Silah ağır olsa da.... - FOTO
.jpg)
Day.Az представляет новость на азербайджанском языке
Gənclərin çağırışaqədərki hazırlığı fənni üçün yaradılan hərbi kabinetlər bu dərsə marağı artırıb
Əvvəllər gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsi üçün məktəblərdə hərbi kabinetlər olurdu. Bu siniflərdə dərs nəzəri olaraq öyrədilməklə yanaşı, həm də təcrübə olaraq keçirilirdi. Şagirdlər dərslərdə silahların istifadəsi, onların sökülüb-yığılması və s işləri əyani olaraq öyrənirdilər. Son illər bu fənn dərs kimi tədris olunsa da, təcrübə cəhətdən şagirdlər məlumatsız qalırdılar.
Bu il Təhsil Nazirliyi tərəfindən pilot layihə çərçivəsində 50 ümumtəhsil məktəbində müasir standartlara cavab verən hərbi kabinetlər yaradıldı. Bildirildi ki, hərbi kabinetlərdə vizual elektron təlim avadanlıqları quraşdırılıb. Eyni zamanda kabinetlər təlim üçün nəzərdə tutulmuş müasir avtomatlar, tapançalar, qumbaralar və minalar ilə təchiz olunub. Biz də bu siniflərdə dərsin keçirilməsi, şagirdlərin bu avadanlıqlarla işləmə bacarıqlarının necə olmasını öyrənmək qərarına gəldik. Bu məqsədlə də 46 nömrəli tam orta məktəbəki hərbi kabinetdə keçirilən dərslərdən birində iştirak etdik.
Həqiqi silahlarla eyni, amma təhlükəsiz...
Biz otağa daxil olanda hələ ki dərs başlamamışdı. İlkin olaraq otaqla, oradakı avadanlıqlarla tanış olduq. Otağın divarlarından dərslə bağlı məlumatlar əks olunan lövhələr asılıb. Otaq dərsin keçirilməsi üçün lazım olan bütün avadanlıqlarla təmin olunub. Dərs başlamamış gənclərin çağırışaqədərki hazırlığı fənnini 13 ilə yaxındır ki, tədris edən Vaqif Abbasovla söhbət apardıq. Müəllim deyir ki, hərbi bilikləri ötürən təlim üçün nəzərdə tutulan avadanlıqlar həqiqi silahlardan yalnız atəş konstruksiyası ilə fərqlənir. Bu silahlar ağırlıq və atəş zamanı istifadə cəhətdən həqiqi silahlarla eyni olsa da, tam təhlükəsizdir. Elektron təlim avadanlıqları xüsusi mexanizm və proqram təminatına malikdir.
Hərbi kabinetlər bu dərsə marağı artırıb
V.Abbasov bildirdi ki, hərbi kabinetlərin yaradılması çox müsbət bir addım oldu. Çünki şagirdlər artıq bu fənni həm də praktiki olaraq öyrənə bilirlər: "Ötən tədris ilinin sonlarında 50 məktəbdə hərbi kabinetlər yaradılması ilə bağlı qərar verildi. Bizim məktəbdə də yaradıldı. Otaq müasir texnoloji avadanlıqlar, proyektorlar, kompyuterlərlə təmin olundu. Şagirdlərə proqrama uyğun olaraq silahlardan istifadə etmə qaydaları, maddi-texniki hissələr, atəş açma qaydaları öyrədilir. Əvvəllər bu silahlar yox idi. Biz nəzəri olaraq şagirdlərə məlumatları aşılaya bilirdik. Amma təcrübə olaraq şagirdlər silahlar, onlardan istifadə mexanizmlərini bilmirdilər".
Müəllimin sözlərinə görə, xüsusi kabinetin ayrılması və təcrübə keçmək üçün avadanlıqların olması şagirdlərdə bu fənnə həvəsi daha da artırıb: "Silahlarla işləmək şagirdlər üçün maraqlıdır. Biz müharibə dövründə yaşayırıq. Hər birimizin hərbi ilə bağlı müəyyən biliklərə malik olmağımız müsbət cəhətimizdir. Şagirdlərimiz təlim silahları ilə maraqlanırlar, öyrənməyə çalışırlar. Əgər mövzumuz təlim silahları olurdusa, biz əvvəllər ancaq nəzəri olaraq dərs keçirdik. Bir də plakatlarda onlara şəkillər nümayiş etdirirdik. Amma hazırda müasir silahların dərsdə istifadə olunması şagirdlərdə böyük maraq yaradıb".
Hərbi bacarıqlı şagirdlər
V.Abbasov deyir ki, bu dərsdə iştirak edən hər bir şagird hərbi ilə bağlı məlumatlı olur, texnikalarla işləməyi öyrənir. Amma hər sinifdə hərbi sahə üzrə qabiliyyətli olan və daha çox həvəs göstərənlər də var. Bu cür həvəsli olanlar tək oğlanlar deyil, həm də qızlardır: "Hər il müəyyən sayda şagird hərbi məktəblərə üz tutur. Dərslərdə də hərbi sahəyə maraq göstərən şagirdlər çoxdur. Son illər qızlarda da bu sahəyə maraq çoxalıb. Marağın olması ilə yanaşı, bu dərslərdə öz qabiliyyəti ilə seçilən şagirdlər də var. Düzdür, sinifdəki hər bir şagird hərbi sahəni seçə bilməz. Amma hər biri maraqlanırlar".
Daha sonra zəng vuruldu və şagirdlər sinfə daxil oldular. Müəllim siyahı üzrə şagirdlərin dərsdə olub-olmadığını yoxladı və sonra dərs başladı. Hər bir şagirdin bu dərsdə aktiv olduğunu desəm, düzgün olmaz. Amma dərsdə çox fəal iştirak edən şagirdlər az deyildi. Çox adam hərbi sahədə oğlanların aktiv olduğunu düşünsə də, qızların da dərsə marağı müəllimin əvvəlki dərslərdən verdiyi suallara hamıdan tez cavab verməsi ilə göründü. Silahlarla bağlı ötən ildən keçirilən dərslərlə bağlı şagirdlərin biliklərini yoxladıqdan sonra müəllim yeni dərsi izah etdi. Daha sonra təcrübə olaraq silahların istifadəsini əyani olaraq şagirdlərə başa saldı.
Oğlanlar əsgərliyə hazırlaşır, qızlar özü üçün öyrənir
Müəllimin verdiyi suallara cavab verən şagirdlər arasında qızlardan Fidan Tahirova seçilirdi. O qəzetimizə müsahibəsində bildirdi ki, yeni yaradılan hərbi kabinetlərdə dərs daha maraqlı olur: "Biz bu otaqda dərsdə müəllimin nəzəriyyə kimi izah etdiklərini artıq təcrübə olaraq da mənimsəyə bilirik. Bunun üçün otaqda hər bir avadanlıq var. Hərbi dərsə bütün sinif yoldaşlarım maraq göstərirlər. Amma silahlar ağır olduğundan ilk vaxtlar qızlar üçün bir az çətin gəlirdi. Buna baxmayaraq, biz öyrənməyə çalışırdıq, çünki bu, bizim üçün vacib idi. Mən bütün fənləri yaxşı öyrənməyə çalışıram. Amma hərbinin öz marağı var. Məncə, bu dərsdə öyrədilənləri hər bir qız və oğlan bilməlidir".
Kərimov Emin deyir ki, hərbi kabinetin yaradılması ilə onların bu fənnə marağı daha da artıb. Çünki bu fənn təcrübə olaraq daha maraqlıdır: "Hər dəfə dərsin mövzusu fərqli olur və biz də yeni nələrsə öyrənirik. Oğlanların əsgərliyə hazırlığı üçün bu dərsi öyrənməsi lazımdır. Hələ ki, silahların işlədilməsi ilə bağlı o qədər də qabiliyyətim yoxdur. Amma öyrənə bilərəm. Deyə bilmərəm ki, sırf hərbi sahəni seçəcəm. Amma hər bir vətən oğlu kimi mən də hərbi biliklərə malik olmalıyam. Düzdür, bu dərsdə oğlanların daha bacarıqlı olduğunu düşünürəm. Amma qızlarımız da dərsdə çox fəal iştirak edirlər".
Hərbi dərsini sevdiyini deyən Emiliya Sepehran hələ ki əlinə silah almadığını bildirdi. Silahın ağırlığına görə bu sahədə bacarıqsız ola biləcəyini düşünən müsahibim bizim iştirak etdiyimiz dərsdə bu qorxusunu dəf etdi: "Hərbi mənim xoşuma gələn dərslərdən biridir. Hələ ki, dərsimizin mövzusu silahlarla bağlı olmayıb deyə əlimə silah almamışdım. Silahların çox ağır olduğunu deyirdilər. Buna görə bir az da qorxum var idi. Amma indi istifadə etdim və bacarmayacağım bir iş deyilmiş. Düzdür, silah ağır olsa da, qızlar da güclüdürlər. Amma yenə də düşünürəm ki, bu dərsi oğlanlar daha yaxşı mənimsəyirlər. Çünki onlar bu sinifdə hərbi sahəyə fiziki və psixoloji olaraq hazırlaşırlar. Onlar hərbi sahəni seçməsələr də, əsgər gedirlər. Buna görə də bu biliklər onlara çox lazım olur".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
kaspi.az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре