İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "Mastercard" şirkəti arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Day.Az xəbər verir ki, əməkdaşlıq çərçivəsində ölkəmizdə qabaqcıl kibertəhlükəsizlik texnologiyasının tətbiqi, təşkilati və ekosistem səviyyəsində kiberdayanıqlılığın gücləndirilməsi, startapların inkişafı və innovasiyanın dəstəklənməsi, o cümlədən kibertəhlükəsizlik sahəsində peşəkar bacarıqların və liderlik potensialının artırılması nəzərdə tutulur.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "Mastercard" şirkətinin rəhbər heyəti ilə görüş zamanı dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayaraq bildirib ki, qabaqcıl texnoloji təcrübənin öyrənilməsi və tətbiqi Azərbaycanın rəqəmsal inkişaf və innovasiya sahəsində milli prioritetlərinin reallaşdırılmasına xidmət edir. R. Həsənov, həmçinin qeyd edib ki, "Mastercard"la kibertəhlükəsizlik istiqamətində əməkdaşlığa xüsusi önəm veriləcəkdir: "Əməkdaşlığımızın mühüm istiqaməti kibertəhlükəsizlik sahəsində rəqəmsallaşma, innovasiya və insan kapitalının inkişafı olacaqdır. Ortaq layihələrimizə "Mastercard" şirkətinin aparıcı ekspertləri cəlb olunacaq və Azərbaycandakı həmkarları ilə birgə təcrübə mübadiləsi aparılacaq ".

"Mastercard" ilə əməkdaşlıq çərçivəsində startapların inkişafını sürətləndirmək məqsədilə kompleks dəstək mexanizmləri həyata keçiriləcək. Bu çərçivədə startapların seçimi və akselerasiyası, maliyyə resurslarına çıxışının təmin olunması, beynəlxalq ekspert və investor şəbəkələrinə çıxış, eləcə də mentorluq və bacarıqların artırılması təmin olunacaq. Eyni zamanda, startapların yerli və qlobal bazarlara çıxışı və kommersiyalaşdırılması üçün geniş imkanlar yaradılacaq.

Bununla yanaşı, Memorandum çərçivəsində regional liderlik və ölkələrarası əməkdaşlıq proqramının reallaşdırılması nəzərdə tutulur. Proqram müxtəlif təşkilatlar, maliyyə institutları və şirkətlərin informasiya təhlükəsizliyi üzrə rəhbər heyətlərinin bir araya gəlməsi, təcrübə mübadiləsi, aktual mövzuların müzakirəsi və xarici dövlətlərlə müvafiq sahə üzrə əməkdaşlıq məqsədini daşıyacaq.

Kibertəhlükəsizlik sahəsində dayanıqlı insan kapitalının yetişdirilməsi də əməkdaşlığın mühüm istiqamətini əhatə edəcək. Belə ki, insan kapitalının inkişafı çərçivəsində təlim proqramları, kibertəhlükəsizlikdə idarəçilik, risklərin idarə edilməsi və komplayens üzrə təhsil və mentorluq proqramları həyata keçiriləcək.

Bu tərəfdaşlıq çərçivəsində Azərbaycanın regional innovasiya və kibertəhlükəsizlik mərkəzi kimi mövqeləndirilməsi, eləcə də daha geniş MDB regionunda dayanıqlılığın gücləndirilməsi, bacarıqların inkişafı, institutlararası əməkdaşlığın və məhsul və xidmətlərin ixrac potensialının təşviqinə yönəlmiş strukturlaşdırılmış regional proqramların həyata keçirilməsi nəzərdə tutulur.

"Mastercard" şirkətinin xidmətlər üzrə baş direktoru Kreyq Vosburq Azərbaycanda rəqəmsal transformasiya, innovasiya və insan kapitalının inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb: "Azərbaycan rəqəmsal texnologiyanın sürətlə inkişaf etdiyi ölkələrdəndir. Zənnimcə, bu əməkdaşlıq təcrübə mübadiləsi baxımından hər iki tərəf üçün faydalı olacaqdır".

Qeyd edək ki, "Mastercard" 200-dən çox ölkədə fəaliyyət göstərən və əsasən ödəniş sistemləri üzrə ixtisaslaşan qlobal texnologiya şirkətidir. Şirkət qabaqcıl texnologiyalar, kibertəhlükəsizlik həlləri və dataya əsaslanan xidmətlər vasitəsilə təhlükəsiz və inklüziv rəqəmsal əməliyyatların həyata keçirilməsi istiqamətində həllər təqdim edir. "Mastercard" hökumətlərə, özəl sektora və fərdlərə uzunmüddətli və dayanıqlı rəqəmsal ekosistemin qurulmasında dəstək olmaq məqsədilə innovasiya, qlobal tərəfdaşlıq və rəqəmsal infrastrukturun inkişafını təşviq edir.