dəm qazından qorunmaq üçün dördgözlü sobalar olan otaqda uzun müddət yatmaq, istirahət etmək, oturmaq olmaz. Bu, qəti sürətdə qadağandır. Tüstü bacası olan qaz cihazlarının tüstü bacaları ildə bir dəfə, qış mövsümü qabağı təmizlənməlidir. Tüstü bacaları yoxlanılmadığından ola bilər ki, yay müddətində quşlar orada yuva sala bilər, pişik düşüb orada ölə bilər, içində uçqun ola bilər, qazı çəkə bilməz. Təcrübələrə görə, əsasən dəm qazından zəhərlənmələr vanna və yataq otaqlarında olur. Vanna otaqlarının qapısının altında 0,02 diametr ölçülərində deşiklər olmalıdır ki, oradan hava daxil olsun. Bir kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmazlığı olanda cihazlar karbon 4 oksid əvəzinə karbon 2 oksid hasil edir. Bu da çox zəhərlidir. Cihazlara xüsusi fikir vermək lazımdır. Xaricdən gələn cihazların çoxu bizim yerli struktura, yerli şəbəkələrin təzyiqinə uyğun deyil. Bəzən isə naşı ustalar, cihazın qaz keçən deşiklərini bir də deşib böyüdürlər və bu zaman qazın yanma prosesini pozurlar. Bu səbəbdən dəm qazından zəhərlənmə hallar baş verir".

Tüstü bacalarını kim təmizləməlidir?

N.Qasımovun sözlərinə görə, Azərbaycanda bacaların təmizliyini vaxtlı-vaxtında yoxlamaq üçün heç bir qurum fəaliyyət göstərmir: "Su qızdırıcılarının (kalonkaların) tüstü bacaları kvartalda bir dəfə təmizlənməlidir. Çox təəssüf ki, heç bir azərbaycanlı deyə bilməz ki, mənim tüstü bacamı gəlib təmizlədilər. 30 ilə yaxındır bu məsələ başlı-başına buraxılıb. Bu əlbəttə, "Azəriqaz"-ın səlahiyyətinə daxil deyil. Əvvəllər yanğından "könüllü mühafizə cəmiyyəti" adlanan bir qurum var idi ki, onlar hər kvartalda gedib tüstü bacalarını yoxlayırdılar. Bu məsələ hazırda açıq qalıb, heç kim bu işlə məşğul olmur".

Problemin qarşısını almaq üçün qaz təsərrüfatı işçiləri abonentlər arasında güclü maarifləndirmə işləri aparmalıdır: "Sovet dövründə hansısa bir məkanda əgər qazla əlaqədar partlayış, boğulma, yaxud da dəm qazından zəhərlənmə halları olurdusa, bu bütün respublikalarda müzakirə olunurdu və əhali arasında geniş təbliğat işləri aparılırdı. İndi isə bu işlər tamam unudulub. Araşdırmalar göstərir ki, əhali qazdan istifadə edərkən təhlükəsizlik qaydalarına riayət edə bilmir. Onlar özləri də bilməyərək bir faciəni törədirlər. Bu səbəbdən əhali arasında maarifləndirmə işləri gücləndirilməlidir. Əsasən qış aylarında belə faciələrin qarşısını almaq üçün qaz təsərrüfatı işçiləri bu işlə ciddi məşğul olmalıdırlar".

Özünü qoruyanı, Allah da qoruyur

Sonda ekspert bir kəlamı sitat gətirərək bildirdi ki, heç kimə arxayın olmaq lazım deyil: "Belə bir müdrik deyim var: "Özünü qoruyanı, Allah da qoruyur". İlk növbədə insanlar özləri özlərini qorumalıdır və bunun üçün də qazdan təhlükəsiz istifadə qaydalarını öyrənməli və onlara riayət etməlidirlər".
Bəzi mütəxəssislər hesab edirlər ki, ölkədə dəm qazından boğulmaların əsas səbəblərindən biri də xaricdən ölkəyə gətirilən qaz sobalarıdır. Xüsusilə İrandan gətirilən sobalar iki il öncəyədək əsas təhlükə mənbəyi hesab olunurdu. Bəs bu gün ölkə bazarında satışa çıxarılan sobalar standartlara uyğundurmu və bununla bağlı monitorinqlər aparılırmı?

İrandan gətirilən sobaların hamısı təhlükəli deyil

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bizimlə söhbətində komitə tərəfindən təhlükəli cihazların satışdan çıxarılması ilə bağlı tədbirlər görüldüyünü bildirdi: "İki il bundan öncəyə kimi İran İslam Respublikasında standartlara uyğun istehsal olunmayan qaz sobalarını bəzi yerli idxalçılar ucuz başa gəlsin deyə, təhlükəsizlik klapanları üzərində olmadan ölkəyə gətirirdilər və ucuz qiymətə istehlakçılara satırdılar. Bir çox bədbəxt hadisələr məhz sobaların təhlükəsizlik normalarına cavab verə bilmədiyi səbəbindən yaranırdı. Komitənin nəzarət tədbirləri nəticəsində bu məhsulların bazardan çıxarılması və satışının qadağan olunması ilə bağlı tədbirlər görüldü. Bu haldan sonra sevindirici fakt ondan ibarətdir ki, İrandan idxal olunan sobalar məhz tələb olunan standartın tələbi əsasında, yəni üzərində həmin o təhlükəsizlik klapanları ilə gətirilərək satışı həyata keçirildi və komitənin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən məhz o tələblərə cavab verən sobalar satışa çıxarılır". F.Talıblı bildirdi ki, İranda istehsal olunan sobalar təhlükəlidir - deyib, istehlakçıları çaşdırmaq düzgün olmazdı: "İstehlakçılar sertifikatı olan, üzərində Azərbaycan dilində tərcümə olunmuş texniki təlimatı olan sobaları almaqdan çəkinməsinlər və o sobaların quraşdırılması məsələsi də məhz texniki təlimatlarda göstərildiyi kimi olmalıdır".

Zəhərlənmənin simptomları və ilkin tibbi yardım

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov qəzetimizə açıqlamasında dəm qazından zəhərlənmənin simptomları haqqında məlumat verdi: "İlkin olaraq adamda başağrıları yaranır, üz nahiyəsində qızarma olur, ürək bulanma, qusma əlamətləri də müşahidə oluna bilir. Sadaladığım əlamətləri duyan adam o mühitdən çıxa bilirsə, hər şey yaxşı olur. Amma hamam otağında məsələ bir az çətinləşir. Belə ki, istinin təsiri nəticəsində dəm qazından boğulma daha tez əmələ gəlir. Çünki isti nəticəsində qan-damar sistemi güclü işləməyə başlayır, qanın damarlarda hərəkəti intensivləşir. Bu isə orqanizmin xeyrinə deyil. Beyinin zəhərli qanla təchizi insan həyatına güclü təhlükə yaradır. Dəm qazının yuxu gətirmə xüsusiyyəti də var". A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə zəhərlənən adamın huşunu özünə gətirmək üçün ona azca naşatır spirti iylətmək lazımdır: "Belələri vaxt itirmədən açıq havaya çıxarılmalıdır. Həmçinin üzərləri qalın yorğanla örtülməlidir. Çünki zəhərlənmə vaxtı bədənin hərarəti enir və sonra ağciyərlərdə fəsadlar yarada bilər. Onlara isti şirin çay da vermək olar. Həmçinin onun ağız boşluğunda selik təmizlənməli və həkimə müraciət etmək lazımdır. Dəm qazından zəhərlənmələrdə ölüm ehtimalı qapalı mühitdəki qazın sıxlığından asılıdır. Göstəricilər belədir ki, qanda zəhər 7-8 faizdən çox olursa, bu, ağır haldır. Şübhəsiz, yardım olmasa, bu halda zəhərlənən şəxs həyatını itirir. Amma dəm qazından zəhərlənən şəxs vaxtında xəstəxanaya çatdırılsa, onun həyatını xilas etmək mümkündür".
 

/Kaspi.az/