Bakıda keçirilən yarmarkada saxta bal? - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

"Bizim Yol" əməkdaşı paytaxta start götürən bal yarmarkasında gördüklərini yazır.


Oktyabrın 1-dən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi paytaxtda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına start verib.

"Bizim Yol" qəzetinin əməkdaşı sərgidən reportaj hazırlayıb. Əslində, xalis balı tanımaq üçün müxtəlif üsullar olduğu deyilir. Sərgiyə getmədən əvvəl mən internetdə kiçik bir axtarış verib bu sirlərlə tanış olmağa çalışdım. Məlum oldu ki, bal qaşıqdan qırıla-qırıla süzülürsə, demək ki, onun tərkibində şəkər tozu və ya digər qatqılar var, xalis bal isə qırılmır. Ya da bir qədər balı qəzet parçasının üzərində yarım saat saxlamaq lazımdır, əgər tərkibində su varsa qəzetin o biri üzündən vurub çıxacaq. Deyirlər ki, xalis bal boğazı yandırır. Bir də bal arının şirəsini çəkdiyi bitkinin iyini verməlidir. Lakin dad bir olur, əgər fərqli dadlar verirsə, deməli əlavə qatqılar var. Balın keyfiyyətini hətta yodla, çörəklə, su ilə də yoxlayırlar.

Məni ilk qarşılayan Daşkəsənin Kəmərbəyi kəndindən Rövşən oldu. Çiçək, cökə, beçə, may ballarını mənə daddırdı. Heç biri boğazımı yandırmadı. Amma dişimi sızıldatdı. Fikirləşdim, yəqin tərkibindəki şəkərin çoxluğundandır. Çiçək balı da bir neçə fərqli ətir verdi. Təbii ki, bir dəfə internetdə oxumaqla bal mütəxəssisi olmaq mümkün deyil. Amma daim yaxşı bal istifadə etdiyimiz üçün ən azından balın tərkibində şəkər dadını hiss etməyim normaldır. Rövşən isə bunu balın müxtəlif çiçəklərdən çəkilməsi ilə izah etdi. Ürəyin dərmanı cökə balının bir qədər acı olduğunu dedi. Təsərrüfatı barədə də məlumat verdi. Kənddə özünün 62 arı ailəsi var. 3 yaylaqda olurlar - Dəstafur, Xoşbulaq və Toğanada arıları bitkilərdən bal çəkməyə götürürlər. Cökə, kəklikotu, sarıçiçək və gülxətmi çiçəklərinin Daşkəsən tərəflərdə daha çox olduğu səbəbindən arılar da əsasən həmin bitkilərdən bal düzəldir. Yerinə görə də balın dadı dəyişir. Dəstəfurdan olan bal bir az acı tam verir. Toğana tərəfdə isə məhsul daha dadlıdır. Çərçivədəki balı da necə süzdüklərinin texnologiyasını mənə danışdı. Bir az quraqlıq olduğundan bu il qiymətin bahalandığını dedi. Kilosu 20 manatdır, amma 17, hətta 15 manata da razılaşa biləcəyini bildirdi. Yarmarkada adam azlığını satıcı ayrılan vaxtın çoxluğu ilə əlaqələndirdi. Dedi ki, camaat arxayındır. Bir də həftəarası yox, həftəsonu maraq çox olacaq. Yer də yeni olduğundan camaat axtarmağa tənbəllik edir. Bununla yanaşı ehtimal etdi ki, yəqin çoxları hələ maaş almayıb. Bazara 350 kilo bal gətirib, məhsulun 20 kilosunu elə birinci gün satıb. O, arıxananın baytarlıq-sanitariya pasportunu və laborator analizlərin cavabını da mənə göstərdi. Balı həm Göygöl rayonunda, həm də Bakıda laborator analizdən keçirib, sertifikat alıb. Soruşdum, "arıya şəkər tozu verirsinizmi", bunu danmadı. İzah etdi ki, qış mövsümündə aprel ayına qədər arılar aclıqdan qırılmasınlar deyə onlara 1-2 kilo şəkər verilir. Kim desə ki, qışda bunu etmir, onda yalan söyləmiş olacaq. Yaz, yay aylarında isə arıya şəkər versəniz də, o çiçəyi qoyub ona yaxın düşməz. Qışda yaxşı yemlənmədiyindən may balı az olur, payızda bal çoxalır. Yazda 30 kilo bal götürürlərsə, payızda həcm 4-5 dəfə artır.
"Ölkədə cəmi bir ay satmağa yararlı bal var"

Tərkibində su olub-olmadığını yoxlamaq üçün qəzet parçasının üzərində "eksperiment" apardıq, amma bal saf çıxdı. Balın duruluğunu onun təzəliyi ilə izah etdi. Xarlamış, köhnə balın yaxşı olduğunu deyirlər. O, keçənilki balı da mənə daddırdı. Bizə Rusiyadan xarlamış bal gətirmişdilər, onun dadı bambaşqa idi. Son dövrlər yediyim ən dadlı bal da o olub. Bu isə piy kimi idi, dadı da xoşuma gəlmədi. Beləsinin içinə lap ağ şokolad da qatmaq olar.

Zaqataladan Şaban dayı məsləhət gördü ki, balı dərimə sürtüm, 20 dəqiqə ərzində dəriyə hopacaqsa deməli xalisdir. Hər iki satıcının verdiyi baldan biləyimə sürtdüm. Xarlamış balı da zorla əlimə sürtdürdü. İzahat verdi ki, bədən temperaturunda bu bal əriməlidir. O da arıçıdır, 150 arı ailəsinə qulluq edir. Təbiətinə görə Zaqatala, Qax balının ən yaxşı olduğunu dedi. Arını dağlıq zonalara da aparırlar. Arıçı alıcı qıtlığından şikayətləndi. Şaban dayı maraqlı bir açıqlama verdi. Dedi ki, xalis balı necə ayırd etməyin sirrini çözüb. Sirri mənə açmadı. Əgər mətbuatda onu camaata öyrətsə, onda respublikada cəmi bir ay satmağa yararlı bal olduğunu hər kəs biləcəkmiş. O zaman saxta ballar kənarda qalacaq. Soruşdum "bazarda beləsi var", dedi ki, "əlbəttə, olmamış olmaz". Amma sirri açmadı, "öləndə özümlə qəbrə aparacam", dedi. 20 dəqiqə keçəndən sonra iki bala müsbət qiymət verdi. Əlimin üstündə əriməyən xarlamış balın isə "ni to" olduğunu söylədi. Şaban dayının satdığı balın içindən qarışqa çıxdı. O, bunu dansa da,bu dəfə qonşusu onu "satdı", "xalis" qarışqa olduğunu dedi. Əvvəlcə balı mənə qoxulatdı, daha sonra qaşıqda süzdü. Balın "qırıldığı"nı dedim, o isə qırılmayan balın qatışığı olduğunu söylədi. Qiymət onda 20 manat idi, sadəcə 2 manat endirim edə biləcəyini dedi. Arı məhsulu propolisin kiçik bir bankası isə 10 manat idi. Ümumiyyətlə, arı məhsulları yarmarkasında satışda əsasən bal idi. Arıçılar artıq arı südünün satılmadığını dedilər. Çünki arının südünün alınması onu məhv edirmiş. Müsahibimin sözlərinə görə, sərgidə 525 arıçı iştirak edir. "Arıçı" deyirəm, amma yarmarkada alverçilər də çoxdur. Lakin mən alverçinin necə olduğunu bilmədiyimdən yoldaşlarının dediklərinə istinadən bunları söyləyirəm. Məlum oldu ki, laborator analizləri qaneedici olmadığından 35 arıçını yarmarkaya buraxmayıblar. Söhbət etdiyim satıcılar əvvəlki illər məhsulun indikindən iki dəfə çox, alıcılıq qabiliyyətinin də yüksək olduğunu söyləyirdilər. İndiki bazar onları qane etməmişdi. Son 5-7 ildə yarmarkada iştirak edənlər keçən ilki satışdan daha çox razı qalıblar.

Bal seçəndə əsas ağız dadınıza güvənin

Dadını deyə bilmərəm, bazarda satılan balın hamısının iyi eyni idi. Ən azından mənim dadbilmə orqanlarım bunu deyir. O ki qaldı xalis balı saxta baldan ayırd etməyə, fikrimcə yuxarıda sadalananlar o qədər də özünü doğrultmur. Mən müşahidə apardığım bütün piştaxtalarda ilk olaraq bildiyim üsulları göstərmələrini istəyirdim. Nəticələr eynən internetdə yazıldığı kimi idi. Bəs onda saxta balı kim satır? Mən iddia etmirəm ki, yarmarkada saxta bal var. Amma satıcılar bir ağızdan xəbərdar edirdilər ki, ehtiyatlı olum, aldanmayım. Ümumiyyətlə, laborator nəticələrdə diastazanın həcmi balın keyfiyyətini sübut edən ən vacib göstəricidir. Diastazanın minimal həcmi 5 faiz götürülür. Bazarda isə bu göstərici 14 faizə qədər idi. Bu yarmarkada digərlərindən fərqli satıcılar bir-birinin müştərisini gözünün önündəcə "oğurlayır"dı. Növbəti piştaxtaların birində də artıq bəlkə də 150-ci qram balı yoxlayırdım ki, qonşu stoldan Xaliq mənə işarə etdi ki, balı biləyimdən bir qədər yuxarıya sürtüb ovuşdurum. Yəni saxta bal olsa dəriyə hopmayacaq. Belə də elədim. Bunu artıq bir neçə yerdə təcrübədən keçirmişdim, yenə nəticə eyni idi, hamısı dəriyə hopurdu.

Xaliq də satdığı balın xalis olduğunu göstərmək üçün əvvəlcə mənim təqdim etdiyim kağız parçasına bal sürtdü. Bir müddət sonra kağızın o biri üzünü göstərdi, sadəcə balın öz ləkəsi idi. Bundan sonra da onu kibritlə yandırdı, kağız yandı, bal isə yox. Dedi ki, əgər tərkibində şəkər olsaydı, bal mütləq yanacaqdı. Qonşusu isə onu haqsız çıxartdı, "bu cür sınaqlara inanmayın, hamısı cəfəngiyyatdır, bal benzin deyil ki, yansın", dedi. Qeyd edim ki, bütün "sınaqlar" eyni nəticə verdiyindən mənim iki yolum qalırdı: ağız dadıma və satıcıya güvənmək. Mən elə belə də elədim, Gədəbəydən Xaliqə güvəndim və ondan cökə ilə çiçək qarışığından 1 kilo bal aldım. Evdə dadına irad tutmasalar da içindən düz 2 qarışqa çıxdı. Demişəm axı, mən bazarlıq etməyi bacarmıram.

Bir də özüm üçün kəşf etdiyim bir məqam vardı. Adətən biz parfüm seçdiyimiz zaman 3-cüdən sonrakını qoxulamaq məsləhət deyil. Çünki artıq yeni qoxunu anlamaq mümkün olmur. Onun üçün adətən dükanlarda tünd qəhvə qoxulamağı təklif edirlər. Yarmarkada 3-cü cəhddən sonra mən artıq dadbilmə duyğumu itirdim. Tamına baxdığım bütün məhsullar demək olar eyni dadı verməyə başladı. Hər halda bu mənim müşahidəmdir.

Yarmarkaya buraxılmayanlar müştəriləri aldatmağa çalışırlar

Əvvəlki illər nazirlik bal yarmarkasında qiymətləri tənzimlədiyi halda bu ildən qiymətləri sərbəst buraxıb. Bazarda balın kilosunun 15-30 manat arasında olduğunu deyirlər, amma mən 30 manata olanını görmədim. Görməyim də mümkünsüz idi. Çünki satan alandan çox idi. Alıcı kimi mənim də seçimim yoxdu, satıcılar özləri məni seçirdilər. Qarşıma çıxan hər kəs xahiş edirdi ki, satdığı balın dadına baxım. Mən də onların xətrinə dəymirdim. Amma hər birini də xəbərdar edirdim ki, halım xarab olsa dərhal təcili yardım çağırsınlar. Çünki bal yeməkdən birtəhər olmuşdum. Əslində balı çox sevirəm. Amma onun insan üçün bu qədər işgəncəyə çevriləcəyini bilməzdim. Arıçı Niyaməddin də iş-gücünü atıb məni müşayiət edirdi. Bilmirəm, mənim simamda potensial alıcını tanımışdı, yoxsa bu cavan kənd oğlanına suallarım maraqlı gəlirdi, hər halda sona qədər mənə "cangüdənlik" elədi. 18 yaşlı Mirdaməd də ara-sıra işini buraxıb mənim yanıma gəlirdi ki, görsün bal almışam, ya yox. Bərk-bərk tapşırmışdı ki, məhsulu ondan alım ki, məni aldatmasınlar.

O ki qaldı yarmarkada iştiraka görə arıçıların etdiyi ödənişə, piştaxta dediyimiz standart kiçik stollardan ibarət olsa da, nədənsə qiymətlərində fərq vardı, 82 manatdan tutmuş 300 manata qədər. Satıcılara tətbiq olunan bu fərqin səbəbini anlamadım. Söhbət etdiklərimdən ödəniş qəbzinin olub-olmadığı ilə maraqlandım, verilmədiyini dedilər.

Biz bayıra çıxanda içəridən cavan bir oğlan arxamızca gəldi, maşında yaxşı bal olduğunu dedi, xahiş elədi ki, baxaq. Belə anladım ki, o, məhsulu yarmarkaya buraxılmayanlardır. Rüfət "Jiquli"nin yük yerini açıb məcburən bir neçə balı mənə daddırdı. Birinci bankadan yediyim tam kəklikotu dadı verirdi. Elə bil ki, bala kəklikotu qatışdırılmışdı. Bazarda xeyli bal dadmışdım, beləsini görməmişdim. Bu məhsulu arının yaratdığına şübhə etdim, burada mütləq insan "zəhməti" də vardı. 2 kiloya 20 manat istədi. Dedim, artıq almışam, təşəkkür elədim. Rüfət isə əl çəkmirdi. Zorla mənə üçüncü qaşığı öz əli ilə yedirtdi. Amma xeyri olmadı, mən qərarımı vermişdim, əlamətlərindən yaxşı bal saymadığım üçün almayacaqdım. Rüfət naəlac qalıb "heç olmasa birinə 5 manat verin", dedi. Artıq satdığı balın xalis olduğuna inamım tamam itdi. Onun arıçı olduğuna da şübhə elədim.

Böyütmək üçün şəkillərə klikləyin: