“Pozitiv insanlara qeyri-ciddi yanaşırlar”

Day.Az представляет новость на азербайджанском языке

Orxan Oruc: "Dünyanın ən inkişaf etmiş ölkələrində psixoloji xidmət də ən inkişaf etmiş səviyyədədir"

Əvvəllər psixoloqa müraciət etməkdən çəkinən insanlar bu gün rahatlıqla bu sahənin mütəxəssislərinə üz tuturlar, öz dərdlərini danışırlar. Hətta artıq psixoloqa getdiyini gizlədənlərin sayı da azalıb. Amma psixoloji problemlərin azaldığını demək olmaz. Son illər ölkəmizdə də dünyada olduğu kimi psixoloqlara müraciət sayı artmaqdadır.

Oktyabın 10-u isə Ümumdünya Psixi Sağlamlıq Günü olaraq qeyd olunur. Bu gün münasibətilə "Gənc Psixoloqlar" İctimai Birliyinin sədri Orxan Orucla söhbətləşib, psixoloji sağlamlıqla bağlı suallarımıza cavab tapmağa çalışdıq.

- Hazırda dünyada psixi pozuntulardan əziyyət çəkən nə qədər insan var?

- Bu gün dünyada hər 4 nəfərdən biri psixoloji gərginliklərdən əziyyət çəkir. Əgər söhbət psixi pozuntulardan gedirsə, bütün dövlərdə, bütün cəmiyyətlərdə insanların təqribən bir faizi şizofreniya xəstəliyindən əziyyət çəkir. Nə artmır, nə azalmır.

- Psixi pozuntuların ən ağır variantı şizofreniyadır?

- Pik nöqtə bu hesab olunur. Şizofreniyanın da ağır və ya yüngül formaları var. Amma şizofreniya psixoloji gərginliyin o həddidir ki, insanın əmək fəaliyyəti aşağı düşür, ətrafa uyğunlaşa bilmir, özünü cəmiyyətin üzvü kimi hiss etməməyə başlayır. Həmin insan sosial mühit üçün təhlükəli insana çevrilən zaman psixiatrik xəstəxanalara yerləşdirilir. Ancaq psixiatrik xəstəxanada olmayan, şizofreniyadan yüngül formada əziyyət çəkən aramızda yaşayan insanlar da var. Onlar cəmiyyət üçün təhlükəli olmadıqlarına görə xüsusi nəzarət altında saxlanmalarına ehtiyac yoxdur. Əksinə, cəmiyyət içərisində olmaları onlar üçün bir psixoterapiyadır.

- Psixoloji problem və psixoloji pozuntu. Adətən bunlar qarışdırılır...

- Psixoloji problem bir problemdir. Əgər o vaxtında həll olunmursa, üst-üstə gərginlik, stress yaşanırsa, bir gün psixoloji pozuntuya çevrilir. Amma pozuntuya qədər keçdiyi yol psixoloji problemdir. Psixoloji problemi psixoloqla, yaxşı məsləhət verə biləcək dostla söhbət etmək, ətrafında olan insanlarla dərdləşmək, qeybət etməklə özündən uzaqlaşdırmaq mümkün olur. Şizofreniya da daxil olmaqla demək olar ki, bütün psixi pozuntular effektiv müalicə olunduqda həmin şəxslərin cəmiyyətə qayıtma şansı və hüququ var.

- Psixi pozuntu və psixoloji problemləri yaradan əsas səbəb nədir?

- İnsanlar şəhər mühitinə alışdıqca, ünsiyyət azaldıqca psixoloji problemlər də çoxalır. Məsələn, əvvəllər insanlar kənd mühitində, icma şəklində yaşayırdılar. Dərdlərini də bilirdilər, onları dinləyəcək adamlar da məlum idi. Uşaqları tərbiyə etmək üçün də o qədər əziyyət çəkmirdilər. Hətta 7-10 uşaqlı ailələr olurdu. Uşaqların tərbiyəsini icmanın öhdəsinə buraxırdılar. İcma daxilində uşaq öz-özünə tərbiyələnirdi. Amma indi şəhər mühitində ünsiyyət azalıb, aldığımız informasiya çoxalıb. Küçədə addımbaşı gördüyümüz reklam lövhələrindən tutmuş, sosial şəbəkələrdə oxuduğumuz statuslara qədər hamısı informasiyadır. Və yoruluruq. Buna görə də ünsiyyətdən qaçmağa çalışırıq. Amma insanın daxili dünyasını, problemlərini, düşüncələrini kiminləsə danışmaq, bölüşməyə ehtiyacı olur. Əgər o bu ehtiyacı ödəyirsə, müəyyən qədər psixoloji olaraq rahatlaşmış olur. Şəhər mühiti, informasiya zənginliyi buna şərait yaratmır. İnsanlar bir-biriylə danışmağa həvəsli deyillər. Beləliklə də gərginlik insanın daxili aləmində qalır və psixoloji problemə çevrilməyə başlayır. Bizdə psixoloji xidmət ona görə son dövrlər inkişaf etməyə başlayıb ki, biz son illər şəhər mühitini hiss etməyə, şəhər mühitində yaşamağa çalışırıq. Rayonlarda da artıq şəhər mühitini yaratmağa çalışırlar. Əvvəlki ab-hava, əvvəlki mühit qalmayıb. Ona görə psixoloji problemlər də çoxalır. Dünyanın ən inkişaf etmiş ölkələrində psixoloji xidmət də ən inkişaf etmiş səviyyədədir. Demək ki, ehtiyac yarandıqca psixoloji xidmət inkişaf edir. Biz nə qədər özümüzü qınasaq da ki, "psixoloji xidmət niyə bizdə az inkişaf edir", "niyə indiyə qədər inkişaf etməyib" desək də, bu iş bir az öz-özünə tənzimlənir. Demək ki, ehtiyac olmayıb. Son zamanlar ehtiyac yaranır deyə, indi-indi inkişaf edir.

- İndi insanlar bir-birini dinləməyə nəinki meyilli deyillər. Hətta əgər kimsə problemini danışmaq istəyirsə, "dərdini üstümə tökmə" deməyə belə artıq çəkinmirlər...

- Əvvəllər insanlar bir-birlərini ona görə dinləyirdilər ki, informasiyaya ehtiyacları olurdu. Adət-ənənəmizdə qonağa xüsusi hörmətin olmasında insanların informasiyaya olan aclığının da müəyyən bir payı ola bilər. Tanımadığın, yaxud uzaq qohumların yaşadığı yerdən qonaq gəlirdi. Filankəslərdən, yaxud tanımadıqları adamlar barədə belə söhbət gedirdi. İnformasiya alırdılar. İndi məlumat almaq çox sadələşib. İstədiyimiz və hətta istəmədiyimiz qohum-əqrəbanın şəkilləri, uşaqlarının nə iş görməsi, rəhmətə gedəni, nişanlananı, evlənəni, ad gün keçirəni haqda xəbərlər cibimizdəki telefondadır. Artıq kiminləsə ünsiyyət qurub hansısa məlumatları almağa ehtiyac olmur. Fikirləşirik ki, onsuz da o xəbər necə olsa gəlib mənə çatacaq.

- Psixoloji problem və psixi pozuntuların çoxluq təşkil etdiyi hansısa yaş qrupu varmı?

- Psixoloji problemin xüsusi yaş həddini qeyd etmək çətindir. Amma əsasən keçid yaş dövrlərində özünü göstərməyə başlayır. Məsələn, yeniyetməliyə keçid dövrü. Yeniyetmə özünü böyük kimi hiss edir, amma həm də uşaqlıq hissləri onda qalır. Yaxud yaşlı insanlar pensiyaya çıxana yaxın müəyyən psixoloji problemlər yaşaya bilərlər. Bir tərəfdən özlərini yararsız hiss etmə düşüncələri olir. "Artıq bir işə yaramıram" kimi fikirləri baş qaldırır. Amma digər tərəfdən hörmət, "ağsaqqal", "ağbirçək" yaşının gözəlliyini əldə etdiklərini düşünürlər. İki yanaşma arasında qalırlar. Yaxud kimsə evlilik həyatına başlayanda, xanım bir ailədən başqa ailəyə köçəndə psixoloji problemlər yaşaması mümkündür. Ona görə də hansısa yaş qrupunu demək çətindir. Psixi pozuntular da həmçinin. Psixiatrik xəstəxanalarda da hər yaş qrupunda insan var.

- Uşaqlarda bu problem son illər bizdə daha qabarıq olur. Son vaxtlar azyaşlı uşaqların intihar halları çoxalıb. Bu intiharları uşaqların psixoloji problemləri olması ilə əlaqələndirə bilərik?

- Uşaqların intihar etməsi yəqin ki, valideyn-uşaq münasibətlərindəki keyfiyyət dəyişiklikləri, nəsillərarası fərqliliklər, tərbiyə modelinin dəyişilməsi ilə bağlıdır. Əvvəllər valideynlər uşaqların tərbiyəsi ilə o qədər ciddi məşğul olmurdular. Qeyd etdiyim kimi, uşağı icma, ətraf, qohum-əqraba özü tərbiyə edirdi. Uşaq öz yaşıdlarına, özündən bir-iki yaş böyüklərə baxıb öyrənirdi. Mühit onu tərbiyə edirdi. Amma indiki dövrdə şəhər mühiti vaideyndən uşağını tərbiyə etməyi tələb edir. Buna görə bilməyərəkdən, tərbiyələndirmə ilə bağlı maariflənmə səviyyəsinin aşağı olmasından irəli gələrək, valideynlər çoxlu səhvlər edirlər. Uşaqların özlərini təsdiq etməyə ehtiyac hiss etdikləri dövr, yeniyetməlik dövrünün həssas məqamları intihar riskini artırır. Burada mətbuatın da rolu var. Düzdür, uşaq intihar edibsə, bu xəbər ola bilər. Amma bu xəbəri oxuyan azyaşlılar da az deyil. Çünki bu gün sosial şəbəkələrə, internetə çıxış imkanları olan kifayət qədər uşaqlar, yeniyetmələr var. Yaşıdlarının intihar xəbəri oxumaq uşaqlar üçün bu davranışı təkrarlamağa bir siqnal ola bilər. Buna psixologiyada verter effekti deyilir. O model şüuraltında qalır, valideyn onu sıxışdıranda, dostlarının yanında təhqir edəndə intiharın çıxış yolu olduuğunu düşünər.

- Bəlkə uşaqlar həm də psixoloji cəhətdən zəif böyüdülür...

- Bu da ola bilər. Yenə də söhbət valideynlərin məlumatsızlığına gəlib çıxır. Müəyyən bir yaşa qədər uşaq nə istəsə ona verirlər, əzizləyirlər, nazı ilə oynayırlar, nə istəsə alırlar, hara istəsə aparırlar. Müəyyən bir yaşa çatandan sonra başa düşürlər ki, bu formada tərbiyə etmək olmaz, nələrisə qadağan etmək lazımdır. 10 yaşa kimi hər istədiyini edib, ondan sonra nəsə qadağa qoymaq uşağın psixikasında müəyyən gərginliyə səbəb olur. Ona görə valideyn hər şeyi əvvəldən ölçüb-biçməli, körpəlik vaxtından uşağının tərbiyə bünövrəsini düzgün qoymalıdır ki, sonra çətinlik çəkməsin. Bu gün bizdə uşaq psixologiyasının inkişaf səbəbi də bu problemlərdən yaranır. Valideynlər evdə uşaqla yola gedə bilmir, müəyyən bir yaşa çatanda başa düşür ki, uşaqda qeyri-adiliklər, normal olmayan nələrsə var. Artıq psixoloqa aparmağa məcbur olur. Və fikirləşirlər ki, psixoloq sehirli çubuq, yaxud aparatla uşağı tam düzəldəcək. Belə bir şey də yoxdur.

- Psixoloqlar məşhurlaşana qədər daha çox müraciətlər psixiatr həddində olurdu. Bəs indi vəziyyətdə dəyişiklik varmı?

- Psixiatra müraciət etmirlər, adətən xəstəni aparırlar. Əvvəllər problemlər o həddə çatırdi ki, psixiatr müdaxiləsi lazım olurdu. Psixiatriyada dərman müalicəsi aparıldığı, nevropatologiya ilə yaxın olduğuna görə insanlarda olan həkim təsəvvürünə yaxındır. Psixoloqa ona görə müraciət etmirdilər ki, görünən heç nə yox idi. İnsanlarda müalicə deyəndə mütləq dərman qəbul etməli, müayinə aparatlarından keçməli, analiz verməli və s. kimi bir anlayış formalaşmışdı. Psixoloqa müraciətdə bunlar yox idi. Ona görə bizim insanlarda söhbətlə hansısa problemin həll olunacağına, şüuraltı gərginliklərin azalacağına inam az idi. Amma sonradan serialların, kitabların sayəsində bu düşüncə dəyişməyə başladı. Həm də qeyd etdiyim kimi tələbat yarandı. Ünsiyyət azaldıqca insanların dərdini dinləyən kimsə lazım idi. Belə bir məqamda yeni obraz - psixoloq ortaya girir. Dərdi dinləsin, lazım olan çıxış yolunun tapılmasında köməklik göstərsin. Yavaş-yavaş psixoloqa müraciət, psixoterapiyanın özünə müraciət dəb halını almağa başladı. İnsanlarda kütlə nə edrirsə, onu etmək yanaşması var. Əvvəl psixoloqa heç kim müraciət etmirdi deyə, etmək istəyənlər də bu fikirdən çəkinirdilər. İndi eşidirlər, görürlər, psixoloqlar tərəfindən təbliğat gedir, nəzəri psixologiya bir qədər praktik psixologiyaya çevrildi. Beləliklə psixoloqa müraciət də çoxaldı. İndi həm psixoloqa, həm psixiatra müraciət olur. Çox yaxşı haldır ki, hər iki sahənin mütəxəssisləri birgə işləməyə çalışırlar. Artıq psixiatrlar başa düşürlər ki, müəyyən məqamda psixoloq müdaxiləsi lazımdır, həmçinin də psixoloqlar ehtiyac olanda psixiatra yönləndirirlər.

- Psixi problemlər insan sağlamlığı ilə əlaqəli olur. Sağlamlığında problem olduğu üçün psixikasında problem yarananlar çoxdur, yoxsa psixi problem olması səbəbindən səhhətində problem yaradanlar?

- Məncə, bu qarşılıqlıdır. Yumurta-toyuq məsələsinə oxşayır. Sağlam bədəndə sağlam ruh olar. Eyni zamanda sağlam ruhlu insanın bədəninin sağlam olması da sübut olunub. İnsan nə qədər pozitiv düşünürsə, öz xəstəliklərinə, problemlərinə qarşı müsbət yanaşırsa, o qədər çox ruhu sağlam qalır. Nə qədər məntiqlə yanaşsaq da, "əsas daxili aləmdir" desək sə, bizdə insanların görünüşünə fikir vermək var. Amma əksər vaxt vicdanımızla təkbətək qalanda görürük ki, xarici görünüşə də fikir verirsən. Çünki bizim genetik yaddaşımızda belə bir düşüncə var ki, insanların zahiri onun daxilindən, daxili xəstəliklərindən xəbər verir. Hətta əvvəllər türkəçarə ilə çalışan, diplomsuz həkimlər olurdu ki, xəstənin üzünə baxıb problemini bilirdi. Məsələn, gözünün altı qaralıbsa, böyrəyində problem var kimi. Bu həmişə insanlarda olub və dolayısı ilə özünü doğruldub. Doğrudan da insanın daxili aləmi sağlam olanda bu onun üzündə də görünür. Ona görə də evlənmək üçün seçim edəndə daha çox yaraşıqlısını seçirlər, fikirləşirlər ki, nəslimi davam etdirən uşağın atası və ya anası sağlam olmalıdır. Sağlamlıq da gözəllikdə özünü göstərir. İnsan bədəncə nə qədər sağlam olursa, psixologiyası rahat olur. Çəkisi yerində, xəstəliklərdən uzaq olan insanın özünəgüvəni yüksək, həyata baxışı pozitiv olur. Eyni zamanda insanın öz düşüncəsi ilə xərçəng xəstəliyinə qalib gəlməsi ilə bağlı nümunələr də çoxdur. Həkimlər adətən o cür xəstəliklər olduğu halda ilk olaraq psixoloji yardım edirlər. Çünki psixoloji vəziyyətin qaydasında olması çox önəmlidir.

- Bəzən bizim heç aidiyyatı olmadığı düşündüyümüz xəstəliklərdə həkimlər "əsəbləşmək qəti qadağandır" deyirlər. Belə çıxır ki, bütün xəstəliklərdə psixoloji vəziyyət çox vacibdir...

- Vacibdir. Bütün xəstəliklərin bir səbəbi də stressi hesab etmək olar. Əksər xəstəliklərin kökündə stress durur. Stress əgər xəstəlik dövründə davam edirsə, o insanın sağalması yox, ağırlaşmasından söhbət gedə bilər. Bizim dilimizdə belə deyimlər var: "Filankəs ağır söz dedi, heç nə demədim uddum", yaxud "Boğaza yığılmışam", "Əsəbləşdim, amma içimə saldım, birtəhər uddum". İndi-indi alimlər kəşf ediblər ki, gündəlik aşırı davam edən stress insanın mədə-bağırsaq sistemini korlayır. Dədə-babamız illərdir udmaq, içinə salmaq kimi sözlərini ona görə işlədiblər ki, bu kimi məqamlar insanın sağlamlığına, mədə-bağırsaq sisteminə təsir göstərir. Həqiqətən də insanın əsəbini udması onun sağlamlığına təsir edir. Əgər bir insanın sağlamlığında problem varsa, üstəlik də stress yaşayırsa, o xəstəlik daha da ağırlaşa bilər. Stressdən uzaq durmaq isə insanın  müalicəsini daha da tezləşdirir.

- Bu iş şəraitinə, cəmiyyət və ailə münasibətlərinə təsirsiz ötüşmür...

- Birbaşa təsir göstərir. İnsan işdə hansısa sözü belə desək udursa, stressli vəziyyətdə evə gedirsə, evdə yoldaşına, uşağına, qohumuna, ya kiməsə o əsəbini çıxacaq. Hətta belə bir karikatura var. Müdir işdə müavinini, müavin katibəni, katibə özündən aşağı olanı, o da xadiməni danlayır. Xadimə də gedib evdə ərini danlayır, əri də çölə çıxır qarşısına çıxan iti təpiklə vurur, it də gedib onların müdirini dişləyir. Bu cəmiyyətdəki gərginliyin bumeranq olduğunu göstərir. Hamımız insanlarımızın çox aqressiv olmasından şikayətlənirik. Gəlin özümüz tərəfdən düşünək. Ətrafımıza nə qədər pozitiv siqnal ötürə bilirik? Nə isə bir problem olan kimi neqativ emosiyalara qapılmağa meyilliyik. Avropada, inkişaf etmiş ölkələrdə hamı bir-birinə gülümsəyir, pozitiv enerji ötürür.

- Bizdə isə pozitiv insanları o qədər ciddi qəbul etmirlər...

- Bəli, pozitiv insanlara qeyri-ciddi yanaşırlar. Ona görə düşünürəm ki, insanların psixoloji gərginlikləri gündəlik həyatlarına, iş həyatına da təsir edir. Ailədə nə isə gərginlik varsa, iş qabiliyyətinə təsir edəcək. Bu baxımdaın psixi sağlam mühitin olması lazımdır. İstər ailədə, istər işdə psixoloji sağlam mühit yoxdursa, insanın özünü xoşbəxt hiss etməsi üçün şərait yaranmır.

- Ailələrimizdə, kollektivlərdə sağlam psxioloji mühit nə dərəcədə var?

- Sözsüz ki var. Rahatlıq, xoşbəxtlik, sağlam psixoloji mühit olan ailələr var. Amma ailənin üzvü bəzən elə bir işdə çalışır ki, orada pozitivlikdən əsər əlamət qalımır. Bu cür insanların bir qismi isə adətən elə mühitə düşəndə uyğunlaşa bilmirlər. Yaxud ailəsində gərginlik olsa da, işində sağlam mühiti olanlar da var. Ona görə də həmişə işdə oturmaq istəyirlər, gərginlikdən uzaq olacaqlar deyə işə sevinə-sevinə gedirlər. Həm işində, həm ailəsində xoşbəxt olanlar var. Bu ikisinə sahib olanlar həyatın ümumi xoşbəxtliyini görmə ehtimalları daha çoxdur.

- Psixoloji problemi olana yaxşı psixoloq tapmaq bir az çətin olur. İnsanların qarşısına işinin mütəxəssisi olmayan psixoloqlar da çıxır. Onlar problem olan adama hansı ziyanı vurmuş olurlar?

- Bizim bir müəllimimiz varıydı, həmişə deyirdi ki, psixologiya, psixoterapiya, konsultasiyanın birinci prinsipini heç vaxt unutmayın: Sizə psixoloji dəstək üçün müraciət edən insana xeyir verməsəniz də, heç vaxt ziyan da vurmayın. Bəzən deyirlər ki, psixoloqa müraciət etdik, əksinə vəziyyət mənfiyə doğru dəyişdi. Bu tək psixologiya ilə bağlı deyil. Ayaqqabı ustası peşəkar deyilsə, ayaqqabımızı, dərzi geyimimizi pis günə qoya bilər. Psixoloq manevrləri düzgün seçməyəndə, analizi düzgün aparmayanda düzgün psixodiaqnostik metodlardan, psixoloji yanaşmalardan istifadə etməyəndə təbii ki ziyan vura bilər. Ola bilsin ki insanın suisidal fikirləri 15 faizdir, psixoloqun yanlış analizi, düzgün olmayan bir söhbət tərzi bu fikirləri artıra, xeyir əvəzinə ziyan verərr. Konkret nə isə demək çətindir. İnsan əməliyyata sağ ayağını kəsdirmək üçün gəlir, sonda məlum olur ki sol ayağını kəsiblər. Bu da həmin şeydir.

- Bəzən insanlar psixoloq qəbuluna gedəndə psixoloqun işçilərinə aqressiv davrandığını görürlər. Deyirlər ki, psixoloq əsəbləşirsə, mənə nə kömək edəcək? Bizdə psixoloqların əsəbləşməməsi ilə bağlı fikir formalaşıb. Psixoloqlar əsəbləşmirlər?

- Bəzən biz nəyəsə emosional reaksiya verəndə deyirlər ki, psixoloqsan sakit ol. "Psixoloqsan sən bilərsən" sözünü o qədər çox eşidirik ki. Google-də axtarılacaq şeyləri "psixoloqsan sən bilərsən" həddinə gətirirlər. Aidiyyatı olmayan şeyləri "psixoloqsan" deyib üzərimizə qoyurlar. Bu əslində hardasa bizim üzərimizə bir məsuliyyət qoyur. Bu həm də o deməkdir ki, psixoloqlara etimad göstərirlər. Amma psixoloq da əsəbləşə, gərginlik yaşaya, münasibətlərdə gərginlik çəkə bilər. Psixoloqun digər insanlardan fərqi o ola bilər ki, özündə gedən prosesləri, yaxud qarşsındakı insanları təhlil edə bilir. Bunun da çətin və üstün tərəfləri olur. Çətinliyi odur ki, qarşındakı insanın səni aldatdığını bilirsən, amma məcbur olub özünü inanmış kimi aparasan. Yaxud ən doğma insanın belə şüuraltı prosesdə gedən reaksiyaları görəndə istər-istəməz fikirləşirsən ki, axı dilin bunu desə də, şüuraltın tamam başqa bir şey ifadə edir.

- "Psixoloqlar da psixoloqa gedirlər" - deyə bir fikir eşitmişdim...

- Psixoloqun da psixoloqa ehtiyacı olur. Ürək həkimi öz ürəyini əməliyyat edə, bərbər öz saçını kəsə, diş həkimi öz dişini çəkə bilməz. Psixoloq da hər zaman özünə kömək göstərə bilməz. Ola bilsin ki, hansısa profilaktik iş görsün. Məsələn, ürək həkimi bilir ki, hansı hərəkətləri etmək, hansı qidaları yemək ürəyi sağlam saxlayır. Psixoloq da psixi sağlam yaşamaq üçün nələri etmək lazım olduğunu bilir. Amma bu o demək deyil ki psixoloqun nə vaxtsa psixoloqa ehtiyacı olmayacaq. Beynəlxalq standartlarda belə təcrübə var ki, psixoloqların da şəxsi bir psixoloqu olmalı, öz problemlərini həll etmək üçün tez-tez yanında getməlidir. Əgər psixoloq öz problemlərini həll etməyəcəksə, istər-istəməz konsultasiyalarda problemini pasientin üzərinə yükləyə bilər. Yaxud məsələlərə öz mövqeyindən yanaşmağa çalışacaq.

- Siz özünüz psixoloqa gedirsiz?

- Hər birimizin psixoloqumuz var. Bu o demək deyil ki, mütəmadi olaraq hansısa sistemlə psixoloq qəbuluna gedirik. Amma əlimizə düşən fürsətdə oturub dərdləşdiyimiz psixoloq var. Söhbət tam olaraq psixoloji seans səviyyəsində getməyə bilər. Amma dərinlikləri danışıb, digər psixoloqun da rəyini öyrənirsən.

- Psixi problemlərin, pozuntuların müalicəsi tam varmı? Çünki adətən həll olunmadığını görürük...

- Əgər problem psixiatrik səviyyədədirsə, müalicə daha uzun müddət apara bilir. Elə psixiatrik problem var ki, onun müalicəsi illərlə vaxt aparır. Eləsi var ki, o həll olunmur, sadəcə gizli dövrə keçir, ətraf üçün zərərli olmur, münasibətlərdə gərginlik yaratmır. Amma psixi pozuntu daxilində qalır. Sakitləşdirici, sinir sistemini qaydasında saxlayan dərmanların təsiri ilə əvvəlki yaratdığı problemləri yaratmır. Ömür boyu dərmanla yaşayanlar var. Elə psixoloji pozuntular var ki, dərman tətbiqi ilə müəyyən müddətdən sonra keçə bilər. Bu psixi pozuntunun hansı dövründə, hansı dərəcədə müraciət olunmasından asılıdır. Biri var diş çürüməyə başlayanda həkimə gedirsən. Həkim karyesi təmizləyib plomb qoyur və ən azı dişin ömrünü 15-20 il uzadır. Bir də var ki diş tamam çürüyür, ətrafları sınır, bitcə kökü qalır. Bu zaman müalicəsi çətin olur. Ya birdəfəlik dişi çıxardır, ya da mümkün olduğu halda dayaq nə isə taxır, plomb qoyur, kənarlarını düzəldir, qapaq qoyur, bir diş ərsəyə gətirir. Onun da ki ömrü o qədər çox olmur. Eyni şey də psixiatriyaya aiddir. İnsan problemi ilə bağlı vaxtında müraciət edəndə sözsüz ki müalicəsi daha effektli və daha qısa müddətli olur. Tam ağırlaşmış formada müraciət müalicə prosesini çətinləşdirir.

- Psixi sağlam olmaq üçün bizdən nə tələb olunur?

- İnsan ilk olaraq özünü tanımağa çalışmalı, bədii kitablarla, müxtəlif filmlərlə, ünsiyyətdə olmaqla özünü inkişaf etdirməli, aktiv həyat yaşamaqla, idmanla məşğul olmaqla, sosial münasibətləri güclü tutmaqla, bütün məsələlərdə, başına gələn hadisələrdə pozitiv baxışa sahib olmaqla psixi sağlam qala bilər. Bunların əksini etdiksə psixi sağlamlığın təhlükəyə düşmək ehtimalı çoxalır.

Aygün Asimqızı

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.