Klubun gələcəyini yalnız transferlərlə deyil, öz yetişdirdiyimiz futbolçularla qurmaq istəyirik - Şahdağ Futbol Klubunun prezidenti

Day.Az Şahdağ Futbol Klubunun prezidenti Samir Xeyirbəyovun Milli.az-a müsahibəsini təqdim edir

Şahdağ futbol klubunu nə vaxtdan idarə edirsiniz və klubun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

Şahdağ futbol klubunu 2025-ci ilin dekabr ayında yeni sahibi kimi təhvil almışam və eyni zamanda klubun prezidenti vəzifəsinə təyin olunmuşam. Bu gün burada Şahdağ futbol klubunun yeni sahibi və prezidenti kimi fəaliyyət göstərmək mənim üçün yalnız bir vəzifə deyil - bu, böyük bir məsuliyyət, eyni zamanda qürur mənbəyidir.

Hal-hazırda komandamız Azərbaycanın Birinci Liqasında 5-ci pillədə qərarlaşıb Açıq deyim - bu mövqe bizi qane etmir. Bu, nə bizim ambisiyamıza, nə də qurmaq istədiyimiz klub modelinə uyğun deyil. Amma biz reallıqdan qaçmırıq. Mövcud vəziyyəti düzgün analiz edib daha güclü şəkildə irəliləyirik. Komandada potensial var və biz bu potensialı daha yüksək nəticələrə çevirmək üçün sistemli şəkildə çalışırıq.

Digər klublarda olduğu kimi bizim də məqsədimiz çox aydındır və dəyişməzdir - Şahdağı Premyer Liqaya çıxarmaq və orada ilk üçlük uğrunda mübarizə aparan komanda qurmaq. Şahdağ adı təsadüfi seçilməyib. Bu ad ucalığı, gücü və məğrurluğu simvolizə edir. Bizim məqsədimiz də məhz bu ada layiq olmaqdır - zirvələri hədəfləyən, mübariz, xarakterli və qalib ruhlu bir komanda qurmaq.

Bu hədəflərə çatmaq üçün hansı konkret addımlar atılır?

İlk növbədə klubda peşəkar idarəetmə sistemi qurulacaq. Komandanın gücləndirilməsi, düzgün transfer siyasəti, məşqçi heyətinin inkişafı və ümumi futbol strategiyasının formalaşdırılması əsas prioritetlərdəndir. Biz emosional qərarlar yox, planlı və düşünülmüş addımlar atacağıq Yeni mövsimdə klub daxilində artıq ciddi struktur dəyişiklikləri həyata keçiriləcək,transfer siyasəti daha sərt və selektiv olacaq. Formanı daşıyan hər kəs məsuliyyətini dərk etməlidir. Bu klubda ad yox, nəticə danışacaq. Kim bu tempə uyğunlaşa bilmirsə, bu sistemdə yeri olmayacaq.

Stadionun vəziyyəti ilə bağlı son durum nədir?

 

Hazırda Şahdağ klubunun stadionu əsaslı təmirdədir və stadion İdman və Gənclər Nazirliyinin balansındadır. Aprelin 23-də İdman və Gənclər  Naziri cənab Fərid Qayıbov və Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov  stadionda ümumi vəziyyətlə tanış oldular. Nazir layihədə müəyyən dəyişikliklərin edilməsi və işlərin sürətləndirilməsi üçün tapşırıqlar verdi. Məlumata görə, 2026-cı ilin avqust ayında layihələndirmə işləri tamamlanacaq və təmir işlərinin 2027-ci ilin avqust ayında yekunlaşması planlaşdırılır. Biz bu prosesi yaxından izləyirik. Çünki müasir infrastruktura malik stadion bizim gələcək planlarımızın vacib hissəsidir.

Uşaq futbolu və gələcək planlar barədə nə deyə bilərsiniz?

Mənim üçün ən vacib istiqamətlərdən biri məhz uşaq futbolunun inkişafıdır. Biz Şahdağ klubunun gələcəyini yalnız transferlərlə deyil, öz yetişdirdiyimiz futbolçularla qurmaq istəyirik. Bu məqsədlə Qusar rayonunda müasir standartlara cavab verən futbol akademiyasının yaradılması planlaşdırılır. Bu akademiya təkcə Şahdağ üçün deyil, ümumilikdə region futbolunun inkişafı üçün mühüm rol oynayacaq.  Bu, Şahdağın gələcəyinə qoyulan ən böyük investisiyadır. Biz istəyirik ki, sabah bu klubun əsas heyətində oynayan futbolçular məhz Azərbaycan torpaqlarından yetişsin. Məqsədimiz regiondan istedadları üzə çıxarmaq, onları yetişdirmək və Azərbaycan futboluna yeni nəsil qazandırmaqdır.

 Klubun maliyyə və idarəetmə modeli ilə bağlı hansı yeniliklər planlaşdırılır?

Biz Şahdağın taleyinin yalnız bir şəxsdən və ya bir şirkətdən asılı olmasını istəmirik. Biz istəyirik ki, Şahdağ bir regionun, bir bölgənin ,bir sözlə hər bir şahdağ sevərin klubu olsun. Bu istiqamətdə artıq konkret addımlar atırıq. Hazırda futbolun inkişaf fondu ilə birgə bir sıra layihələr üzərində işləyirik və bu layihələrə 2026-cı ilin may ayında start veriləcək. Məqsədimiz Şahdağsevərləri, azarkeşləri və klubumuza dəstək vermək istəyən hər kəsi bu prosesə cəlb etməkdir. Bu layihələr vasitəsilə azarkeşlər,şahdağsevərlər,iş adamları və ictimayət nümayəndələri  klubun büdcəsinin formalaşmasında iştirak edə biləcəklər. Bu, həm məsuliyyəti bölüşmək,həm klubda gedən proseslərdə yaxından iştirak etmək, həm də klubu daha da güclü etmək deməkdir.

 Azarkeşlərə son mesajınız?

Biz sizə sadəcə söz vermirik, məsuliyyət götürürük. Şahdağ artıq dəyişir. Daha sərt, daha güclü və daha iddialı bir klub qururuq. Mən söz verirəm: Şahdağ yaxın illərdə daha sərt, daha güclü və daha iddialı komanda kimi tanınacaq.Bu yol çətin olacaq, amma nəticə böyük olacaq.