Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı yaşanır

Day.Az представляет новость на азербайджанском языке

Təmirlə əlaqədar Bakı-Sumqayıt yolunda yaranan tıxac səbəbindən vətəndaşlar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına axın etdilər.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu elə ötən gün eleketrik qatarında çəkilən fotodan da aydın görmək mümkündür. Məlumata görə, ötən gün axşam saatlarında Bakı Sərnişin Stansiyasından Bakı-Biləcəri-Xırdalan istiqamətinə gedənlər çox olduğundan əksər sərnişinlər bu istiqamətlərə ayaq üstə getməli olublar.

Odur ki, sərnişin sıxlığının qarşısını almaq üçün bu gündən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti bir sıra addımlar atıb.

Bakı Sərnişin Stansiyasının rəisi Nizaməddin Eminovun sözlərinə görə, bu gündən artıq pik saatlarda yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə vaqonlar birləşdirilib. Bu proses Bakı-Sumqayıt yolunda təmir işləri yekunlaşana qədər davam edəcək.

Qeyri-iş günlərində isə qatarlar əvvəlki qayda ilə hərəkət edəcəklər.

Nizaməddin Eminov bildirdi ki, adi günlərdə Bakıdan elektrik qatarı ilə Biləcəri-Xırdalan-Sumqayıt istiqamətinə 3000-3500 sərnişin daşınırdısa, ötən gün bu rəqəm daha artıq olub.

Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yoluna yeni asfalt-beton örtüyünün çəkilməsi ilə əlaqədar yolun bir neçə zolağında məhdudiyyət tətbiq edilib. Elə bu səbəbdən də yolda uzun tıxaclar yaranmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı yaşanır