Zöhrə Ağamirova Bakıda keçirilən Avropa çempionatında daha iki finala yüksəlib

Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında daha iki finala yüksəlib.

Trend xəbər verir ki, bu gün 31.050 bal toplayan Zöhrə Ağamirova gürzlərlə hərəkətlər üzrə təsnifatda üçüncü yeri tutaraq finala yüksəlib. 95.750 xalla (beşinci yer) Z.Ağamirova çoxnövçülükdə finala yüksəlib.

Zöhrə Ağamirova lentlə hərəkətlərdə finala çıxa bilməyib, 28.900 xal toplayaraq 17-ci yeri tutub.

Xatırladaq ki, dünən təsnifat mərhələsində Zöhrə Ağamirova halqa və topla hərəkətlərdə finala yüksəlib.

Digər azərbaycanlı gimnast İlona Zeynalova finala vəsiqə qazana bilməyib. Proqramın gürzlərlə təsnifatında 25.250 xalla 34-cü, lentlə hərəkətdə isə 24.400 xalla 36-cı yeri tutub. Çoxnövçülükdə İ.Zeynalova 76,950 xalla 38-ci yeri tutub.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir.

Yarışlar "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilir. Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər .

Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası təmsil edirlər.

Xatırladaq ki, Avropa çempionatının birinci günü Azərbaycanın Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası qrup hərəkətlərində çoxnövçülük və beş topla proqramda iki bürünc medal qazanıblar.