Diplom və BACARIQ: Ali təhsilin həqiqi dəyəri NECƏ ÖLÇÜLÜR?
"Diplomla bağlı cəmiyyətdəki psixoloji baxış dəyişməlidir".
Bunu Day.Az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
O, ali təhsil diplomunun müasir dövrdə nə qədər əhəmiyyətli olduğundan danışıb.
Ekspert bildirib ki, ali təhsil tarixən əsasən təhsil bacarıqları üzərində qurulub.
"Diplom və ya təhsil haqqında hüquqi sənəd, təhsil müddətində hansısa ixtisasa aid bacarığı əldə etməyi təsdiqləyir. Lakin bacarıq və diplomu eyni müstəvidə müqayisəyə cəlb etmək doğru deyil. Ali təhsil müddətində toplanan bacarıqlar 4 il ərzində formalaşan bilik və vərdişlərin toplamıdır. Diplom isə bu bacarıqları hüquqi şəkildə təsdiqləyən sənəddir.
Diplom müəyyən mənada formasiyaya keçmiş və dəyərləndirmə baxımından məhdudlaşmış hüquqi sənəddir. Bununla belə diplom hər zaman əhəmiyyətini saxlayır və praktikada xüsusilə xanımlar üçün müəyyən bir sosial arqument rolunu oynayır. Bacarıqlar diplomun kölgəsində qalmaz, əksinə, onlar diplomla birgə təhsil sisteminin əsas göstəricisi hesab olunur", - deyə o bildirib.
E.Nuri qeyd edib ki, dünyanın istənilən yerində müəyyən bir ixtisasa yiyələnməyi təsdiqləyən sertifikat və diplom lazımdır:
"Lakin diplomla bağlı cəmiyyətdəki psixoloji baxış dəyişməlidir. Rəqəmsal dövrdə diplomlar artıq fiziki formada olmayacaq, sadəcə təsdiqləyici sertifikat funksiyasını yerinə yetirəcək. Əsas məsələ odur ki, əldə olunan bilik və bacarıqlar hüquqi və etibarlı şəkildə təsdiqlənsin.
Nəticədə diplom həmişə olacaq, yalnız forması və məzmunu zamanla dəyişəcək. Bacarıqların əldə olunması və iş həyatında fərqləndirici rolu diplomla birgə mövcud olmalıdır. Rəqəmsal diplomlar təhsil haqqında sənəd rolunu qoruyacaq və tamamilə imtina etmək absurddur. Bu sənəd həm hüquqi, həm də peşəkar etibarlılığı təmin edən əsas vasitədir," - o deyib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре