Restoranda menyu verilməməsi istehlakçı hüququnun

Regionlarda bəzi restoranlarda menyu verilməməsi məsələsi gündəmə gəlib. 

Day.Az-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib ki, bu məsələ sadə görünsə də əslində istehlakçı hüquqları, xidmət mədəniyyəti və turizm imici baxımından çox vacibdir.

O, qeyd edib ki, yol kənarında, rayonlara gedən istiqamətlərdə və açıq havada fəaliyyət göstərən restoran və kafelərdə menyunun olmaması düzgün praktika deyil.

"Əgər obyekt ictimai iaşə xidməti göstərirsə, orada müştəriyə təqdim olunan məhsullar, yeməklər, içkilər və xidmətlər barədə əvvəlcədən aydın məlumat verilməlidir.

Qanunvericiliyin məntiqi ondan ibarətdir ki, istehlakçı sifariş verməzdən əvvəl nə aldığını, hansı qiymətə aldığını, porsiyanın həcmini və mümkün olduqda yeməyin əsas tərkibini bilməlidir. Yəni qiymətin yalnız şifahi deyilməsi kifayət etmir. Bu gün çayın qiyməti bir cür deyilir, hesab gələndə başqa məbləğ yazılırsa, artıq burada mübahisə üçün zəmin yaranır. Menyu təkcə böyük restoranlar üçün deyil. Çeşid azdırsa, bu, menyunun olmamasına əsas vermir. Əksinə, çeşid azdırsa, sadə bir qiymət cədvəli və ya bir səhifəlik menyu hazırlamaq daha asandır.

Burada əsas məsələ menyunun bahalı dizaynda olması deyil. Menyu sadə, aydın və oxunaqlı ola bilər. Əsas odur ki, orada təqdim olunan məhsulun adı, qiyməti, miqdarı və zəruri hallarda tərkibi göstərilsin. Məsələn, çay dəsti, toyuq kababı, lülə kabab, salat, çörək, su, servis haqqı varsa onun məbləği - bütün bunlar əvvəlcədən müştəriyə bəlli olmalıdır. Müştəri sifariş verdikdən sonra əlavə və gizli ödənişlərin çıxması doğru yanaşma deyil", - o bildirib.

S.Dübəndi vurğulayıb ki, bu hal xüsusilə daxili turizm və xarici turistlərin ölkə haqqında təəssüratı baxımından həssasdır:

"İnsan yolda dayanır, ailəsi ilə yemək yeyir və sonda hesabda gözləmədiyi məbləğlə qarşılaşırsa, o artıq yalnız bir restorandan deyil, bütövlükdə xidmət mədəniyyətindən narazı qalır. Bu isə turizm sektoruna zərər verir. Şəffaf qiymət həm müştərini qoruyur, həm də sahibkarın özünü əsassız mübahisələrdən sığortalayır.

Menyu və ya qiymət cədvəli hər bir ictimai iaşə obyektində olmalıdır. Bu, təkcə hüquqi tələb deyil, həm də peşəkar xidmət standartıdır. Sahibkarlar bunu əlavə yük kimi yox, etimad aləti kimi görməlidirlər. Müştəri əvvəlcədən məlumatlı seçim edirsə, sonradan narazılıq azalır, obyektin reputasiyası güclənir və bazarda sağlam rəqabət formalaşır. Kiçik obyektlər üçün də çıxış yolu çox sadədir: gündəlik menyu, qiymət lövhəsi və ya təsdiqlənmiş çeşid siyahısı. Əsas prinsip budur: müştəri sifariş verməzdən əvvəl qiyməti və şərtləri bilməlidir", - o deyib.

Nəsimi Ələsgərli