Çernobılda baş verənlər insan şüurunun faciə qarşısında acizliyi idi

1986-cı il 26 aprel tarixində baş verən Çernobıl nüvə qəzası bəşər tarixinin ən ağır texnogen fəlakətlərindən biri kimi yadda qalıb. Hadisənin nəticələri yalnız partlayışla məhdudlaşmayaraq, uzun illər insan sağlamlığına, ətraf mühitə və sosial həyata ciddi təsirlər göstərib. Qəza sonrası ilk saatlarda həyata keçirilən xilasetmə və yanğının söndürülməsi işlərində iştirak edən insanların göstərdiyi fədakarlıq isə bu faciənin ən dramatik və eyni zamanda qəhrəmanlıq dolu səhifələrini təşkil edir. Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması prosesində azərbaycanlılar da yaxından iştirak edib, böyük fədakarlıqlar göstərib. Belə ki, həmin vaxt qəza yerinə 8500 azərbaycanlı cəlb edilib.

Trend Çernobıl hadisəsinin nəticələrinin aradan qaldırılması, zərərçəkənlərin vəziyyəti və onların hüquqlarının təmin olunması istiqamətində görülən tədbirlərlə bağlı "Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənovla müsahibəni təqdim edir.

Partlayış zamanı və ondan sonrakı mərhələdə vəziyyətin qarşısını almaq üçün əvvəlki illərdə nəzərdə tutulmuş heç bir üsul praktikada özünü doğrultmadı

Mirhəsən Həsənovun sözlərinə görə, 1986-cı ilin 26 aprelində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə ilkin olaraq hərbçilər cəlb olunub:

"Partlayışdan sonra yaranan yanğının söndürülməsi üçün hadisə yerinə ilk olaraq yanğınsöndürənlər gəlmişdi. Onlar yanğının söndürülməsi prosesində böyük qəhrəmanlıq və fədakarlıq göstərmişdilər. Nəticə etibarilə istənilən səviyyədə uğur əldə olunmasa da, onların göstərdiyi cəsarət və fədakarlıq danılmazdır. Ümumiyyətlə, partlayış zamanı və ondan sonrakı mərhələdə vəziyyətin qarşısını almaq üçün əvvəlki illərdə nəzərdə tutulmuş heç bir üsul praktikada özünü doğrultmadı. Verilmiş təlimatların heç biri gözlənilən nəticəni vermədi.

Yanğınsöndürənlərdən sonra əraziyə xüsusi robotlar göndərildi. Lakin bu robotlar yüksək radiasiya və istiliyə davam gətirə bilmədiyi üçün qısa müddətdə sıradan çıxdı. Bu səbəbdən insan qüvvəsinin rolu daha da vacib oldu.

Tədbirlər planlı şəkildə deyil, daha çox pərakəndə formada həyata keçirilirdi

Beləliklə, yanğınsöndürənlərdən sonra hadisə yerinə hərbçilər cəlb olundu. Hərbi xidmətdə olan əsgər və zabit heyəti, eləcə də müxtəlif təyinatlı hərbi hissələr həmin əraziyə yönləndirildi. Partlayışın baş verdiyi ərazidə ilkin olaraq görülməli olan tədbirlər planlı şəkildə deyil, daha çox pərakəndə formada həyata keçirilirdi.

İlk növbədə əhalinin evakuasiyası məsələsi həll olunmalı idi. Bildiyiniz kimi, Pripyat şəhəri yeni salınmışdı və burada 50 mindən çox insan məskunlaşmışdı. Həmin ərazidə çalışan işçilər və onların ailələri də daxil olmaqla, geniş əhali kütləsi yaşayırdı. Partlayışdan sonrakı mərhələdə evakuasiya işlərini də məhz hərbçilər həyata keçirdi".

Avropada radiasiya fonunun yüksəlməsi ilə Sovet rəhbərliyi açıqlama verməyə məcbur oldu

O qeyd edib ki, hadisə yerinə cəlb olunanlara əvvəlcədən heç bir məlumat verilməyib:

"Hadisə yerinə cəlb edilən hərbçilər, yəni Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına göndərilən şəxslər - hara getdiklərini və qarşılaşacaqları təhlükəni tam şəkildə bilmirdilər. Ola bilsin ki, zabit heyəti müəyyən qədər məlumatlı idi, lakin əsgərlərin demək olar ki, heç bir məlumatı yox idi. Bildiyiniz kimi, Çernobıl hadisəsi uzun müddət məxfi saxlanılıb və bu gün belə həmin dövrə aid bəzi məqamlar tam açıqlanmayıb.

İllər keçdikcə yeni faktların və gizli qalan məqamların üzə çıxacağı ehtimal olunur. O dövrdə Sovet İttifaqı rəhbərliyi partlayış və onun nəticələri ilə bağlı məlumatları mümkün qədər gizli saxlamağa çalışırdı. Lakin bu mümkün olmadı. Çünki Avropada radiasiya fonunun yüksəlməsi qeydə alındı və xüsusilə İsveç kimi ölkələrdə aparılan ölçmələr nəticəsində baş verən hadisə müəyyənləşdirilərək ictimaiyyətə açıqlandı. Bundan sonra Sovet rəhbərliyi də rəsmi açıqlama verməyə məcbur oldu".

Mirhəsən Həsənov bildirib ki, oraya göndərilənlər səfərbərlik elan edilmədən, konkret göstərişlər əsasında cəlb olunublar:

"Hadisə yerində insanlar müxtəlif işlərə yönləndirilirdi. Əsas məsələ yanğının söndürülməsi idi. Yanğın söndürüldükdən sonra isə əsas diqqət partlayışın episentrinin lokallaşdırılmasına yönəldi. Bildiyiniz kimi, partlayış zamanı ətrafa təxminən 8 ton radioaktiv maddə yayılmışdı. Bu, RBMK tipli atom elektrik stansiyasının konstruktiv çatışmazlıqlarının nəticəsi idi. Qəza baş verdiyi halda bu cür vəziyyətlərin qarşısını almaq üçün sistemlərin avtomatik tənzimlənməsi nəzərdə tutulsa da, praktikada bu mexanizmlər işləmədi. Nəticədə lokallaşdırma prosesi ciddi çətinliklərlə müşayiət olundu. Elm adamlarının illərlə irəli sürdüyü nəzəri yanaşmalardan fərqli olaraq, reallıq tam başqa mənzərə ortaya qoydu. Partlayış zamanı ətrafa yayılan radioaktiv maddələrin bir hissəsi 3-cü blokun üzərinə düşmüşdü və bu blokun da çökmə, hətta yeni partlayış riski mövcud idi.

Bu təhlükənin qarşısını almaq üçün əsgərlər növbəli şəkildə, təxminən üç dəqiqəlik rejimlə dam örtüyünə qalxır və orada toplanmış radioaktiv qalıqları təmizləyirdilər. Bu işə xeyli sayda hərbçi cəlb olunmuşdu. Onlar cəmi bir neçə dəqiqə həmin ərazidə qaldıqdan sonra gün ərzində istirahətə buraxılırdı. Çünki olduqları mühitdə radiasiya səviyyəsi son dərəcə yüksək idi və bu, qısa müddət ərzində belə onların sağlamlığına ciddi təsir göstərirdi".

Həyəcan siqnalı ilə yerimizdən qaldırılıb birbaşa hadisə yerinə göndərildik

Onun sözlərinə görə, əhali köçürüldükdən sonra geri qayıdacaqlarına inanırdılar:

"İnsanlar evlərindən heç nə götürmədən, yalnız əyinlərində olan paltarlarla çıxmışdılar. Onlara qəzanın nəticələri aradan qaldırıldıqdan sonra yenidən evlərinə qayıdacaqları deyilmişdi.

Həmin dövrdə təkcə Ukrayna ərazisindən söhbət getmirdi. Otuz kilometrlik zona Belarus ərazisini də əhatə edirdi. Belarusun bir sıra bölgələri ciddi radioaktiv çirklənməyə məruz qalmışdı. Çünki külək həmin vaxt Belarus istiqamətində əsdiyindən radioaktiv maddələri də həmin ərazilərə yaymışdı. Bütün bu ərazilərin nəzarət altına alınması işlərini də məhz hərbçilər həyata keçirirdi. Əhalinin köçürülməsi mərhələsində qarşılaşdığımız mənzərə bizim üçün gözlənilməz idi. Hadisənin məxfi saxlanılması səbəbindən, əhali kimi bizə də buradan yalnız qısa müddətlik uzaqlaşdırıldığımız deyilmişdi.

Mən o zaman 18 yaşımda idim. Minskdə daxili qoşunlarda hərbi xidmətdə olurdum. Həyəcan siqnalı ilə yerimizdən qaldırılıb birbaşa hadisə yerinə göndərildik. Ora yaxınlaşdıqca yolboyu postlar görürdük. Xüsusi geyimli kimyaçı mütəxəssislər xüsusi cihazlarla nəqliyyat vasitələrini yoxlayır, əraziyə daxil olanları və çıxanları müəyyən prosedurlardan keçirirdilər. Guya xüsusi maddələrlə dezinfeksiya aparılırdı, lakin bu üsullar da özünü doğrultmadı. Görülən tədbirlərin nə dərəcədə effektiv olduğu hələ də sual altındadır. Hər birimizin üzərində dozimetr var idi, lakin həmin cihazlar da dəqiq ölçmə aparmırdı. O dövr üçün ən müasir hesab edilən ölçü cihazı dördüncü blokun ətrafına yerləşdirilmişdi, lakin o da qısa müddətdə sıradan çıxdı. Nəticədə ərazidəki radiasiya səviyyəsini dəqiq müəyyənləşdirmək mümkün olmurdu".

Pəncərəni bağlayın, bura sizin üçün Şuşa deyil

Mirhəsən Həsənov vurğulayıb ki, hadisə yerinə göndərilən əsgərlərə heç bir məlumat verilməyib:

"Biz əraziyə avtobuslarla daxil olduq. Mən pəncərəni açıb bayıra baxmaq istəyəndə zabitlərdən biri "pəncərəni bağlayın, Həsənov, bura sizin üçün Şuşa deyil", - dedi. Yəni, bizə heç bir məlumat verilmir, hara və nə üçün gəldiyimizi bilmirdik. Qəsəbələrin hamısı boşaldılmışdı. Əvvəl elə düşünürdük ki, sakinlər geri qayıdacaqlar. Bizə ilkin olaraq ərazinin qorunması tapşırılmışdı. Çünki insanların evlərinə qayıdacağı ehtimal edilirdi. Partlayış baş verən əraziyə vertolyotlarla qum və müxtəlif maddələrdən ibarət qarışıqlar tökülürdü, lakin bu da istənilən nəticəni vermirdi. Çünki həmin maddələr hədəfə çatmırdı. Ərazidə temperatur o qədər yüksək idi ki, tökülən materiallar təsirini itirirdi".

Qəzanın nəticələrinin aradan qaldırılması prosesinə 650 mindən çox insan cəlb edilib

Mirhəsən Həsənov deyib ki, 1986-cı ilin 26 aprelində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması prosesində mühüm mərhələlərdən biri sarkofaqın inşa edilməsi olub:

 

"Sarkofaqın inşası 30 noyabr tarixinə təsadüf etdi. Bu prosesə ümumilikdə 650 mindən çox insan cəlb olunmuşdu. 14 dekabr isə Sarkofaqın istismara qəbul edildiyi gün kimi "Çernobılçılar" tərəfindən qeyri-rəsmi şəkildə qeyd olunurdu.

Orada olduğumuz müddət ərzində radiasiya haqqında heç bir məlumatımız yox idi. Hər şey məxfi saxlanılırdı. Ərazidə isə çox gözəl meyvələr vardı. Çiyələk demək olar ki, alma boyda idi. Biz elə bilirdik ki, bura dünyanın ən gözəl yerlərindən biridir. Orada sudan və meyvələrdən rahatlıqla istifadə edirdik. Heç kim bunun qadağan olduğunu demirdi. Psixoloji gərginlik və çaxnaşma olmasın deyə bizə heç bir məlumat verilmirdi. Nəticədə isə biz mutasiyaya uğramış meyvələrdən yeyir, sudan isə çəkinmədən içirdik".

Baş verənlər insan şüurunun faciə qarşısında acizliyi idi

Onun sözlərinə görə, əvvəlcə evlər dezinfeksiya edilib, sonra isə torpağı qazaraq dərinliyə baxılıb:

"Məlum oldu ki, beş-altı metr dərinlikdə radiasiya fonu yerin üstündəkindən qat-qat artıqdır. Bilinən heç bir üsul, metod, təlimat işə yaramırdı. Bu baş verənlər insan şüurunun belə bir faciə qarşısında nə qədər aciz qala bildiyinin bariz nümunəsi idi. Qəzanın nəticələrinin aradan qaldırılması prosesi aylarla davam etsə də, bəşəriyyət üçün daha böyük bir faciənin qarşısı alındı. Əgər o vaxt bu addımlar atılmasaydı, nəinki Avropa, hətta Azərbaycan da bu fəlakətdən kənarda qala bilməzdi".

Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında 8500 nəfərdən çox Azərbaycanlı iştirak edib

Mirhəsən Həsənov qeyd edib ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması prosesində iştirak edənlərin ən böyük problemlərindən biri məxfilik məsələsi olub. Onun sözlərinə görə, qəzadan sonra uzun müddət - təxminən dörd il ərzində bu şəxslər faktiki olaraq nəzarətsiz qalıb:

"Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş azərbaycanlıların sayı 8500 nəfərdən çox olub. Bilirsiniz, orada heç kimə nə xüsusi qoruyucu geyim, nə də müvafiq vasitələr verilirdi. Biz adi hərbi geyimdə idik və radiasiyanın birbaşa təsiri altında qalırdıq. Çernobıla gedənlərin çoxu sağlam şəkildə geri qayıda bilmədi. Bir müddət sonra bizdə psixoloji vəziyyət getdikcə gərginləşməyə başladı. Çünki artıq evlərin və əşyaların dağıdılması, yandırılması ilə bağlı əmrlər verilmişdi. Gedənlər geri qayıtmırdı. Gözümüz hər yerdə insan axtarırdı. Artıq anlayırdıq ki, vəziyyət çox ciddidir və bizə deyilənlər həqiqəti əks etdirmir. Bilirdik ki, gedənlər qayıtmayacaqlar. Əhali ətraf kəndlərdən gəlib əşyalarını götürməyə çalışırdı, lakin buna icazə verilmirdi. Biz isə öz-özümüzə sual verirdik: əgər bura insan buraxılmırsa, biz burada qalırıqsa, deməli biz insan deyilik?"

Psixoloji gərginliyə dözməyən əsgərlər özlərinə qəsd edirdilər

Mirhəsən Həsənov oradakı əsgərlərin psixoloji vəziyyəti barədə də danışıb:

"Psixoloji gərginlik o həddə çatmışdı ki, bəzən əsgərlər özlərinə qəsd edirdilər. Neçəsini meşədə asılmış vəziyyətdə tapırdıq. Bir dəfə səhər üzümüzü yuyarkən tacik əsgərlərdən biri üzünə su vurduqda alnının dərisi qopub sallandı. Təsəvvür edirsinizmi? Onu o vəziyyətdə görmək bizim üçün nə demək idi... Onu götürüb apardılar və bir daha geri qayıtmadı. Taleyindən heç vaxt xəbər tutmadıq. Ümumiyyətlə, ayda bir neçə dəfə laborator analizlər götürülürdü. Analizlərdən sonra isə bəzi əsgərlər yoxa çıxırdı. Deyirdilər ki, guya başqa batalyona göndəriliblər. Amma onları kim, hara aparırdı? Başlarına nə gəlirdi? Bu günə qədər də bu sualların cavabı yoxdur".

Oradan sağ çıxmağa ümidimiz yox idi

O bildirib ki, heç kimin o ərazidən sağ çıxacağına, geri qayıdacağına dair ümidi yox idi:

"Sonrakı mərhələlərdə bizə təqvim tipli broşürlər paylanırdı. Orada sanki bizim sonumuzun necə olacağı göstərilirdi. "Ailə qura bilməzsiniz" kimi qeydlər yazılmışdı. Mutasiyaya uğramış fotolar, uşaqların şəkilləri və müxtəlif xəstəliklər barədə məlumatlar verilirdi. Bu isə bizdə psixoloji gərginliyi daha da artırırdı.
Bu materialları kimin hazırladığını bilmirdik. Oradan sağ çıxacağımıza ümidimiz getdikcə azalırdı. Yatanda da, duranda da yalnız ölüm haqqında düşünürdük. Oturduğumuz yerdə belə bəziləri huşunu itirir, özündən gedirdi. O dövrün ən ağır tərəfi təkcə ağır iş şəraiti deyil, həm də bu dərin psixoloji sarsıntı idi.
Oraya cəlb olunanlar arasında azərbaycanlılar, taciklər, özbəklər, Qafqaz xalqları və müsəlmanlar da var idi. Hətta rüsumla oraya göndərilən azərbaycanlılar da olmuşdu. Bəzilərini isə zorla aparmışdılar. Kimsə ağrısından şikayət edəndə tibbi məntəqədə bizə sadəcə bir ovuc tabletka verilir və bir stəkan su ilə içməyə məcbur edilirdik. Dərmanların qəbulu qaydası belə izah olunmurdu. Orada bir il altı ay qaldım. Son aylarda xəstələndim. Məni tərxis etmək istəyirdilər, amma razılaşmadım. Çünki yarımçıq qayıdanlara yaxşı baxılmırdı. Hərbi xidmət müddətim bitənə qədər orada qaldım".

Mirhəsən Həsənovun sözlərinə görə, oradan çıxdıqdan sonra dörd il bu hadisənin gizli saxlanılması səbəbindən çox adam dünyasını dəyişib:

"Biz həkimə müraciət edirdik, amma xəstələr qeydə alınmırdı, "sağlam" kimi yazılırdı. Sonradan biz küçələrə çıxaraq mübarizəyə başladıq. 1990-cı ildə "Azərbaycan Çernobıl İttifaqı" adlı bir təşkilat yaratdıq. Nazirlər Kabinetinə müvafiq layihə təqdim etdik və bu layihə sosial hüquqlarımızla bağlı olaraq qəbul edildi.
1990-cı ildə ikinci layihəni də hazırlayıb təqdim etdik. Biz sağlamlığımıza dəyən ziyanın dövlət tərəfindən tanınmasını və qayğı ilə əhatə olunmasını istəyirdik.

Təsəvvür edin ki, bununla bağlı bir komissiya mövcud idi və Kiyevdə yerləşirdi. Həmin komissiya ildə cəmi bir dəfə toplanır və xəstəliklərə rəy verirdi. 650 mindən çox insan qəzanın nəticələrinin aradan qaldırılması proseslərinə cəlb olunmuşdu, lakin komissiya ildə yalnız bir dəfə toplandığı üçün bir çox insanlar növbədə saxlanılırdı. Bu isə ciddi süründürməçilik yaradırdı".

Prezident İlham Əliyevin "müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi haqqında" Fərmanı Çernobıl əlillərinə də şamil edildi

O qeyd edib ki, Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasında iştirak edən 4 mindən çox azərbaycanlı və onların övladları həyatını itirib. Eyni zamanda, həmin iştirakçıların övladları arasında müxtəlif xəstəliklərdən əziyyət çəkənlər də var:

"Hazırda Azərbaycanda Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması prosesinə cəlb olunan və zərər görən təxminən 3 900 nəfər yaşayır. Onların içərisində birbaşa hadisə episentrində olmuş 2 100-dən çox şəxs də mövcuddur.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı iştirak etmiş şəxslərin və zərərçəkən vətəndaşların statusu və sosial müdafiəsini nəzərdə tutan qanun qəbul edildi və Ulu Öndər tərəfindən imzalandı.

Sonrakı illərdə sosial yönümlü qanunvericilik aktlarında Çernobıl əlilləri üçün xüsusi güzəştlərin tətbiqi də öz həllini tapdı. 2008-ci ildə Prezident İlham Əliyev "müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi haqqında" Fərman imzaladı və bu qərar Çernobıl əlillərinə də şamil olundu. Bu addımlar nəticəsində onların sosial təminatında və həyat şəraitində mühüm müsbət dəyişikliklər baş verdi. Çernobıl faciəsinin nəticələri yalnız iştirakçıların öz həyatı ilə məhdudlaşmadı, onların övladlarında da ciddi sağlamlıq problemləri müşahidə olundu, bəziləri isə həyatını itirdi. Hazırda da həmin ailələrin bir hissəsi bu ağır mirasın təsirini yaşamaqda davam edir".

450 nəfər mənzillə təmin edilib

Mirhəsən Həsənov bildirib ki, indiyədək Prezident İlham Əliyevin müvafiq Fərmanları əsasında 450 nəfər mənzillə təmin edilib:

"Çernobıl əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin böyük hissəsi, təxminən 90 faizi həyata keçirilib. Ümumilikdə, Azərbaycanda Çernobıl əlillərinin hüquqları dövlət tərəfindən qorunur və bu sahədə göstərilən diqqət bir çox postsovet ölkələri ilə müqayisədə daha geniş qiymətləndirilir".