Belarusdan olan müşahidəçidən seçkilərlə bağlı

Hazırkı seçki müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, bütün Azərbaycan ərazisində keçirilir və bu, ölkə üçün tarixi hadisə, tarixi məqamdır.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Belarus Respublikası Milli Məclisi Respublika Şurasının iqtisadiyyat, büdcə və maliyyə məsələləri üzrə daimi komissiyasının sədr müavini Dmitri Demidov deyib.

"Biz MDB Ölkələrinin Parlamentlərarası Assosiasiyasının xətti ilə parlamentlərarası əməkdaşlığımız çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə beynəlxalq müşahidəçi kimi gəlmişik. Biz bura xoş niyyətlə gəlmişik, çünki Azərbaycan Respublikası ilə Belarus Respublikası uzun müştərək tarixə malikdir və indiki inkişaf mərhələsində biz Azərbaycan Respublikası kimi etibarlı, zamanın sınağından keçmiş tərəfdaşı yüksək qiymətləndirir və bütün sahələrdə əlaqələri inkişaf etdiririk.

Bura qarşılıqlı iqtisadi və siyasi dəstək daxildir, çünki ölkələrimiz öz xalqlarının mənafeyinə uyğun balanslaşdırılmış, müstəqil, suveren siyasət yürüdürlər ki, bu da bizi birləşdirir. Təbii ki, biz Azərbaycan Respublikasının inkişaf dinamikasını məmnuniyyətlə görürük.

Sülhün hökm sürməsi və Azərbaycan Respublikasının bütün ərazisində uzun onilliklər ərzində ilk dəfə keçirilən seçkinin xüsusi əhəmiyyət kəsb etməsi xüsusilə əlamətdardır. Bu, çox əlamətdar bir məqamdır. Biz başa düşürük ki, bu, tarixi hadisədir, Azərbaycanın gələcəkdə uğurlu və sabit inkişafının açarıdır", - o qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.