İnternetdə əxlaqsızlıq və təhqirə yol verilməməlidir – yeni tənzimləmənin əsas hədəfi
İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanuna edilən dəyişikliklərlə internet informasiya ehtiyatının və onun domen adının sahibi, habelə informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən həmin informasiya ehtiyatında paylaşılması qadağan edilən məlumatların siyahısı genişləndirilmişdir.
Belə ki, qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərin - o cümlədən əxlaqsız ifadələrin səsləndirilməsi, bu məzmunu xatırladan jestlərin edilməsi, eləcə də bədən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsinə dair məlumatların yayılmasına yol verilməməlidir.
Bu dəyişikliklə bağlı bir sıra hüquqi məsələlərə aydınlıq gətirilməsi zərurəti yaranır. Ən çox səsləndirilən və əsas suallardan biri ondan ibarətdir ki, sözügedən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasında, eləcə də beynəlxalq konvensiyalarda təsbit edilmiş fikir və ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilə bilərmi?

Vəkil Hüseyn İsmayılov Day.Az-a açıqlamasında deyib ki, sözügedən dəyişiklik nə Konstitusiyada, nə də beynəlxalq hüquqda təsbit edilmiş fikir və ifadə azadlığının mahiyyətinə ziddir.
"Birincisi, fikir və ifadə azadlığı mütləq və sərhədsiz hüquq hesab edilmir. Bu hüquq cəmiyyətdən, insanlardan və dövlətin mövcud olduğu sosial mühitdən kənarda mövcud ola bilməz. Həm milli hüquq sistemlərində, həm də beynəlxalq konvensiyalarda açıq şəkildə qəbul edilir ki, ifadə azadlığı ictimai qaydanın, ictimai mənəviyyatın, eləcə də başqalarının hüquq və azadlıqlarının qorunması məqsədilə müəyyən hallarda məhdudlaşdırıla bilər. İkincisi, ifadələrin qəbul olunması və qiymətləndirilməsi cəmiyyətə görə dəyişir. Hər hansı davranış və ya ifadə bir ölkədə normal hesab oluna bildiyi halda, digər bir cəmiyyətdə milli-mənəvi dəyərlərə və ictimai əxlaq anlayışına zidd sayıla bilər. Hüquqi tənzimləmə də məhz bu sosial və mədəni reallıqları nəzərə alaraq formalaşır."
Vəkil bildirib ki, hazırkı dəyişiklik internet məkanında açıq-aşkar əxlaqsızlıq, təhqir və cəmiyyətə açıq hörmətsizlik yaradan davranışların qarşısının alınmasına yönəlib.

"Bu isə fikir və ifadə azadlığının məhdudlaşdırılması deyil, azadlığın məsuliyyət prinsipi ilə balanslaşdırılmasıdır. Burada əsas məqam ondan ibarətdir ki, söhbət şəxsin öz fikrini ifadə etməsindən deyil, kütləvi şəkildə yayılan və ictimai məkanda nümayiş etdirilən kontentdən gedir. Yəni bu tənzimləmə fərdin düşüncəsinə müdaxilə etmir, onun cəmiyyət qarşısında daşıdığı məsuliyyəti müəyyənləşdirir. Bu baxımdan sözügedən dəyişiklik həm Konstitusiyanın ruhuna, həm də beynəlxalq hüquqda qəbul olunmuş yanaşmalara uyğundur və internet mühitində sağlam, təhlükəsiz və məsuliyyətli informasiya mühitinin formalaşdırılmasına xidmət edir."
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре