34 il sonra Şuşada “Son zəng” çalınıb

Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə olaraq "Son zəng" çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun adını qazanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, "Son zəng" tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Elm və Təhsil Nazirliyinin müşaviri Elnur Əliyev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Çıxış edənlər məzunları təbrik edərək onlara uğurlar arzulayıb, gələcəkdə dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün isə fəxarət mənbəyi olmalarını diləyiblər. Ardınca məzunlara attestatlar təqdim olunub.

Qeyd edək ki, Şuşa şəhərində sonuncu dəfə "Son zəng" 1991-ci ildə qeyd olunub. 2024-2025-ci tədris ilində Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 200-ə yaxın şagird təhsil alıb, onlardan 8 nəfəri bu il məzun olub.