Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür

Martın 21-də Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ictimai xadim Səməd Vurğunun doğum günüdür. Onu Azərbaycan xalqına sevdirən şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, həm də dərin mənalılıqdır. Şairin ədəbiyyatımızın qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Səməd Vurğunun anadan olmasından 120 il ötür.

Səməd Vurğun hələ gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı, çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olub. Təhsil illərində Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Emin və digərlərinin əsərlərini oxuyub. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Şairin ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunub. 1930-cu illərdə şairin "Könül dəftəri" və "Şeirlər" kitabları çapdan çıxıb. 1934-cü ildə yazdığı "Azərbaycan" şeiri ədəbiyyatımızın incilərindən hesab olunur. 1937-ci ildə "Vaqif", sonrakı illərdə "Xanlar", "Fərhad və Şirin", "İnsan" dramlarını, "Zəncinin arzuları", "Muğan", "Aygün" və "Zamanın bayraqdarı" poemalarını qələmə alıb.

Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında böyük şairin 120 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.